Yararsız məhsullar məhv edildi

Yararsız məhsullar məhv edildi
  10 Avqust 2015    Oxunub:1411
Bir sıra obyektlərdə keçirilən monitorinqlər zamanı istehlaka yararsız məhsullar aşkar edilərək məhv edilib, qanun pozuntusuna yol vermiş şəxslər barəsində cərimələr tətbiq olunacaq.
İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) AzVision.az - a verilən məlumata görə, İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Binəqədi rayonunda M.Rəsulzadə qəsəbəsi, 120 ünvanında yerləşən Qumru Mirzəyevaya məxsus mağazada, Hacı-Həsən qəsəbəsi, H.Sultanov küçəsində yerləşən Pərviz Paşayevə məxsus mağazada, Suraxanı rayonunda Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 30 ünvanında yerləşən Cəbrəddin Dadaşova məxsus mağazada və Xəzər rayonunda Zirə qəsəbəsi, M.Məmmədzadə küçəsi, 120 ünvanında yerləşən Zakir Ağayevə məxsus mağazada istehlaka yararsız məhsullar aşkar edilib.

Məlumatda qeyd olunur ki, monitorinq zamanı eyni zamanda, Samux rayonunda Ziyadlı kəndində yerləşən İsgəndər Alıxanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Xızı rayonunda Xızı qəsəbəsi, Yaşma stansiyasında yerləşən “Azəri-M İstehsalat-Ticarət” MMC-yə məxsus kafedə, Sabirabad rayonunda Bulaqlı kəndində Əlizaman Zamanova məxsus “Çənlibel” restoranında, Surra kəndində Eldəniz Əliyevə məxsus “Ana Kür” restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsində Bəhram Ömərova məxsus mağazada, Xızı rayonunda Yaşma qəsəbəsində Sədaqət Bəbirova məxsus mağazada da istehlaka yararsız məhsulların olduğu müəyyən olunub.

Nazirlikdən verilən məlumatda həmçinin, Xızı şəhəri, H.Əliyev prospektində yerləşən Sabir Həsənova məxsus mağazada, Ağstafa şəhərində H.Əliyev prospektində yerləşən Şahin Kərimova məxsus mağazada, Tovuz rayonunda Aşağı Öysüzlü kəndində Kamran Ağazadəyə məxsus mağazada, Beyləqan şəhərində M.Rəsulzadə küçəsində yerləşən “Sənan-M” MMC-yə məxsus “Zəfəran” restoranında, Xaçmaz rayonunda Qusarçay kəndində Kamran Məmmədova və Əmirəddin Mursaquluyevə məxsus mağazalarda, Xaçmaz şəhəri, Ə.Məmmədov küçəsində yerləşən Elvin Şirinbalayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Bildirilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti