“Hələ də şokdayam, bura Bakıdır?..” – Reportaj (FOTOLAR)

  11 İyun 2015    Oxunub : 87069
“Hələ də şokdayam, bura Bakıdır?..” – Reportaj (FOTOLAR)
Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar paytaxta müxtəlif ölkələrdən turistlər gəlib.

Onların əksəriyyəti Azərbaycana ilk dəfədir təşrif buyururlar.

Bakının seyrinə çıxan əcnəbirlərlə həmsöhbət olub, onların Azərbaycanla bağlı fikirlərini öyrəndik.


İlk qarşılaşdığımız turist Peter De Beerdir. Hollandiyadan gələn qonaq Bakıya ikinci dəfədir səfər edir. O, bundan öncə ölkəmizdə qış aylarında olub.



2010-cu ildə “Eurovision” mahnı müsabiqəsində Safuranı gördüm. nun oxuduğu mahnıdan çox xoşum gəldi. Həmin vaxta qədər isə Azərbaycan haqqında heç bir məlumatım yox idi. Araşdırma aparmağa başladım ki, Safurə hansı ölkədəndir. Bununla da Azərbaycanla əlaqələrim yarandı”.

61 yaşlı turist ölkəmizə heyran qaldığını gizlətməyib.

“Facebook səhifəmdə həmişə Azərbaycan və Bakı haqqında olan məlumatları, şəkilləri paylaşıram. Və bilirəm ki, başınıza çox hadisələr gəlib.

Qeyd edim ki, Azərbaycanın tarixi ilə də maraqlanıram. Bilirəm ki, ölkənizdə ermənilərlə ərazi münaqişəsi var. Hər dəfə bura gələndə insalara bu haqda sual verirəm. Düzdür, onlara başlarına gələnlərlə bağlı danışmaq çətindir, özlərini piss hiss edirlər.

Hətta onu da bilirəm ki, Azərbaycanın bir hissəsi İranın tərkibindədir. Xocalı memorialını da görmüşəm”.

Maliyyə üzrə mütəxəssis olan Peter Bakını çox sevdiyini, tez-tez bura gəlmək istədiyini vurğulayıb.

“Azərbaycana ikinci dəfə könüllü kimi gəlmək istəyirdim. Sənədlərimi də buna görə göndərmişdim. Ancaq aprel ayında mənə məktub gəldi ki, könüllü kimi iştirak edə bilmərəm. Ona görə də Bakıya ikinci dəfə turist kimi gəldim”.

Onun sözlərinə görə, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar qonaqpərvər və gülərüzdür.

“Burada insanlar çox mehriban və qonaqpərvərdirlər. Mən çox ölkə gəzmişəm, buradakı insanlar qədər mehriban insan görməmişəm. Burada dostlarım var, hazırda onlarla birgə qalıram”.

Peter deyir ki, Azərbaycan və Hollandiya mətbəxi fərqli olsa da, milli yeməklərimiz ağız dadına uyğun gəlir.

“Həmin ailədə ənənəvi Azərbaycan yeməkləri yeyirəm, yaxşıdır, heç bir problem yoxdur. Sadəcə olaraq adlarını yadda saxlaya bilmirəm”.

Hollandiyalı qonaq adətlərimizlə bağlı narazı qaldıqları məqamları da dilə gətirməkdən çəkinmədi: “Mən Hollandiyada yaşayıram, ora çoz azad ölkədir. Sizdə qadınları çox sıxırlar. Bizdə qızlar öz oğlan dostları ilə birgə yaşayırlar, birlikdə hər yerə gedə bilirlər. Amma sizdə belə deyil. Onlara azadlıq verilməlidir, kiminlə istəyirlərsə, yaşamalı, gəzməlidirlər. Bu adətləri dəyişdirsəniz çox yaxşı olar.

Bir könüllü qız ilə müsahibə edirdim. Onunla dostlaşdıq. Sonra təklif etdim ki, gəl bir yerdə harasa gəzməyə gedək. Əvvəlcə razılaşdı. Sonra mesaj yazdı ki, valideyinlərim mənə xarici ilə görüşməyə icazə vermir. Bu mənə pis təsir edir”.

Cek və Olqa cütlüyü isə Bakıya Fransadan gəliblər.



Cek milliyətcə fransız, Olqa isə rusdur. Onlar artıq iki gündür Bakıdadırlar.

“İlk dəfədir Bakıya gəlirik. Çox gözəl şəhərdir. Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür edə bilməzdik. Bakıdayıq, yoxsa Avropanın hansısa şəhərlərindən birində?

Bura Asiya ilə Avropanın qovuşduğ bir məkandır. Bakı gözəl və müasir şəhərdir. Şəhərdə gəzməli- görməli yerlər çoxdur. Bakıda gənclər rus dilini bilir,çox səlist danışırlar. Buna çox sevinirəm”-deyə qonaqlar vurğulayıblar.

Cütlük Bakını tam fərqli təsəvvür etdiklərini də gizlətməyib.

“Düşünürdük ki, Bakı müsəlman şəhəridir, qadınların hamısı hicablı olacaq və s. Bura gələndə gözlərimizə inana bilmədik ki, doğurdanmı bura Bakıdır? Hələ də şokdayıq. Çox müasir şəhəriniz var, insanları mehriban, xoşniyyətlidirlər?”.

Ölkəmizdə Cənubi Afrikadan gəlmiş Maryke və Yunanıstanlı İoannis isə oyunlar zamanı fizoterapist kimi çalışacaqlar.



“Qısa müddətdir buradayıq. Amma hələ ki, ölkənizi yaxşı tanımamışıq. Mehriban insanlara oxşayırlar. Əslində biz o qədər də fərqli deyilik. Sadəcə olaraq müxtəlif ölkələrdə doğulduğumuz üçün dillərimiz fərqlidir. Belə baxanda çox da böyük fərqimiz yoxdur. Azərbaycan dilini yaxşı bilmirik deyə buradakı insanlarla çox da ünsiyyət qura bilmirik”-deyə Maryake bildirdi.

Kanadalı Stiven və Kaliforniyadan gəlmiş Luiza vaxtlarının az olmasına baxmayaraq, bizimlə söhbətə etiraz etmədilər.



Stiven:

Avropa Oyunlarına görə Azərbaycana gəlmişik. İşimiz televiziya ilə bağlıdır. Mən direktor, Luiza isə mənim köməkçimdir. İlk dəfədir ki, İçəri Şəhərdəyəm. Burada hər şey mənə maraqlıdır. Artıq bir həftədir ki, buradayıq. Ancaq boş vaxtımız olmadığndan Bakının adət-ənənələri ilə az tanış olmuşuq. Musiqilərinizə qulaq asmışam. Yadımda saxlaya bilməsəm də, çox xoşuma gəlib”.

Rusiya vətəndaşı Sergey də ilk dəfədir ki, Azərbaycana gəlib.



“Mən Bakıya Xabarovskdan gəlmişəm. İlk dəfədir burada oluram. Çox gözəl şəhərdir. Təəssüf ki, əvəllər gəlmək imkanım olmayıb. Təssüratlarım çox yaxşıdır. Ən əsası Bakıda sən küçədə gəzəndə özünü rahat hiss edirsən, heç bir təhlükə yoxdur”.

Şahanə Rəhimli
Fotolar: Nuran Məmmədov

Foto


Teqlər: