“Emin Hüseynov açıq-aşkar casusdur” - Deputat

“Emin Hüseynov açıq-aşkar casusdur”  - Deputat
  23 İyun 2015    Oxunub:3993
“I Avropa Oyunları Qərb dairələri üçün mühüm bir testə çevrildi. Yəni, Azərbaycan oyunlar üzərindən Qərb dairələrinin real daxili, mənəvi, siyasi həyatını, beynəlxalq maraqlarının vəziyyətini müəyyənləşdirə bildi”.


Bu fikirləri AzVision.az-a deputat Zahid Oruc I Avropa Oyunları kimi mötəbər idman yarışına yer ayırmayan CNN-nin Emin Hüseynova 10 dəqiqəyə yaxın efir vaxtı verməsinə münasibət bildirərkən deyib.

Z. Orucun sözlərinə görə, Aərbaycan insanına tamamilə bəllidir ki, sabah Cəbrayılın və ya Füzulinin bir kəndini azad etməyimiz fonunda əsgərimizin öz doğma kəndinə qayıtması təqdirində hansı beynəlxalq qurumlardan necə reaksiyaları alacağıq, yəni mənzərə bizim üçün aydındır: “Emin Hüseynov məsələsi sözün bütün mənalarında diplomatik, siyasi normalara və dövlətlərarası qaydalara zidd olan hadisə idi. Bəlkədə “soyuq müharibə” dövrünün əsl dedektiv janrlarına uyğun olan məsələyə çevrilmişdi. Çünki, sözügedən şəxsin keçmişini bir kənara qoysaq, onun bu dövr ərzində açıq cəsus fəaliyyəti apardığı heç kimə sirr deyil. Sadəcə, klassik dövrdən fərqli olaraq, gözəgörünməz cinahda, məxfi fəaliyyətlər real müstəviyə keçib. Yəni, hər kəs deyir ki, bu mənim adamımdır. Onlar da böyük dövlətlərin külli miqdarda vəsaitləri hesabına işləyirlər və milli dövlətlərin bu adamlara qarşı addımlar atma ixtiyarı yoxdur. Ona görə də bizim qarşımıza belə bir mənzərə qoyublar ki, Leyla Yunus, Xədicə İsmayıl, Emin Hüseynov Qarabağdan qiymətlidir. Beynəlxalq təşkilatların apardığı fəaliyyət fonunda bir sinxronlaşma var”.

“CNN, BCC, Euronews və digər ağır artileriya hücumunu həyata keçirən kanallar dünyada müstəqillik, media azadlığı stimullaşdırmaq, bəyan etmək və hər kəsi buna səsləməkdədirlər. Onlar indiyə qədərki dövrdə müxtəlif ölkələrin iç problemlərini öz tribunalaraından səsləndirməklə dünyada sülhə, təhlükəsizliyə, azadlıqlara xidmət etdiklərini göstəriblər. Lakin, mühüm dönəmlərdə biz şahidi oluruq ki, nəinki sərbəstlikdən və müstəqillikdən danışmaq mümkün deyil, bu kanallar, xüsusilə də ABŞ-ın sadəcə informasiya səngərində birləşdirdikləri çox mühüm resurs və qüvvədirlər. Ona görə də Emin Hüseynov birdən-birə bu qədər böyük auditoriyaya malik kanalların ağlına gəlir və dərhal da efirə çıxarırlar. İsveçrə səfirliyinin 8-10 aylıq himayəsi altında olan və Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim olunmayan adam çox asanlıqla özünə efir qazanır. Əksini düşünməyə çalışaq. Doğrudanmı, Dağlıq Qarabağ məsələsi bu qədər asan, Ukrayna münaqişəsi kimi adıçəkilən kanallara yol tapa və işıqlana bilərdi? Gerçəkdənmi, Şuşadan olan bir məcburi köçkün Emin Hüseynovun yerində otura və Ermənistanı aşkar bir şəkildə ittiham edərdi ki, Şuşa, Xankəndi təcavüz altındadır. Həqiqətənmi BBC tərəfsiz kanal olmaq iqtidarındadır ki, Azərbaycana qarşı həyata keçirilmiş qəsbkarlığı özlərinin kamerasının obyektivinə gətirsinlər və bu vasitə ilə dünyada erməni şovinizmini lənətləsinlər. Bunları indiyə qədər göstərməyiblər və qətiyyən göstərmək gücündə deyillər”, – deputat qeyd edib.

Z. Oruc vurğulayıb ki, Avropa Oyunları fonunda Azərbaycan Avropadan çoxlu oyunlar görüb və real olaraq tatamidə, rinqdə, su polosu meydanında deyil, Berlindən, Brüsseldən, Avropa parlamentinin yerləşdiyi məkandan ölkəmiz əleyhinə çoxlu çirkli informasiya seli dağıdıldı və bu CNN, BBC, Euronews kimi kanallardan da yan keçmədi.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti