Kərəm Həsənov Göygöldə vətəndaşlarla görüşüb

Kərəm Həsənov Göygöldə vətəndaşlarla görüşüb
  14 Avqust 2015    Oxunub:3412
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul edib.
Komitədən verilən məlumata görə, Göygöl rayonu Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət ediblər. Eyni zamanda, bir sıra müraciətlər pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı olub.

Bununla yanaşı, belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlərini çatdırıblar. Komitə sədri bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir.

Artıq mülkiyyət sahibləri daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə öz əmlaklarına dair çıxarış ala biləcəklər. K.Həsənov dövlət başçısının bu Fərmanının sosial əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılmasıdır.

Bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər. Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti