DYP-dən Abid Şərifovun fikirlərinə reaksiya

DYP-dən Abid Şərifovun fikirlərinə reaksiya
  03 İyul 2015    Oxunub:20479
Xəbər verdiyimiz kimi, rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq.
Bu barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. Komissiya sədrinin bu açıqlamasından sonra müxtəlif fikirlər səsləndirilib.

Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var.

Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək.

Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə, ümumiyyətlə, qadağa qoymaqdır.

Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib.

AzVision.az-a açıqlamasında DYP rəsmisi bildirib ki, mətbuatda yazılan və səslənən fikirlər insanların şəxsi təxəyyüllərinin məhsuludur.

“Bu barədə konkret qərar qəbul olunarsa, rəsmi məlumat veriləcək. Hələ ki, I Avropa Oyunları zamanı tətbiq olunan məhdudiyyətlərin müddəti 10 gün müddətinə uzadılıb”.

K.Əliyev bildirib ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacağı barədə açıqlama verib.

“Bundan başqa səslənən təkliflərin heç biri rəsmi şəkildə deyil və ayrı-ayrı jurnalistlərin təxəyyülünün məhsuludur. Heç kim özündən uydurma bir qərar fikirləşib yazmasın. Son qərar nə olacaqsa, bu barədə mətbuata açıqlama veriləcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti