“İstefa” qrupu Facebook-u məhkəməyə verir

“İstefa” qrupu Facebook-u məhkəməyə verir
  05 İyun 2013    Oxunub:768
“İstefa” qrupunun adminləri Facebook sosial şəbəkəsini məhkəməyə verməyə hazırlaşırlar. Bu barədə “Azadlıq.TV”-yə qrupun admini Turan Türk məlumat verib.
T. Türkün sözlərinə görə, qrup iyunun 6-da saat 05:00-da bağlanıb: “Daha sonra 10:15 radələrində “Xilas” hakimiyyətə yaxın daha 2 qrup bağlanıb”. T. Türkün sözlərinə görə, qrupun bağlanması Facebook sosial şəbəkəsinin daxili qaydalarına ziddir: “Bizə xəbərdarlıq edilməliydi. Lakin belə bir xəbərdarlıq almamışıq”.

T. Türkün sözlərinə görə, ötən ilin sentyabrında rəsmi şəkildə Facebook sosial şəbəkəsinin rəhbərliyinə məktub yazıblar: “O zaman məktub yazıb bildirdik ki, qrup ölkədə ən böyük müxalifət qrupudur. Azərbaycanın müxalifət düşərgəsi üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qrupun təhlükəsizliyinin artırılmasını xahiş etmişdik. Bizə rəsmi şəkildə məktub yazaraq qrupu nəzarətdə saxladıqları barədə məlumuat vermişdilər”.

T. Türkün sözlərinə görə, Facebook sosial şəbəkəsində müxalifət qrupunun bağlanması faktı olub: “İsraildə müxalifət partiyasının qrupu bağlanmışdı. Buna görə Facebook məhkəmə qərarı ilə külli miqdarda cərimə ödədi və qrupun fəaliyyəti bərpa edildi”.

T. Türk hazırda Facebook sosial şəbəkəsinin rəhbərliyinə müraciət edildiyini bildirdi: “Eyni zamanda vəkillərlə məsləhətləşmələr aparılır. Qrupun fəaliyyəti bərpa edilməzsə məhkəməyə müraciət ediləcək ”.

Qeyd edək ki, “İstefa” qrupunun 207 min üzvü var. Qrup 2011-ci ilin fevralın 2-də yaradılıb və Müsavat Partiyasına yaxınlığı ilə tanınır.


Teqlər:





Xəbər lenti