`Dərhal azadlığa buraxılma yalnız Quantanamoda ola bilər` - Əli Hüseynli

`Dərhal azadlığa buraxılma yalnız Quantanamoda ola bilər` - Əli Hüseynli
  21 Avqust 2015    Oxunub:2314
`Məhkəmə Leyla və Arif Yunuslarla bağlı çox humanist qərar qəbul edib`.
AzVision.az Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsini təqdim edir.

- Son günlər ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, ATƏT rəsmiləri və Amnesty İnternational, Human Rights Watch və sair bu tipli beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarının vəziyyətini kəskin tənqid edir, o cümlədən Leyla və Arif Yunusların həbsi ilə bağlı bəyanatlar səsləndirir...

- Azərbaycanın mütərəqqi ictimaiyyətinə çoxdan məlumdur ki, adlarını çəkdiyiniz Beynəlxalq Qeyri-Hökumət Təşkilatları qərbin rəsmi dövlət strukturlarının yaratdığı təşkilatlardır və onların kölgəsində fəaliyyət göstərir. Bu baxımdan onların oxşar bəyanatları təəccüblü deyil. Onların belə ciddi narahatlığının səbəbi isə başqadır. Çünki ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, ATƏT-in Azərbaycanda sabitliyi pozmaq məqsədi ilə qrant adı altında QHT vasitəsi ilə ayırdıqları vəsaitlər Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik sistemi tərəfindən ifşa olunub. Bu, məsələnin siyasi tərəfi...

Hüquqi məsələlərə gəldikdə isə, beynəlxalq təşkilatlar anlamalıdır ki, hətta Azərbaycan məhkəmələrinin müstəqilliyini şübhə altına almağa cəhd etsə belə, məhkum olunmuş şəxslərin azadlığa buraxılmasının yeganə yolu hüquqi mexanizmlərdir: bu, yuxarı məhkəmələrə edilən şikayət və yaxud əfv və amnistiya aktları nəticəsində mümkündür. Dərhal azadlığa buraxılma mexanizmləri isə yalnız Quantanamo kimi həbsxanalarda məhkəmələrsiz saxlanılan şəxslərlə bağlı ola bilər.

- Bir sıra bəyanatlarda Yunuslarla bağlı cəzanın ağır olduğu, humanist olmadığı vurğulanır...

- Mən bu yanaşma ilə razı deyiləm, gördüyünüz kimi ittiham tərəfi onların birinə 11 il, digərinə isə 9 il cəza verilməsini istəyib. Məhkəmə isə bir neçə il aşağı cəza təyin edərək, onların birinə 8 il 6 ay, digərinə isə 7 il cəza verib.

Məhkəmə praktikasını araşdırsaq görərik ki, məhkəmə hökmü ilə verilən cəzalar ittiham tərəfinin tələb etdiyi cəzadan çox zaman cəmi bir il aşağı olur. Leyla və Arif Yunusların işi ilə bağlı isə məhkəmə cəzanın sanksiyası çərçivəsində və ittiham tərəfinin mövqeyinə münasibətdə çox humanist qərar qəbul edib.

- Digər beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasör bəyanat verərək Leyla və Arif Yunusla bağlı məhkəmə qərarından şokda olduğunu bildirib…

- Bizim Avropa Şurası qarşısında heç bir öhdəliyimiz yoxdur, milli məhkəmənin qərarından narazı qalanlar Avropa Məhkəməsinə müraciət edə bilirlər və bu da hamıya məlumdur. Amma bəla burasındadır ki, Avropa Şurası heç özü Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını nəzərə almır. Belə olsaydı “Çıraqov və digərləri Ermənistana qarşı” işində Azərbaycan torpaqlarının işğalı müddəalarını AŞPA-nın yay sessiyasında qəbul etdiyi sənəddə də təsbit edərdi. O zaman Azərbaycan ictimaiyyəti də Avropa Şurasının bu ədalətsizliyindən və riyakarlığından şokda idi.

Əslində bu bəyanatların başqa məqsədi də var. Hesab edirik ki, beynəlxalq təşkilatlar bu cür bəyanatlarla Azərbaycanda bir neçə ay sonra keçiriləcək parlament seçkiləri qabağı mühitin guya antidemokratik olması ilə bağlı zəmin hazırlayır.



Teqlər:  





Xəbər lenti