Tikinti şirkətlərinə mənzil satışı qadağan edilə bilər

Tikinti şirkətlərinə mənzil satışı qadağan edilə bilər
  30 Sentyabr 2015    Oxunub:2776
Azərbaycanda məişət qaz qurğularına tələblər artırılır.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında “Qaz təchizatı haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Qanunun 4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələbinə cavab verməlidir.

İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qazpaylayıcının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən və sertifikat verildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə və sertifikatın verilməsinə görə ödəniş tələb oluna bilməz.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

“Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilərkən deputat Qüdrət Həsənquliyev bildirib ki, payız gəlir və yenə də yeni tikilmiş hündürmərtəbəli binalarda yaşayan vətəndaşlar bu ili qaz olmadan keçirəcək. Deputat bildirib ki, elektrik enerjisindən həddindən artıq istifadə həddindən artıq yükləmələr isə digər problemlər yaradır:

“Dövlət Neft Şirkəti bildirir ki, bina təhvil verilirsə qazla təmin edilə bilər. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışıq. Dövlət məsuliyyəti vətəndaşın üzərinə qoyur ki, gedin tikinti şirkətinin rəhbərinə təzyiq edin ki, binanı vaxtında təhsil versin, olmasa məhkəməyə verin. Məhkəmələr isə illərlə davam edir. Bir çox hallarda bilirik ki, binaların dələduz rəhbərləri bir mənzili bir neçəsinə satır. İnsanlarımız da böyük əziyyətlə üz-üzə qalır.

Bu məsələnin çox sadə həlli var. Qanunvericiliyə kiçik düzəlişlə dəyişiklik edilə ki, bina dövlət istismarına qəbul edildikdən sonra tikinti şirkəti yalnız notarial qaydada mənzil satışı həyata keçirə bilər. Bununla da bu problemi həll edə bilər. Biz tikinti şirkətlərinə mənzil satışını qadağan edək. Qoy onlar notarial qayda da bunu həyata keçirsin. Hesab edirəm ki, bununla bağlı Milli Məclis olaraq qanunvericiliyə dəyişiklik edə bilərik”.

Spiker Oqtay Əsədov deputatın çıxışına cavab olaraq bildirib ki, bu məsələ dəfələrlə müzakirə edilib. Spiker qeyd edib ki, Nazirlər Kabinetinin qərarları var və o qərarlara riayət edilməlidir ki, mənzil təhvil verilməmiş ora köçməsinlər.

“Qaz ağır məsələdir, qaz təhvil verilməmiş binaya köçmək olmaz. İnsanlar özləri müqavilə bağlayır və burada bu məsələlər öz əksini tapır. Bunun üçün qanun çıxartmaq lazım deyil”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti