“Ciddi addımlar atmaq lazımdır” – Millət vəkili

“Ciddi addımlar atmaq lazımdır” – Millət vəkili
  24 İyun 2015    Oxunub:2793
“I Avropa Oyunları başlayan ərəfədə Avropa təsisatlarının sistemli şəkildə, bir-birinin ardınca Azərbaycan əleyhinə qərarlar qəbul etməsi, Almaniya parlamentinin də bu işə qoşulması göstərir ki, məqsəd ölkəmizdə insan haqlarının vəziyyəti deyil, siyasi xarakterli təzyiq formasıdır”.
Bu fikirləri AzVision.az-a Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa “Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qəbul edilən qətnamədən danışarkən deyib.

Partiya sədri bildirib ki, hətta bu məsələlərdə haqlılıq dərəcəsi olsa belə onun ətrafında daha çox ermənipərəst qüvələrin canfəşanlığı çox mətləbləri ortaya qoyur: “Görəsən biz bu gün Ermənistanda baş verən hadisələr fonunda eyni canfəşanlığı görə biləcəyikmi? Eyni canfəşanlığı həmin adamlar edəcəkmi? Əsla. Avropa təsisatları Azərbaycanda insan hüquqları ilə bağlı problemləri aradan qaldırmaq üçün ölkə hakimiyyəti ilə əməkdaşlıq edərək bu məsələnin həllinə çalışardı. Bu məsələlər siyasi xarakterlidir”.

F. Mustafa hesab edir ki, bəzi məqamlar var ki, onları gündəmə gətirmək üçün Azərbaycanı qane edən addımların atılması vacibdir: “Məsələn, Ermənistana işğalçı dövlət kimi sanksiya tətbiq olunması məsələsinin gündəmə gətirilməsi konteksində Azərbaycanda insan haqları məsələsi qaldırılsa, bu artıq səmimiyyətə şübhə yeri qoymaz. Amma, indiki şərtlərdə bu addımlar tamamilə məqsədli, sifarişlidir. Məqsəd isə odur ki, Azərbaycanın Qafqazda önə çıxan bir ölkə olmasının müəyyən dərəcədə qarşısı alsınlar. Yəni onların fəaliyyəti əsasən bu məsələyə yönəlib.

Avropa mühitini, Avropa Şurasını tanıdığımza görə orada erməni gücünün nə olduğunu yaxşı bilirik. Ona görə, bu problemlər Azərbaycanda insan haqlarının vəziyyətinə ciddi təsir edəcək məsələlər deyil və hakimiyyət ciddi addımlar atmalıdır. Halbuki bunu yumuşaltmaq üçün Avropa Şurası tərəfindən addımların atılması daha faydalı olardı”, – deyə deputat əlavə edib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti