Tanınmış jurnalistlərdən kimlər deputat olmaq istəyir? - SORĞU

  02 Sentyabr 2015    Oxunub : 8440
Tanınmış jurnalistlərdən kimlər deputat olmaq istəyir? - SORĞU
`Şəxsən mən özümü istənilən Azərbaycan deputatından nüfuzlu, təsirli hesab edirəm...`

Azərbaycanda artıq rəsmən Parlament seçkilərinə start verilib. Deputat olmaq istəyənlər namizədliklərini irəli sürməyə başlayıblar. Onlar arasında siyasətçilərlə yanaşı jurnalistlər də var.

Deputat olmaq istəyini açıq-aşkar bəyan edən qələm sahibləri olsa da, hələ də bu qərarını gizlin saxlayanlar var.

AzVision.az tanınmış jurnalistlər arasında sorğu keçirərək kimlərin namizəd olacağı ilə maraqlanıb.

"Yeni Müsavat" qəzetinin baş redaktoru və təsisçisiRauf Arifoğlu doğulduğu Tovuz rayonundan namizədliyini irəli sürə bilər. Baş redaktor seçkilərdə iştirakla bağlı qəti qərar verməsə də namizəd olmaq istədiyini gizlətməyib.

“Amma hələ qəti qərar verməmişəm. Prosesləri izləyirəm, dairələrə baxıram. Ona görə də tələsmirəm".

Qafqazinfo.az” saytının baş redaktoru Elbrus Ərud hesabe dir ki, Azərbaycanda heç bir uğur qazana bilməyən adamlar bəzən belə məqamlardan istifadə edib namizəd olurlar: “Düşünürlər ki, özlərini göstərəcək və cəmiyyətdə heç olmasa tanınacaqlar. Bu ən yumşaq halda mənasız çaba və özünü aldatmaqdır. Mən niyə namizəd olmalıyam ki? Bir saytı güclə idarə edirəm və bu işdən də zövq alıram.
Azərbycan öz reallığı olan ölkədir. Bu ölkədə reallıq hissini itirib yaşayan adamlara nəinki parlamentdə, heç bələdiyyə üzvlüyündə də yer yoxdu”.

“AzNews.az” saytının redaktoru Elçin Zahiroğlunun Parlament seçkilərində namizəd kimi iştirak etmək fikri yoxdur.

Baş redaktor bu fikirdə olan həmkarlarına da “daşı ətəyindən tökməyi” məsləhət görür: “Kimin artıq enerjisi, potensialı varsa, elə məşğul olduğu sahəyə sərf etsin. İndi mətbuat sahəsində ciddi boşluqlar var. Bu boşluqları doldurmaq, problemləri çözmək üçün peşəkar adamların ciddi əməyinə ehtiyac var. Belə olan halda tanınmış jurnalistlərin mediadan ayrılıb qanunverici orqanda vaxt itirmələrini, vəkil olmalarını heç istəmirəm. Peşəkar, bacarıqlı baş redaktorun xalqın problemlərini həll etmək imkanı, neqativlərin aradan qaldırılması üçün görə biləcəkləri iş deptatların görüdükləri işdən heç də az deyil”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı hesabe dir ki, bu gün Azərbaycan cəmiyyətində deputat olmaq istəyənlər həddən çoxdur.

Jurnalistin fikrincə, haqqı çatan, çatmayan, hətta deputatlığın nə olduğunu bilməyənlər belə, deputat olmaq istəyir: “Məsələyə hüquqi baxımdan yanaşanda, təbii ki, hər bir Azərbaycan vətəndaşının deputat olmaq haqqı var. Ancaq bu yükün nədən ibarət olduğunu bilmək və ondan sonra qərar vermək çox gərəklidir. Deputatlıq rahat kreslo, yaxşı yaşayış anlamına gəlməməlidir. Hər halda mən belə qəbul edirəm. Konkret özümə gəldikdə, yalnız onu deyə bilərəm ki, Parlament Jurnalistlər Birliyinin rəhbəri olaraq bir neçə üzvümüzün bu yükü götürəcəyinə tam əminəm”.

Virtualaz.org və Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev də deputat olmaq istəmir. O, hesab edir ki, peşəkar, məsuliyyətli və Azərbaycan cəmiyyətinə xeyir vermək istəyən şəxs jurnalist millət vəkilindən, deputatdan da nüfuzludur: “Şəxsən mən özümü istənilən Azərbaycan deputatından nüfuzlu, təsirli hesab edirəm. Ona görə də mən bu haqda düşünmürəm. Hər bir jurnalist öz peşəsinə sadiq olmalıdır, informasiya istehsal etməlidir və oxucu kütləsi toplamnalıdır. Jurnalistin parlamentdə nə işi var? Jurnalist Milli Məclisə ancaq gedib siyasətçiləri seyr edə bilər”.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid də deputat olmaq niyyətində deyil: “Bu haqda fikirləşməmişəm. Belə bir fikrim yoxdur. Bəyəm Azərbaycanda hamı millət vəkili olmalıdır?”.

Tanınmış jurnalist Elçin Əlibəyli deyir ki, Parlament seçkilərdə yeganə işi səs vermək olacaq: “Hər il olduğu kimi, bu dəfə də mən yalnız namizədlərə səs verəcəyəm. Qətiyyən deputat olmaq fikrim yoxdur”.

“Azad Azərbaycan” telekanalının Bədii Şurasının sədri Etibar Babayev də jurnalist kimi fəaliyyətini davam etdirmək istəyir. Odur ki, o namizədliyini irəli sürməyəcək: “Millət vəkili kimi namizədliyimi irəli sürmək fikrim yoxdur. Bundan sonra da fəaliyyətimi jurnalist kimi davam etdirəcəm. Həmkarlarımdan kim namizədliyini irəli sürübsə onlara uğurlar arzulayıram”.

Gültəkin Ələsgər

Teqlər: