...Və il axır...

  30 Yanvar 2013    Oxunub : 1211
...Və il axır...
Vüsalə Məmmədova

İlə yaman sərməst girdik. 40 illik tünd ümidlərlə... 30 illik sərt arzularla elə kefləndik ki...
İlin də yeni olanı hələ ki bircə içindəki 3 rəqəmidir...
Qalan hər şey əvvəlki kimidir:
Yollar: krediti bitməyən maşınlarla tıxılı...
Televizya: “Eurovision”a göndərməyə namizəd axtarır...
Sərhəddə: atəşkəs davam edir...
Facebook-da: “Əsgər ölümünə son!” deyilir...
Xəbərlərdə: Azərbaycanın hava məkanını pozan təyyarələr vurulacaq...
Və sair.... və ilaxır...
Və il axır! Axıb gedir...
Offf 2013, sən necə də 2012-yə oxşayırsan...
İlin ilk sınağından keçdik. Ağır mərasim hesab olunan 20 yanvarı qeyd etdik. Bu asandır, belə məclisləri qeyd etməkdə tayımız-bərabərimiz yoxdu... 22 illik təcrübəmizin üstünə bir il də gəlib 23 etdi.
İndi sevişmə zamanı, çünki qarşıda 14 fevral var...
Onu da tez-tələsik yola vermək lazımdır ki, ardınca hamımız xocalılı ola bilək... hamımız, bir nəfər kimi...
Necə deyirdi Remarkın qəhrəmanı? “Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur! Əsl faciənin ömrü qısa olsun gərək!”
Bizdə isə qısa olan sevinclərimiz, uğurlarımızdı... Facilərimizin ömrü uzundu... Hətta Remarkın hesab etdiyindən də uzun...
Biz hələ fevral faciəsini də tez yola verməliyik ki, martın 1-dən qoz, fındıq, yumurta əhvalına köklənək!
Yenə də cücərən səmənimiz olacaq. Çünki ümidlərimiz elə cücərdiyi yerdə donub neçə ildir...
Arzularımız doğulduğu yerdə buz başlayıb...
Əlbəttə... Arzu da faciə kimi 20 il davam edəndə təkcə komediyaya çevrilmir, həm də buz bağlayır...
...Faciələrimiz komediyaya çevrildikcə gülməkdən... kimimiz gülməkdən, kimimiz isə gülməməkdən gülünc günə düşürük...

Teqlər: