`Anladım ki, bu türmədə məni öldürə bilərlər` - Azərbaycanlı `vor-zakon`un hekayəti

`Anladım ki, bu türmədə məni öldürə bilərlər` - Azərbaycanlı `vor-zakon`un hekayəti
  19 Sentyabr 2015    Oxunub:41869
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

(Əvvəli Burada)


Əliyev Cəbrayıl Abbasqulu oğlu - `Mamlyuk Cəbrayı` - 1931-ci il dekabrın 30-da Bakıda, Dağlı məhəlləsində anadan olub. 161 saylı məktəbdə oxuyub. 1947-ci ildə - 16 yaşında,- bir kisə un oğurlayanda yaxalanıb və həmin cinayətə görə 16 il müddətinə həbs cəzasına məhkum edilib.KarLAQa, oradan Krasnoyarskdakı "reşota”ya – KitoLAQ-a, "Belomor-Kanal"a, Volqa-Dona, AnqarLAQ-a etap olunub. Monqolustan səhralarında yol çəkilişində işləmiş on minlərlə "komsomolçu – könüllülər”dən biri də "Mamlyuk" Cəbrayıl idi. Murmansk, Xandıqa, Yakutiya düşərgələrində cəza çəkərək islah olunduqdan sonra Olyokmaya göndərilib.1953-cü ilin payızında çıxarılan amnistiya qərarı ilə dustaqlar evlərinə buraxılsa da, Cəbrayıl Əliyev yerdə qalan 10 illik cəzasını çəkmək üçün daha ciddi düşərgələrə etap edilib. 1953-cü ildən 1964-cü ilədək adalarda yerləşən “Mirnıy”, Verxoyansk düşərgələrində cəza çəkib.1964-cü ildə Bakıya qayıdan "Mamlyuk" Cəbrayıl "stukaç" ( işverən) olmağa razılıq vermədiyinə görə şərlənərək 4 il həbs cəzasına məhkum olunub. Ağdam düşərgəsinə, oradan da Şuşa türməsinə göndərilib.Cəzasını başa vurduqdan az müddət sonra daha bir məhkəmə hökmünü dinləməli olub. Onu 2 il müddətinə azadlıqdan məhrum ediblər. 1974-cü ildə isə yenidən Ciddi Rejimli İslah Əmək Koloniyasında islah olunmağa məhkum edilib.Bir sözlə, üst-üstə 27 il həbsxana həyatı yaşamış Cəbrayıl Əliyev həmin günlərinin ağrılı-acılı xatirələrini Sizlərlə bölüşür.


- 1963-cü ildə mən artıq Bakı üçün, ev üçün lap darıxmışdım. Nəyin xatirinə olursa-olsun, düşərgədə qalxan münaqişələrdən kənarda qalmaq, yeni cəza almamaq üçün vaxtlı-vaxtında durur, işə gedir, axşamlar yenə kart oynayır, lazım olan qədər udduqdan sonra kruqdan qalxırdım. Həmişə ürəyimdə təkrarlayırdım ki, bu soyuq cəhənnəmdən qurtarıb, evə getmək üçün səbrini basmalısan...

Axırıncı dəfə yenə kalan pul qapazlamışdım. «Polskiy mağazadan» iki puzır spirt, sala, hətta təzə xiyar alıb çıxırdım ki. rejim rəisi ilə rastlaşdım. Hamı kimi o da mənə «Mamlyuk» deyə müraciət edirdi. Çünki hərdənbir xəlvətə salıb, ona da bir-iki “Volodya” ( yüzlük) verirdim. Lap yaxşı adamlardan biri idi. Evə pul göndərmək lazım olanda karıma gəlirdi.

Əlimi yüzlüklər yığdığım cibimə saiıb, ikisini çıxarmaq üçün yemək bağlamasını qarın üstünə qoydum.
– Kayfuyeş, «Mamlyuk»? – dedi general.
Adətən burada «kayfuyeş» özlərinə iynə vurub, xəyala gedənlərə deyərdilər. Mən o zəhrimardan hələ nübar eləməmişdim. Kim də təklif edirdi, nifrətlə ona baxır, bir neçə gün onunla danışmırdım. Bilirdilər ki, bu işə mən əvvəldən «pas» demişəm.
Belorusiyadan Taraseviç adında bir oğlan gəlmişdi düşərgəmizə. Çox şən, «muzıkalnı» cavan idi. Düşərgədə özfəaliyyət dərnəyində gitara çalıb, o vaxtlar dəbdə olan Vısotski kimi qalın, boğaz səsi ilə oxuyurdu.

