Dəmir yolları nazirlikdən niyə alındı? - Təfərrüat

Dəmir yolları nazirlikdən niyə alındı? - Təfərrüat
  19 Sentyabr 2015    Oxunub:17639
Ötən gün prezident İlham Əliyevin imzaladığı fərmana əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı.

Qanunla QSC-nin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət orqanlarına həvalə edildi.

Fərmana əsasən QSC sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyindən ayrılacağı çoxdan gözlənilirdi. Millət vəkilləri, ekspertlər bu qurumun nazirlikdən ayrılmasını labüd hesab edirdilər. Bildirilirdi ki, təkcə “Azərbaycan Dəmir Yolları” QSC deyil, AZAL da Nəqliyyat Nazirliyinin tabeliyindən ayrılacaq.



Bu baxımdan NN-in səlahiyyətlərinin azaldılması uzun müddət mətbuatın gündəmində idi. “Azərbaycan Dəmir Yolları”nda əlaqələrin genişlənməsi bu sahənin ayrıca bir qurum kimi fəaliyyət göstərməsini qaçılmaz edirdi.

Cavid Qurbanovun bu posta rəhbər gətirilməsindən sonra adıçəkilən qurumun nazirlikdən ayrılması prosesi daha da sürətləndi.

Qurbanovun gəlişi ilə bu sahədə başlayan canlanma hiss olunmaya bilməzdi. İllərdir yığılıb qalan problemlərin həlli istiqamətində C.Qurbanovun başlatdığı islahatlar diqqətdən yanınmırdı. Belə ki, Cavid Qurbanov sədr vəzifəsinə təyin olduqdan sonra Bakı Dəmiryol Vağzalının əsaslı təmirinə başlanılıb və Bakı-Sumqayıt elektrik qatarı istifadəyə verilib.



Qısa zaman ərzində yeni sədrin gördüyü işlərin masştabının artması, gələcəyə hesablanan planlar QSC-nin ayrıca qurum kimi fəaliyyət göstərməsinə zəmin yaradırdı.

Prezident İlham Əliyev Bakı-Sumqayıt qatarının açılış mərasimində dəmir yol sahəsində ciddi islahatların aparılacağının anonsunu vermişdi.



“Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir”,-deyə ölkə başçısı vurğulayıb.

Ümumiyyətlə neftin dünya bazarında qiymətinin kəskin azalmasından sonra bəzi dövlət qurumlarının ləğv olunacağı və islahatların aparılacağı da istisna deyildi. Bunu da adıçəkilən islahatların bir hissəsi kimi qeyd etmək olar.

Həmçinin son illər dəmiryolları sahəsində əlaqələrin genişlənməsi bu sahənin ayrıca bir qurum kimi fəaliyyət göstərməsini zəruri edirdi. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolunda işlərin tamamlanması, gələcəkdə ölkəmizin dəmiryolları vasitəsilə yükdaşıma sahəsində əsas rol oynayacağını göstərir.

C.Qurbanov mətbuata verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun nazirlikdən ayrılmasına münasibət bildirib. Qeyd edib ki, nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır.

“Dəmir yolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir ki, təsərrüfatla təsərrüfat qurumları məşğul olsun. Nazirlik də dövlət siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini etsin”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyindən ayrılmasının əsas səbəbi nədir?



Millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyindən ayrılmasının dəmir yollarının inkişafına çox müsbət təsiri olacaq.

Deputat hesab edir ki, beynəlxalq aləmdə səhmdar cəmiyyətə daha çox diqqət yetirilir: ““Azərbaycan Dəmir Yolları” QSC olduğu üçün özü qazanc əldə edəcək. Bu qurum səhmdar cəmiyyət olmaqla bərabər dövlətə məxsusdur. Çünki strateji obyektdir. Həmçinin dövlət tərəfindən böyük layihələrə maliyyə yardımı ayrılır. Amma dəmir yollarının bu formada ayrılaraq fəaliyyət göstərməsini çox yüksək qiymətləndirirəm”.



“Bu dəyişiklikə böyük bir zərurət var idi. Əminəm ki, bu sahədə müəyyən irəliləyişlərin şahidi olacayıq”.

Bunu AzVision.az-a açıqlamasında ekspert Azər Allahverənov deyib.

Onun sözlərinə görə, son illər dəmiryolları şəbəkəsi geniş inkişaf etməkdədir: “Azərbaycan dəmir yolları şəbəkəsi artıq beynəlxalq nəqliyyat infrastrukturu sektoruna çıxır. Bu sahədə Bakı-Tbilisi-Qars dəmiryolu sərnişin və yükdaşıması layihəsini göstərmək olar. Bakı-Tbilisi-Qars dəmiryolunu Şərq-Qərb və Qərb-Şərq istiqamətində yükdaşımasının təşkil olunması kimi göstərmək olar. Artıq bütün bu məsələlərin fonunda faktiki olaraq “Azərbaycan Dəmir Yolları” QSC strateji nöqteyi-nəzərdən kifayət qədər əhəmiyyətli bir bölgədə yerləşir.
Görünür “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında duran öhdəliklər və vəzifələr baxımından bu qurumun müstəqil fəaliyyət göstərməsinə dair qərar verilib”.

Ekspert qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC nəqliyyatın inkişaf edən sektorunun əsas hissəsidir: “Əminəm ki, ötən gün imzalanmış fərmana əsasən, beynəlxalq yükdaşımalar və sərnişindaşımalar müstəvisində daha rəqabətli olmaq məqsədilə öhdəliklər müəyyənləşdi. Bu, hər hansı bir mexaniki yerdəyişiklik deyil. Bu, kifayət qədər konseptual bir dəyişiklikdir və bilavasitə “Azərbaycan Dəmir Yolları” QSC-nin missiyasının daha uğurlu həyata keçirilməsi məqsədilə atılan addımdır. Yaxın zamanlarda nəyin ki, ölkənin hüdudları daxilində, eləcə də ölkə xaricində bir çox parametrlər üzrə dəyişiliyin müsbət nəticəsini görəcəyik”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti