`Leyla xala gözəldir, saçları da uzundur` - Talassemiyalı uşaqlar

`Leyla xala gözəldir, saçları da uzundur` - Talassemiyalı uşaqlar
  03 İyul 2015    Oxunub:18221
3 iyul. Adi gün idi. Amma səhər 9-a qədər. İşə gəldim, saytı açdım... Manşet: “Leyla Əliyeva üçün özəl gün”.

Təbrik üçün müsahibə almalı idim. Kreativ və özəl olmalı idi. Bir az axtarışdan sonra Leyla xanıma ən gözəl təbrikin uşaqlardan gələcəyini düşündüm. Və Respublika Talassemiya Mərkəzini məkan seçdik.

Gözəl və əzəmətli bir binanın qarşısında durduq. Yeni bina idi. Baxillərimizi ayağımıza keçirib, içəri daxil olduq. Körpələr o yana bu yana qaçırdılar. Qışqırışırdılar. Hətta biri əlinə telefon alıb, ağlayırdı. Deyəsən, atasına anasından şikayət edirdi. Balaca qolunda kiçik sarğı var idi. Ona da iynə vurmuşdular. Qırıq-qırıq cümlələr səsləndirirdi: “Ata, buna bax. Ana, gəl gedək buradan”.



Dəhlizin sonuna - Respublika Talassemiya Mərkəzinin direktor müavini Ceyhun Məmmədovun otağına yaxınlaşdıq. O, bizə - yəni AzVision.az-a 3 iyul tarixindən danışıdı. Bu gün ad günü olan Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyevanın talassemiyadan əziyyət çəkən xəstələrə göstərdiyi qayğıdan söhbət açdı:



- Bu gün çox sevindirici bir gündür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın doğum günüdür. Biz onun Mərkəzimizdə müalicə alan talassemiyalı xəstələrə daim diqqət göstərdiyinin hər zaman şahidi olmuşuq. Çox sevindirici bir haldır ki, Leyla xanımın ad günü ilə bağlı müsahibə vermək mənə qismət oldu. Ona uzun ömür, can sağlığı və gələcək fəaliyyətində uğurlar, yeni-yeni nailiyyətlər arzu edirik. Bu Mərkəz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə faəliyyət göstərir. 2009-cu ildən bəri məhz talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarımız bu mərkəzdə pulsuz, dövlət hesabına müalicə və müyinə olunurlar.

2013-cü ildən isə bu xəstəliyin radikal müalicəsi, yəni sümük iliyinin transplantasiyasına start verildi. 2014-cü ilin may ayından bu günə qədər artıq 18 xəstəmiz üzərində sümük iliyinin transplantasiyası əməliyyatını uğurlu bir formada keçirmişik. Bu əməliyyatlardan biz əla nəticələr əldə etmişik. Bütün bunlar birbaşa olaraq Mehriban və Leyla xanımların təşəbbüsü ilə həyata keçirilib. Sümük iliyinin transplantasiyası xarici ölkələrdə çox maddi xərc tələb edən bir əməliyyatdır. Bizim Mərkəzdə isə bu əməliyyatlar dövlət hesabına keçirilir. Leyla xanım Əliyeva mütəmadi olaraq bizim mərkəzə baş çəkir və xəstələrimizin vəziyyəti ilə maraqlanır. Talassemiyalı uşaqlara həddiyələr verir və onlara qayğı ilə yanaşır. Bu görüşlər çox səmimi olur. Biz də onun qayğısını həmişə öz üzərimizdə hiss edirik.



Leyla xanım mərkəzimizə gələndə uşaqlar arasında ayrı-seçkilik salmır. Hamıya bir gözlə və yüksək səviyyədə qayığı ilə yanaşır. Mərkəzimizdə müalicə alan ən kiçik uşağın 1 yaşı var. Leyla xanım uşaqlara və bizim kollektivə o qədər səmimi münasibət göstərir ki, o gedəndən sonra yaddaşımızda xoş xatirələr qalır. Bu qayğı bizə daha yaxşı işləmək üçün stimul verir. Onun gəlişi xəstələrimizə həyatı yaşamağa və ondan ləzzət almağa stimul verir.

C. Məmmədov Leyla Əliyevanın Republika Talassemiya Mərkəzini ziyarəti zamanı baş verən bir hadisəni də danışdı:

- Leyla xanım Mərkəzimizə gələn zaman bir xoş hadisə baş vermişdi. Belə ki, onun gəlişi zamanı stasionar müalicə alan 7 yaşlı bir qızımız Leyla xanımla ünsiyyətdə olub. Leyla xanım isə ona hədiyyələr verib. Altı aydan sonra həmin qızımız yenidən müalicə almaq üçün Mərkəzimizə gəldi. Bu zaman o, həkimlərimizə maraqlı bir sual ünvanlamışdı: “Leyla xala yenə gəlib, mənə hədiyyə verəcəkmi? O, gəlməsə məni müalicə edərsiniz?”



Direktor müavininin otağından çıxdıq. Əynində yaşıl kofta olan, qara saçalı, qolunda ağ sarğılı balaca bir qız uşağı Mərkəzin sakit dəhlizində üstümüzə qaçırdı. Deyəsən, o da iynədən qorxurdu. Yaxınlaşdıq və onunla da ünsiyyət qurmağa çalışdıq.

- Adın nədir?

- Minə

- Neçə yaşın var?

- 6 yaşım var.

- Böyüyəndə nəçi olacan?

- Turan xala kimi həkim olacam. O da burda işləyir. Mənim həkimimdir.

- Leyla xalanı tanıyırsanmı?

- Leyla xalaya televizorda baxıram. Hamıya kömək edir.

- Onu görmək istəyirsənmi?

- Anama da demişəm, Leyla xalanı mənə versin. Onu görmək istiyirəm.

- Leyla xalanı niyə çox istəyirsən?

- O, çox gözəldi. Saçları da uzundu. Qaradı. Özü də şirindi.

- Bu gün Leyla xalanın ad günüdür. Ona nə demək istəyirsən?

- Leyla xalanı təbrik edirəm.Onu görmək istəyirəm. Bizi görməyə gəlsin. Böyüyəndə Leyla xala kimi mən də gözəl olacağam.



Minənin yanında isə bir qadın otumuşdu. Hərdən gözələri dolur, hərdən də Minəyə baxıb gülürdü. Ondan kim olduğunu soruşduq: “Minənin anasıyam. Adım Kəmalə Muliyevadır”.

Anası balaca Minənin sözlərinə bunları əlavə etdi:


- Leyla xanım çox xeyirxah və humanist bir qadındır. Necə ki, biz Leyla xanımdan razıyıq, Allah da ondan razı olsun. O, Minə kimi uşaqlara çox qayğı göstərir. Belə bir gözəl Mərkəzi yaratdıqları üçün onlara çox minnətdarıq. Minənin gələcəyinə də böyük ümid bəsləyirik. Leyla xanımı ad günü münasibəti ilə təbrik edirəm. Həyatda yaxşı nə varsa ona arzu edirəm.


Hafiz Əhmədov
Fotolar: Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti