Türk düşmənçiliyini qızışdıranların `Meydan`ı

Türk düşmənçiliyini qızışdıranların `Meydan`ı
  31 Avqust 2015    Oxunub:4497
Tural İsmayılov

Gözümüzün önündə baş verən oyunlar insanı iyrəndirmək qabiliyyətinə malikdir. Klassik liberal dəyərlərin çöküşü fonunda Qərb yeni piar və təbliğat vasitələrinə start verib. Məqsəd insanların milli və həssas hisslərinə qarşı əlaltı media vasitəsilə hücum etmək və insanlarda skeptik şübhələr yaratmaqdan ibarətdir.


Neoimperializmin yenidən təkamül etdiyi çağdaş dünya sistemində Qərbin bu taktikası uzun illərdir işləyir. Guya tərəfsiz media yaratdıqlarını iddia edən oyunçular isə səhnədəki rolu məharətlə oynayır, onları ifşa edən insanları nifrətlə təhiqr yağışına məruz qoyurlar.

İndi də nə baş verir? Öncə insanların reaksiyasını yoxlamaq üçün ikinci dərəcəli mövzularla bağlı silsilə yazılar verilməyə başlanır. Sonra isə konkret mərkəzi ideyaya fokuslanan təxribat xarakterli, iftira dolu yazılar dövriyyəyə buraxılır.

Linqvistikada heç də aktual olmayan dil məsələsini qabardan və dalbadal yazılar verən Meydan TV süni türk dili problemi yaratmaq cəhdlərində uğursuzluğa düçar olduqdan sonra, anti-Türkiyə mövqeli yazıları guya fərqli düşüncəni müdafiə edirlərmiş kimi, yaymağa başlayır. Axı onsuz da bizim həm media sahəsində, həm də ictimai ünsiyyət arealında türk dilinin ana dilimizə təhdid yaratması iddiasından söhbət belə getmir. Və bu məsələyə yazılar həsr etmək missiyasının məqsədi nədir ki? Lap tutaq ki, müəllif yazılarıdır və dərc edən media qurumu da altında “biz müəllifin mövqeyini bölüşmürük” monotonluğu ilə məsuliyyətdən yayınır. Bəs redaktorun müəlliflərin yazısını verməmək kimi bir seçimi yoxdurmu?

Əgər həqiqətən belə fərqli fikir hayındadırsa xarici donor mediaları, niyə onların tirajlarını izləyən insanlar alternativ fikirlərə rast gəlmirlər? Sosial şəbəkə rəylərində yazılan söyüş və təhqirlərə admin nəzarətindən isə söhbət belə gedə bilməz. Demokratiya, sən demə, təhqirlərin də sərbəst qalmasından və söyüş azadlığından keçirmiş.

Bundan əlavə, Meydan TV-nin rəhbəri Emin Milli də Elçibəylə bağlı ağır ifadələr işlədən müəllifi müdafiə etdi. Mövqeyini bildirməkdə hamı sərbəstdir sözsüz ki. Onda bir media qurumunun rəhbəri açıq-açığına desin ki, mən öz mövqeyimi media qurumumda göz gör-görə tirajlayıram, camaat da işini bilsin. Aradabir yazılan məqalələrə etiraz edən yazıları da tirajlamaqla kül üfürürməklə məşğuldurlar. Eyni parametrli mövzuları ard-arda yazan müəllifləri durdurmamaqla həmin müəlliflərin mövqeyini müdafiə etmirlərmi?

Diqqət çəkən ikinci bir məsələ də Elçibəylə bağlı yazılan yazıya görə ilk növbədə yaxın olduqları radikal müxalif çevrədən basqılar və ağır tənqidlərə məruz qaldıqdan sonra tez-tələsik Elçibəylə bağlı pozitiv bir yazının verilməsidir. Elçibəylə bağlı siyasi səhnədə çoxdan ömürlərini başa vuran və hər ay müsahibə aldıqları insanlar var ikən, niyə məhz ABŞ-ın Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti olan Irena Lasotanın 2002-ci il iyunun 23-də İkinci Elçibəy Forumundakı çıxışını yayırlar? Yoxsa, buna da icazə vermirlər qrant ayıran qurumlar, görəsən?

Əslində, hardasa, “heç kim və heç nə toxunulmaz deyil” klassisizminə sığnmaq da anlamsızlıqdır. Toxunulmaz olmayan nüanslar çoxdur. Dünya fəlsəfi və ictimai fikiri zərərli anarxist şüarları çoxdan dəfn edib.

Ən sonunda Meydan TV bu həddə çatdı və tamamilə subyektiv dəyərləndirmələrə söykənən, heç bir qaynağa əsaslanmayan, tamamilə reallıqdan uzaq yazı dərc etdi. Heç olmazsa məqalənin adına diqqət edə bilməzdimi redaktorlar? “Türklərin işğal, qətliam və talanlarına `xilas` adı qoymaq” başlıqlı, əhəmiyyətsiz yazını verməklə, söz azadlığı səfsəfəsi aparmaqla ciddi mətbuatdan tamamilə uzaq düşdüyünüzü sübut etdiniz, bəylər.

Yazıdakı tarixi təhrif cəhdlərinə diqqət edən hər kəs, əminəm bu fikirlərimə qatılarlar. Məqalənin dil üslubuna diqqət edin. Tarixi sorğulayan müəllif yazır ki, Osmanlı Balkanlardakı məğlubiyyətdən və neftlə zəngin əraziləri (Mesopotamiya, Ərəb yarımadası və s.) itirdikdən sonra bu itkiləri kompensasiya etmək üçün pantürkizm bayrağı altında Qafqazı və Orta Asiyanı, panislamizm bayragı altında da Əfganıstan və Hindistanı işğal etməyi planlaşdırırdı. Harada var bu iddia fakt kimi? Osmanlının Hindistana ümumiyyətlə, marağının olması və bunun üçün də panislamizm bayrağı altında hücum etməsi fikirində həqiqətə dair heç nə yoxdur.

Bundan əlavə, ümmətçilik və panislamizm həm terminoloji, həm də mahiyyət baxımdan tamam fərqli anlayışlardır. Osmanlı tarixin heç bir dövründə panislamist ideyalardan güc almayıb və bu ideyaları yaymayıb.

Yazıdakı digər ifadədə isə məram aydın olur. “Görün, tarixçilərimiz indi də “Türkiyə qardaşlığı” yalanını bizə yedizdirmək üçün hansı ləkəni xalqın boynuna qoyurlar”. Təəsüfedicidir həqiqətən.

Yazının sonluğu isə tamamilə uydurma bir cümlədən nəticə hasil etdirməyə xidmət edir: “İndi sual olunur: Bir ölkənin xilaskarı olmaq o ölkənin 30 min insanını öldürməkdirmi; təbii sərvətlərini talayıb, o cümlədən oranı tərk edərkən bankdakı əmanətlərini də qarət edib, başqa dövlətə bağışlamaqdırmı; istiqlalına və milli iradəsinə istehza ilə baxmaqdırmı?!”

30 min insanın ölümü ilə bağlı müddəa haradan qaynaqlanır? Ümumiyyətlə, bu, tarixi yanıltmaq deyil mi?
Tarixin süzgəcində hər kəs qiymətini qazanır əvvəl-axır.

P.S. Qaranlıq və zülmətə düçar olanları oradan çıxarmaq çox çətindir.



Teqlər:  





Xəbər lenti