Müxalifət iqtidardan qorxur - Boykot qərarına etirazlar

Müxalifət iqtidardan qorxur - Boykot qərarına etirazlar
  21 Sentyabr 2015    Oxunub:4602
Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi tarix yaxınlaşdıqca müxalifətin radikal qanadını təmsil edən siyasi partiyalar seçki yarışına yox, sanki seçkiləri kim daha “yaxşı” bəyanatla boykot edər yarışına giriblər. Hətta, məsələ ətrafında siyasi şou yaratdıqlarını da desək yanılmarıq.
“Seçkilərdə iştirakla bağlı yekun qərar yaxın günlərdə açıqlanacaq”,- deyə-deyə əksər radikal müxalifət partiyaları məhz Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamədən sonra seçkidə iştirakdan imtina ilə bağlı qərar qəbul edib.

Qətnamənin qəbul olunduğu gün Milli Şura seçkidən imtina qərarı verdi. Ardınca Azərbaycan Demokrat Partiyası eyni addımı atdı. “Azadlıq 2015” seçki blokunda təmsil olunan partiyalar da seçkidə iştirakdan imtina ilə bağlı qərarı müzakirə ediblər.

Seçkidə iştirakdan imtina edən və ya bu yolda olan partiyalar özləri də açıq şəkildə seçkidən imtinaya səbəb kimi Azərbaycan-Qərb münasibətlərinin korlanmasını, daha doğrusu Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnaməni göstərirlər.

Açığı Azərbaycanla hər hansı xarici qüvvənin arasında yaranan münasibətin müxalifətin seçkiyə qatılmasına təsiri başa düşmək bir qədər çətindir. Elə müxalifətin Milli Məclisdə təmsil olunan kəsimi də bu qərarı düzgün hesab etmir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı boykot qərarının düzgün olmadığını, bunu edənlərin düşmən dəyirmanına su tökənlər olduğunu və seçkilərdə iştirakın vacib olduğunu qeyd edib: “Ölkə daxilində Azərbaycana qarşı təzyiq edən qüvvələri dəstəkləyənlər var. Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə necə sevinmək olar? Müxalifətin müəyyən qanadları Azərbaycana sanksiya tətbiq olunmasını arzu edir. Bu, xəstə psixologiya, antimilli düşüncədir.

Hesab edirəm ki, indiki prosesdə bunları nəzərə alaraq, sabitliyin qorunması, normal seçkilərin keçirilməsi, dialoqun qurulması, hakimiyyət-müxalifət münasibətlərinin sabitləşməsinə çalışmaq lazımdır. Ölkənin, xalqın taleyi ortaya qoyulanda istər-istəməz hamı bir olacaq və kənarda dayananlar qınanacaq”.

Deputat fikrinə əlavə edib ki, siyasi mövqeyindən aslı olmayaraq, Avropanın, bizi istəməyən qüvvələrin dəyirmanına su tökmək insanlığa sığan hərəkət deyil.

“Azərbaycanın möhkəmlənməsinə, seçkilərin normal keçməsinə çalışmaq lazımdır və əlbəttə ki, bu istək müxalifətlə yanaşı, iqtidarda da olmalıdır”.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, seçkidən imtina qərarına görə, həmin partiyaların özləri məsuliyyət daşıyır: “Azərbaycan müstəqil dövlətdir və üzvü olmadığı qurumun ölkəmizin siyasi həyatına təsir etmə cəhdlərini düzgün hesab etmirəm. Bununla belə siyasi partiyaların əsas işi seçkilərdə iştirak və bu vasitə ilə siyasi həyatda öz sözünü, mövqeyini ifadə etməkdən ibarətdir. Kim nə qərar versə, məsuliyyətini özü daşıyır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, verilən boykot qərarı ilə həmin partiyalar məqsədyönlü şəkildə xarici dairələrin maraqlarına oynamağa cəhd göstərirlər, çünki ölkədə onların dayaqlarının olmadığını əminliklə bilirlər.

E. Mirzəbəyli radikal müxalifətin boykot qərarının səbəblərini də açıqlayıb: “Birinci, onların seçkilərdə uğur qazanmayacaqlarını əvvəlcədən bilmələridir. İkinci, yetərli sayda namizədlərinin olmamasıdır. Üçüncüsü isə beynəlxalq qüvvələrin maraqlarına oynamaqla bağlıdır. İndi Avropa Parlamentinin ortalıqda qərarı var. Bundan maraqlarına uyğun şəkildə istifadə etməyə çalışırlar. Çünki, onlar gələcəkdə hansısa formada həmin beynəlxalq qüvvələrin maliyyə dəstəyini almağı planlaşdırırlar. Belə adamları isə xalqın dəstəyi heç vaxt maraqlandırmayıb, onlar həmişə xarici qüvvələrin dəstəyini önə çəkiblər”.

“Azadlıq-2015” seçki blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev təmsil olunduğu siyasi birliyin seçkiləri boykot etməsinə qarşı çıxdığını bəyan edib.

Partiya sədri açıqlamasında bildirib ki, “Azadlıq-2015” boykot qərarı versə belə, VİP seçkilərə mütləq şəkildə qatılacaq.

Ümumilikdə radikal müxalifətin seçkilərdən imtina etməsi cəmiyyətdə qorxaqlıq kimi qiymətləndirilir.

YAP rəsmiləri də açıqlamalarında bildirirlər ki, müxalifət təmsilçiləri onlarla mübarizə aparmaq iqtidarında deyillər, bu baxımdan boykot qərarını verməklə acizlik nümayiş etdirirlər.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti