Leyla Yunus məhkəmədə şahidi təhqir etdi

Leyla Yunus məhkəmədə şahidi təhqir etdi
  27 İyul 2015    Oxunub:4021
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prokuror Fərid Nağıyev ittiham aktını oxudu.

Leyla Yunus ittiham aktı ilə razılaşmayaraq oradakı bir çox faktların təhrif olunduğunu söylədi: “Bir hesabdan digərinə pul köçürülməsi dələduzluq deyil. Biz dələduz deyilik. Özü də bu pullar Azərbaycan hökumətinin pulları deyildi, donor təşkilatların, donorlarla mənim aramdakı pullar olub”.

L.Yunus sonra vəsatətlə çıxış edərək bəzi şəxslərin şahid siyahısından çıxarılmasını tələb etdi. Onun vəsatəti təmin edilmədi.

Daha sonra prosesdə şahidlər dindirildi. İlk şahid - Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olan Zülfəli İsmayılov ifadə verməyə başlayanda Leyla Yunus onun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başladı.

Növbəti şahid Natəvan Hacıyeva ifadəsində bildirdi ki, o, L.Yunusun ofisində qeyri-rəsmi mühasib kimi çalışıb. O, ilkin istintaqa ifadəsini təsdiq etdi.

Növbəti şahid Təhmasib Novruzov da istintaqa ifadəsini təsdiqləyib dedi ki, L.Yunusu hələ 1989-cu ildən yaxşı tanıyır: “Bu adamdan hələ o vaxtdan şübhələnmişdim. Onun ermənilərlə əlaqələrindən şübhələnmişdim. Bu haqda mətbuatda da yazılıb”.

Bundan sonra prosesdə fasilə elan olundu.


Teqlər:





Xəbər lenti