Piriyev kredit borcunu tam ödədi - 9 milyon

Piriyev kredit borcunu tam ödədi - 9 milyon
  25 İyul 2015    Oxunub:4746
Bir müddət əvvəl həbs edilən iş adamı, “AzMeKo” şirkətinin rəhbəri Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu tam ödəyib.

Bu barədə AzVision.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, zavodun qısa fəaliyyəti dövründə “AzMeKo” tərəfindən 193,231 ton məhsul istehsal edilib və 191,463 ton metanolun satışı həyata keçirilib.

Bu satışdan daxil olan ümumi vəsaitdən maya dəyəri, əməliyyat və kommersiya xərcləri çıxıldıqdan sonra qalan 9 milyon AZN vəsaiti AzMeKo şirkəti tam olaraq Azərbaycan Beynəlxalq Bankından alınan kreditlərin bağlanılmasına yönəldib.

Məlumatda şirkətin ödədiyi vergi xərcləri də açıqlanıb: “AzMeKo Metanol Zavodunun fəaliyyət göstərməsi Azərbaycan Respublikasının ixrac potensialının artırılması və gücləndirilməsinə dəstək verir, və Azərbaycan Dövlət Dəmir Yollarının illik daşınma həcminin 10%-nin artırılması potensialı ilə nəticələnəcək. Əlavə olaraq, Metanol Zavodunun fəaliyyəti zamanı ümumi xərclərin 93%-i ölkə daxilində, o cümlədən istehsal, daşınma, əmək haqları, bank faizləri və digər xərclərin bağlanmasına yönləndirilir.

Həmçinin, qeyd etmək lazımdır ki, AzMeKo şirkəti öz fəaliyyəti dövründə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fonduna 75 milyon ABŞ dolları məbləğində vergi və rüsumlar ödəyib. Həmçinin, zavodun nəzərdə tutulan 20-illik fəaliyyəti dövründə mənfəət vergisindən əlavə olaraq ortalama illik vergi xərcləri 14 milyon AZN təşkil edəcək.

Şirkətin əsas vəsaitlərinin dəyəri aparıcı beynəlxalq auditor şirkəti tərəfindən dəyərləndirilərək 30 iyun 2014-cu il tarixinə 613 milyon ABŞ dolları həcmində müəyyən edilib. Şirkətin balansında müxtəlif avadanlıq və qurğular, o cümlədən, Karbon Dioksid tutulması və emalı qurğusu, və metanolun daşınması üçün Ukraynanın “Azovmaş” vaqon istehsalı şirkəti tərəfindən hazırlanan 252 ədəd xüsusi metanol daşınma vaqonları mövcuddur”.

Qeyd edək ki, bir müddət öncə N. Piriyev Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitlərini gecikdirdiyi üçün həbs edilmişdi. Daha sonra sərbəst buraxılan iş adamı mətbuata açıqlamasında kredit borclarının yarı hissəsini ödədiyi üçün azadlığa buraxıldığını söyləyib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti