Göygölün bağlanma səbəbi bilindi

Göygölün bağlanma səbəbi bilindi
  19 Avqust 2015    Oxunub:8551
Göygöl Milli Parkının “qara siyahı”sı tərtib ediləcək

Göygöl Milli Parkına girişin bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. AzVision.az məlumatı dəqiqləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadovla əlaqə saxlayıb. Nazirliyin rəsmisi bildirib ki, göl ərazisində həftədə bir gün sanitar gün elan edilir. Belə ki, parkın əməkdaşları gün ərzində ərazini təmizləyəcək və bundan sonra turistlərin buraya buraxılmasına icazə veriləcək:

“İki- üç saat ərzində ərazidə olan zibillər yığışdırıldıqdan sonra vətəndaşlar tam sərbəst parka daxil olub ziyarətlərini edə biləcəklər. Parkın ərazisində 30 zibil qutusu yerləşdirilib və 10 min zibil torbası paylanılıb. Buna baxmayaraq bəzi turistlər qaydlara riayət etmir. Ərazidə xeyli xəbərdarlıqedici, qadağanedici və istiqamətləndirici lövhələr var. Bununla belə bəzi insanlar yemək qalıqlarını, boş qabları və digər tullantıları yerə atırlar”.

V.Cavadov əlavə edib ki, Göygölün yaxınlığında yerləşən Maralgölün ətrafına da xeyli zibil qutuları yerləşdirilib:

“Biz lazım olan bütün tədbirlər görürük. Hətta polisə də müraciət etmişik ki, müəyyən şəxslər barəsində tədbirlər görsünlər. Bundan başqa “qara siyahı”nın da tərtib edilməsi nəzərdə tutulub. Biz bu siyahıya düşən, yəni gölü zibillədiyi üçün cərimələnən şəxslərin hamısının adını nazirliyin saytında yerləşdirəcəyik”.




Teqlər:  





Xəbər lenti