Ata-anası birinci üç ayda iki dəfə yanına gəlmişdilər və hər dəfə də, deyəsən, çoxlu morfi gətirmişdilər onunçun. Şam yeməyindən sonra barakın uzaq küncünə çəkilir, iynəsini vurub keyfi qalxandan sonra ürəyə yatan mahnılar oxuyurdu:
Помню, помню, помню я,
Как меня мать любила,
И не раз, и не два
Mне она говорила:
«Не ходи на тот конец,
Не водись с ворами,
Рыжих не воруй колец,
Скуют кандалами...

Barakdakı «şpana»lar da onun ətrafında oturur, nəqərat hissəsini xorla oxuyardılar. Belorusiyanı vəsf edən mahnıları oxuyanda mən də çorta gedib, Bakını xatırlayırdım. Üç-dörd dəfə ona da bir «puzır» spirt pulu vermişdim.

Bir gün kart oynayıb qurtarandan sonra əllərimi yumaq üçün gedəndə gördüm ki, Taraseviç küncdə dayanaraq başını yavaş-yavaş divara vurur, şalbandan olan divarları cırmaqlayır. Addımlarını döşəməyə bərk-bərk vuraraq krana sarı getdim ki, bəlkə kiminsə gəldiyini eşidib düşdüyü vəziyyətdən ayıla.

Üzünü çevirib yalvarış tökülən nəzərlərini gözümə zillədi. O cür gözəl oğlanın sifətini sanki qəzet parçası kimi əzib, sonra düzəltmişdilər. İri-iri qırışlar vardı üzündə. Hiss olunurdu ki, nəsə qəlbini didib-parçalayır, ağrıdır, əzab verir. Dizləri üstə düşüb iməkləyə-iməkləyə yanıma gəldi, valenkamı bərk-bərk qucaqlayıb, «kömək et, ölürəm», - deyib, ağlamağa başladı.

Əlimi buşlatımın cibinə salıb, bir xışma üçlük, beşlik, təkliklər çıxarıb döşəməyə, onun qarşısına tökdüm. Bir an bundan əvvəl yeriməyə taqəti olmayan gitarist pullan yığışdırıb sprinter kimi üçüncü baraka qaçdı. Şam yeməyindən sonra yenə onun boğaz səsli oxuduğu mahnıları eşidildi:
Не забуду мать родную,
И Мамлюка - пацана.
Целый день по ним тоскую,
Предо мною стоит стена
Эту стену мне не скущать,
От нее не убежать,
Надо было маму слушать,
С наркоманами не гулять..



Üç gün sonra isə yenə utana-utana mənə yanaşdı Taraseviç. İki yüz manat pul istədi və söz verdi ki, bir həftəyə qaytaracaq. Mən də elə yenicə Bakıya, anama dörd min göndərmişdim. Cibimdə cəmisi min manatım qalmışdı. Bir «Volodya» (yüzlük) çıxarıb verdim.

Dörd gün sonra Çuma, Yura, Qorlışka ilə oturub yüz-yüz gillədirdik. Yura nə isə məzəli bir əhvalat danışırdı. O da gitarada çalıb oxumağı yaxşı bacarırdı. Gəldilər ki, Mamlyuk, səni gözləmə barakında bir qadın çağırır. Çox təəccüb etsəm də, yoldaşlarımdan üzr istəyib oraya yollandım.

Bu barak adətən düşərgədə ərini görməyə icazə almış qadınlara verilirdi. Rəis həmin barakı vaxtadan bayırda tikdirmişdi. Nəzarətçinin müşayiəti ilə görüş barakına gəldim. Taraseviçin anası idi. Bir an sonra gitarist özü də içəri girdi. Atası yolda xəstələnmişdi deyə, elə düşərgənin xəstəxanasına qoymuşdular. Qadın Minskdə hansısa institutunsa prorektoru idi. Mənə çoxlu təşəkkür etdi, oğlunun qayğısına qaldığım üçün hətta əlimi öpmək istəyirdi. Sonra oğlunun boynunu qucaqlayıb, yırğalana-yırğalana sakit-sakit xeyli ağladı.

– Mamlyuk, yeganə oğlumu sənə tapşırıram, – dedi və çantasından xeyli pul çıxarıb oğlunun borcunu (160 manat) qaytardı. Elə oradaca yaxşıca yeyib-içdik.
Taraseviçin atası iki həftə xəstəxanada yatdıqdan sonra yarı sağalmış halda getdi. Təyyarə həmin vaxtlarda həftədə cəmisi bir dəfə uçurdu. Sonradan eşitdik ki, kişi elə yoldaca canını tapşınbmış...

Taraseviç əvvəllər bir az özünə sakit apardı. Atasının ölüm xəbərini ondan gizlətraişdilər və o yenə axşamlar gitarasını dınqıldadaraq oxuyurdu.

Üstündən heç iyirmi gün keçməmişdi, onu tundra payızı kimi tutqun gördüm. Sakitcə, dizlərini qucaraq oturmuşdu. Balıncımın altında «qrelka»da bir az spirt var idi. Onu saxlamışdım ki, hərdənbir ovcuma töküb saçlarımı isladım. Dezinfeksiya üçün başqa bir şey yox idi. Darta-darta Taraseviçi naramın yanına gətirdim, bir parça lap bərk hisə verilmiş kolbasam da vardı. Çifir krujkasına bir qedər spirt töküb verdim. İçdi, qorxa-qorxa təşəkkür edib, yenə öz yerinə qayıtdı.

Mən şam yeməyindən sonra qumara əyləşəndə gözüm yenə gitaristi axtardı. Yenə ikinci yarusda dizlərini arıq qollan ilə qucaraq oturmuşdu, çənəsini də söykəmişdi dizinə. Öz-özümə söz vermişdim ki, əgər yaxşı «kuş» götürsəm, onu əməlli-başlı qonaq edəcəyəm. Elə yerdə oturmuşdum ki, başım oyundan ayrılanda onu görə bilim.

Yaxşıca «bank» vurmuşdum. Əlim də gətirirdi. Başımı qaldırıb Taraseviçe sarı baxdım. Əvvəlki tək çənəsini dizlərinə söykəyərək oturmuşdu, gözlərini qırpmadan bizim dəstəyə tərəf baxırdı. Mənə elə gəldi ki, onun bəbəklərindəki müdhiş soyuqluqdan üşüdüm. Çumaya pıçıldadım ki, oraya baxsın. Çuma ona baxan kimi əlindəki kartları üzüaşağı stolun üstünə qoyub ayağa qalxdı. Damarlarını hər iki qolunda əzələ yerindən kəsib, üstündən buşlat geyinmişdi. O qədər qan axmışdı ki, artıq döşəyindən aşağıdakı naraya damcılayırdı. Onu tələsik qamarlayıb tibb məntəqəsinə apardıqsa da, xilas edə bilmədik. Bir neçə dəqiqədən sonra canını tapşırdı.

O vaxt düşərgələrdə və ümumiyyətlə, Sovet İttifaqında narkotik qəbul edənlər üçün cinayət məsuliyyəti nəzərdə tutulmurdu. Əllinci illərin əvvəllərində düşərgədəki Orta Asiya respublikalarından olanların «posılka»larında kiloqramlarla nas gəlirdi. Özbəklər, türkmənlər onu çimdik-çimdik dillərinin üstünə tökür, ya da burunlarına çəkirdilər. Sonradan anaşa, tiryəki də asiyalılar yaymağa, satmağa başladılar. Belə bandalara əvvəllər fikir verən yox idi. Əksinə, ağır işdən sonra məhbusların marixuana, anaşa çəkən hissəsi bir kənara çəkilib yarıyuxulu halda saatlarla dinməzcə oturur, öz aləmlərində olurdular…

Axır vaxtlar hər gün mənə il qədər uzun görünürdü. Düşərgəmizə bir-birinin ardınca etaplar gəlirdi. İndi artıq «Oğru»lar, «58-lər» deyil, əsasən, mənimsəmə maddəsi ilə məhkum olunanlar çoxluq təşkil edirdi. Əksəriyyəti zavod-fabrik, kolxoz rəhbərləri, dükan müdirləri, mühəndislər olan bu adamlar bircə həftə lesopovalda işləyən kimi xəstələnir, arıqlayıb çöpə dönürdülər.

