Oyun istəyirsinizsə, gəlin

Oyun istəyirsinizsə, gəlin
  11 İyun 2015    Oxunub:4215
Sahib Alıyev

İyunun 10-da Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. İyunun 8-də isə Avropa Parlamentinin vitse-prezidenti, Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.


İyunun 10-da Avropa Parlamentində bəlli çevrələrin tapşırığıyla yenidən anti-Azərbaycan şousu təşkil edilmişdi. Bir qrup deputat əyinlərinə “siyasi dustaq” kimi təqdim etdiklərinın şəkilləri olan köynəklər geyinmişdilər. Burada məqsədin nə olduğu aydındır. Qara niyyətli, qara xislətli, bəzi hallarda içlərinin rəngi üzlərinə vurmuş birilərinin istəyinə uyğun hərəkət etmədiyinə, müstəqil siyasət yeritdiyinə görə ölkəmizi gözdən salmaq.

Onların Türkiyə-Ermənistan sərhədlərinin açlması planını əngəlləyən, bu yöndəki bütün cəhdlərə sinə gərərək dirəniş göstərən dövlətimizi qaralamaq. Amma bir şeyi unudurlar: aramızdakı bəzi satqın, şərəfsiz və müntəzirləri nəzərə almasaq, bütün bunlar bizi daha da birləşdirir. Çünki bu xalq onların Azərbaycanın adının ölkəmizin dostu olduqları, bizə canları yandıqları üçün hallandırmadığını yaxşı dərk edir.

Əgər canları yansaydı, insan haqqından dəm vuranları hazırda bu baxımdan ən çox əziyyət çəkən azərbaycanlılar düşündürərdi. O azərbaycanlılar ki, təqribən dördə bir əsrdir öz yurd yerlərindən diddərgin düşüblər. Gedib oralara baş çəkmək istəyəndə isə ya Həsən Həsənov kimi qətlə yetirilir, ya da Dilqəm Əsgərovla Şahbaz Quliyev kimi işgəncə verilərək həbsə atılırlar.

Aydındır ki, öz torpaqlarında yaşamaq haqqı əlindən alınan azərbaycanlıların portretləri olah köynəyi istehsal etmək mümkün olsa belə, qərbdə, nəinki qərbdə, bütün dünyada onları geyəcək sayda parlamentari yoxdur. Fəqət həmin yurd yerindən didərgin düşənlərin hazırda daha çox əziyyət çəkən iki təmsilçisi kimi Dilqəmlə Şahbazın portretləri olan köynəklər geyilə bilər ki. Avropalı parlamentarilərin əyninə üzərində guya haqqı tapdanan adamların portreti olan köynək geyindirən bəlli güc nədən bunu etmir.

Əgər məqsəd doğurdan da haqlının və haqqın yanında yer almaqdırsa, nədən həmin Martin Şultsa tapşırıq verilmir ki, onun rəhbərlik etdiyi qurumlar Azərbaycanın işğal altında olan bölgələrinin şəkilləri olan köynəklər geyərək, bu vəhşiliyi törədənlərlə bağlı dinləmə keçirsin? Axı Avropa oyunları qabağı bu, lap yerinə düşərdi. Bura gələn avopalılar ancaq abadlıq görəcəklər. Halbuki ermənilərin xarabazarlığa çevirdiyi, bu günlərin özündə belə od vurub yandırdığı nə qədər şəhər, qəsəbələrimiz var.

Həmin torpaqlardan, o torpaqlarda yaşamış haqqı tapdanan soydaşlarımızdan söz düşəndə qərbdəkilərin necə davrandıqlarını bu xalq bilmirmi? Bilir, əlbəttə. Bilir və yurd yerlərimizi xarabazarlığa çevirənlərdən də çox onlara havadarlıq edənlərə, həmin havadarların qulluğunda duran içimizdəki şərəfsizlərə, yaramazlara nifrət edir. Və yaxşı anlayır ki, Leyla Yunus kimilərin portretləri olan köynək geyərək belələrinin buraxılmasını tələb edənlər bununla nə demək istəyirlər. Deyirlər ki, onlar bizim adamdırlar, bizim tapşırığımıza hərəkət ediblər, bizə işləyiblər və bizim köynəyimizdən çıxıblar, ona görə də buraxılmalıdırlar.

Dövlətin cavabı isə belədir: Azərbaycanı oyuna cəlb etmək və Azərbaycanla oynamaq olmaz! Oyun istəyirsinizsə, keçiririk, buyurun, gəlin.


Teqlər:  





Xəbər lenti