Bütün ömürləri boyu ancaq əmrlər verib, iş buyuran bu «şişka»ları zorla işə aparırdılar. Tənbəl, səbatsız, heç bir iş qabiliyyəti olmayan, bir şeyi yüz dəfə göstərəndən, başa saldıqdan sonra da heç nə anlamayan bu «dodik»lərin əvvəllər minlərlə zəhmətkeşə necə rəhbərlik edə bildiklərini heç cür ağlıma sığışdıra bilmirdim.



Kubandan gəlmiş bir kolxoz sədri vardı. Bizim briqadada işləyirdi. Ona yıxılmış ağacların budaqlarını kəsmək, budamaq işini tapşırmışdıq. Ən asan iş idi. Dəfələrlə «Kolxoz»a göstərib başa salmışdım ki, budağı aşağıdan başlayıb budamaq lazımdır. O, hər dəfə baltanı yuxarı hissədən budağa vurur, on zərbə endirsə də, nazik pöhrəni kəsə bilmirdi.

Başqa birisi isə Çerkassk şəhərİndən idi. Xalq Nəzarəti Komitəsində kiçik müfəttiş işləyirmiş. Mən kart oynayanda gəlib arxamda dayanır, mən udub pulları götürəndə əllərini biri-birinə sürtür, bəlkə məndən də çox sevinirdi. Sonra üç barmağını irəli uzadaraq, bir üçlük istədiyini bildirirdi. Deyilənə görə, öz müdirini öldürərək qazamata düşmüşdü. Altı il hansısa krıtıda oturduqdan sonra Yakutiyaya etap olunmuşdu.

Üç manata bir flakon araq, bir tikə kolbasa alır, küncə çəkilərək sakitcə içdikdən sonra birdən-birə qızışır, barakın içində o baş-bu başa gəzərək «mən sənə yaxşılıq etmişəm. İndi də sən mənə borclusan. İndi məni öldürməlisən! – deyə bu üç cümləni yüzlərlə dəfə təkrarlayaraq gəzişirdi. Gah da hirsli-hirsli gəzişdiyi vaxt birdən sobanın kiçik pəncərəciyindən titrəyişli işıq düşən yerdə üzüyuxarı uzanır, ürəyi tərəfi tutaraq, tələsik qalxır və barakı gəzinməyə başlayırdı.

Barakdakı məhbuslar bilirdilər ki, içən kimi Saşok (adı Aleksandr idi) əsas vintini itirir, sayıqlamağa başlayır. Buna görə mənə deyirdilər ki, ona araq üçün pul verməyim. Sonrakı dəfə həqiqətən xəstə olduğum üçün qumar oynamamışdım. Narada uzanaraq uzaqdan-uzağa sobanın yanındakı oyunçulara baxırdım. Saşok bir neçə dəfə dəstəyə yaxınlaşıb, axtardığı adamı - məni tapmadığından başını aşağı dikərək uzaqlaşmışdı.

Sonralar məni təklikdə tutub, başına gələnləri danışanda ona yazığım gəldi. Özünün deməsinə görə, içəndə mütiləşirmiş. İşlədiyi idarənin rəisi qoca kişi imiş. Hərdən iş lap çox olanda o, kiçik «çekuşka» (iki yüz əlli qramlıq araq şüşəsi) alaraq Saşoku qonaq edirmiş və gecədən xeyli keçənədək yorulmaq bilmədən yazı masası arxasında oturub həftəlik, aylıq, rüblük hesabat tərtib edərmişlər. Sonra Saşokun mənzili yaxın olduğundan onlara gələr, elə orada da gecələyərmişlər.
Hərdən əmək haqqından əlavə də qoca ona cibxərcliyi verərmiş. Saşok həmin günləri belə xatırlayırdı:

– O, hər dəfə mənə yaxşılıq etdikcə ürəyimi şübhələr gəmirirdi. Nəyə görə axı? Niyə mənə pul verir? Niyə öz evlərinə deyil, gecədən xeyli keçmiş bizə gəlir? Niyə? «Nə üçün»lərin sayı yox idi. O da kart oynayan idi. Bir dəfə də «çekuşka»nı vurduqdan sonra birlikdə küçəyə çıxdıq. Kiçik parkı keçmək lazım idi ki, bizim binaya çataq. Parkın ortasında, otluğun yanında dayandı, cibindən çəkmə tikmək üçün istifadə olunan bizi çıxarıb mənə uzatdı. – Soşokun gözləri pişik gözləri kimi parlayırdı. – Mən sənə bu qədər yaxşılıqlar etmişəm. Düzdürmü? Mən qumarbazam. Həmişə yoldaşlarım məni kart oynamağa çağıranda və mən oraya getmək istəməyəndə işdən gec çıxmağa, evə getməməyə çalışıram. Özümə nə qədər söz versəm də, oynamadan dayana bilmirəm. Qumara öyrənmək narkotikə aludə olmaq kimi bir şeydir. Hərdən xırda-xırda udsan da, birdən böyük miqdarda uduzursan. Dünən uduzmuşam, – dedi, – ancaq bu gün sizdə gecələməyəcəyəm. Çünki sən məndən şübhələnir, anana qısqanırsan. Götür bu «şila»nı – bizi, vur mənim sinəmdən. Çalış sol tərəfdən vurasan.

Heç kəs mənim sözlərimə inanmır. Hətta anam da hadisəni ona danışanda inanmadı mənə. Otun üstünə uzanmış müdir, «vur, Saşa, vur, sol tərəfimdən vur!» – deyərək yalvarırdı, Bilmirəm içdiyimdəndir, bilmirəm çoxdan qəlbimdə coşub-daşan şübhələrin qərəzliyindəndir, amma vurdum. Üç dəfə sinəsinə soxdum şilanı, ağzından qan süzüldü. Sonra isə bir neçə dəfə boğazından vurdum. Zərbələri vurub şilanı onun yanına ataraq evə qaçdım. Hələ yuyunub qurtarmamışdım, qapımızın zəngi çalındı. Müdirim idi. Köynəyini çıxarıb boğazına sərimişdi. Ağ, ipək maykası qıpqırmızı qan idi. Danışa bilmirdi. Boğazından xırıltılı səs çıxırdı. Anamla köməkləşib onu xəstəxanaya çatdırdıqsa da, üç gün sonra bir kəlmə danışmadan qızdırma içində çırpına-çırpına dünyasını dəyişdi...

Hadisəni eşidəndən sonra Saşokdan gen gəzməyə çalışırdım. Mən ondan qaçdıqca o, sədaqətli it kimi ardımca gəzir, yuxudan qalxandan ta yatana kimi məni gözdən kənara buraxmırdı...

Hətta qumarda udduqdan sonra ayağa qalxanda Saşok tərəfə baxmır, sakitcə uzaqlaşırdım. Hiss edirdim ki, arxamca bir neçə addım atıb dayanır. Başqaları ona pul təklif edirdilər. Saşok pulu götürmürdü.

Bir gün ondan soruşdum ki, nə məsələdir, niyə başqalarının verdiyi çervondan imtina edir, mənim üçlüyümü isə qapırsan? Dedi ki, mən onun müdirinə oxşayıram. Onun da mənim kimi gur, qara saçlan, rəhmdil görünüşü, sakit təbiəti varmış...

Bundan sonra işimi bildim. Rejim rəisinə iki yüz pul verib Saşoku başqa zona etap etməsini xahiş etdim... Günlərin birində içib ağlını itirə, məni də müdiri kimi o dünyaya göndərmək fikrinə düşərdi.

Nəyin xatirinə olursa-olsun sakitcə evə – Bakıya qayıtmaq istəyirdim. Bir kisə una görə on altı il cəza almışdım. Saşoksa adam öldürmüşdü, özü də xüsusi amansızlıqla. Ona isə bu əməlinə görə “çervon” -10 il cəza kəsmişdilər.


Teqlər:  





Xəbər lenti