Neoimperializm yeni mərhələdə - Dinləmə keçirildi

Neoimperializm yeni mərhələdə - Dinləmə keçirildi
  10 İyun 2015    Oxunub:1497
“Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası və “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyası “ABŞ-da insan haqlarının vəziyyəti: Neoimperializm yeni mərhələdə” mövzusunda dinləmələr keçirib.

Koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı “qara piar” kampaniyası güclənir.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdi: anti-Azərbaycan kampaniyası” mövzusunda məruzə ilə çıxış edib: “Hər il bəzi aparıcı güclər, onların himayəsində olan beynəlxalq təşkilatlar dünyanın müxtəlif bölgələrində münaqişələrin ictimai diplomatiya yolu ilə tənzimlənməsi üçün milyardlar xərcləyirlər. Bəs nə üçün bu güclər ayrı-ayrı dövlətlərin öz resursları hesabına öz ərazilərində keçirdiyi və sülh, əmin-amanlıq, humanizm prinsiplərinə, ictimai diplomatiyaya xidmət edən Birinci Avropa Oyunları kimi tədbirlərə qarşı çıxırlar? Sadəcə, imperializm öz mahiyyətini dəyişmədiyi üçün “parçala və hökm sür” prinsipi də dəyişməyib.

Belə tədbirlər böyük güclərin təsirindən kənarda keçiriləndə onların imperialist maraqlarına xidmət etmir. Bu gün enerji mənbələrinə nəzarəti ələ keçirməyə çalışanlar ayrı-ayrı ölkələri xaosa sürükləməklə kifayətlənmir, dünya üzərində nəzarəti həyata keçirməyə çalışırlar. Amerika Erməni Milli Komitəsinin rəhbərinin Birinci Avropa Oyunlarını boykota çağırışı diqqətdən kənarda qala bilməz. Bu şəxsin imzasına Qorbaçova müraciətdən 907-ci Düzəlişə qədər, hər yerdə rast gəlinir. Böyük güclərin Azərbaycanda təmin olunmayan korporativ maraqları bu idman oyununa münasibətdə ortaya çıxır”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik cəhdlərinin güclənməsi” mövzusunda çıxış edib. O qeyd edib ki, ABŞ heç vaxt multikulturalizmi dəstəkləməyib, müxtəlif xalqların mədəniyyətlərini assimilyasiya etməklə pan-Amerika mədəniyyəti formalaşdırmağa çalışıb: “Azərbaycanda insan haqlarının pozulması barədə təbliğat aparmaq gülüncdür. Azərbaycandan fərqli olaraq, ABŞ BMT-nin İnsan Hüquqları Komitəsi ilə əməkdaşlıq etmir. Bütün bunlar Azərbaycana münasibətdə qərəzi ortaya çıxarır”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət ABŞ-da polislərin öldürdükləri gənclərin əksəriyyətinin qaradərili olduğunu və qaradərililərin öldürülməsinin ağdərililərlə müqayisədə 21 dəfə çox olduğunu açıqlayıb: “ABŞ-da 10 dəqiqə ərzində ölümə məhkum edilmiş 14 yaşlı gəncin 70 il sonra günahsız olduğu üzə çıxdı. Keçən il avqustun 9-da ağdərili polis qaradərili gənci öldürmüşdü. Cəmi 8 gündə polis 52 jurnalistə qarşı zorakılığa yol verib, 21 jurnalist həbs olunub, 8 dəfə polis jurnalisti silahla hədələyib. Ancaq beynəlxalq təşkilatlar bu faktın birini də qeydə almayıb. Ancaq Azərbaycanda polis bir jurnalisti 1-2 saat dindirməyə çağıranda həmin gün axşam ABŞ Dövlət Departamenti bəyanat verir. Bunların Azərbaycandan başqa dərdi yoxdur? Yatıb durub, Azərbaycan kimi ölkələrin üzərinə gəlirlər. Şəxsi həyata müdaxilə məsələsinə gəlincə, Snoudenin ortaya qoyduğu faktlar göstərdi ki, ABŞ-ın müvafiq strukturları dünyada hər kəsi izləyir. Azərbaycana münasibət ikili standartdan başqa bir şey deyil”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Leqal korrupsiya və lobbiçilik - ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi” mövzusunda çıxış edib: “Azərbaycanda Birinci Avropa Oyunları ilə bağlı 960 milyon manat xərclənib. Pan-Amerika Oyunları ilə bağlı isə əvvəlcə 1,6 milyard dollar xərclənməsi nəzərdə tutulmuşdursa, sonra bu rəqəm artırıldı. Təkcə məşəlin gətirilməsinə 60 milyon dollar xərcləndiyi bildirildi. ABŞ-da son prezident seçkilərində şirkətlər seçki kampaniyalarına 4 milyard vəsait xərcləmişdilər. Ancaq sonradan bu şirkətlər tenderlərdə 3 trilyon dollarlıq layihələr aldılar. Bu, siyasi korrupsiyanın sübutudur. Siyasi korrupsiya mənfəət naminə vəsaitlər xərcləməkdir. ABŞ-da neft-qaz şirkətləri ildə 179 milyon dollar lobbi işlərinə xərcləyirlər. Alyaskanın qubernatoru təkcə bərbər, stilist xidmətlərinə 150 min dollar xərcləyib. ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obamanın bir rəfiqəsinin sayt hazırlamasına ABŞ dövlət büdcəsindən 700 milyon dollar xərclənib. Azərbaycana mənfi münasibəti bəlli olan Riçard Kozlariç Nyu-Yorkda 70 yaşlı parlamentarın 4 milyon dollar xərcləməsinə münasibət bildirərkən deyib ki, bu parlamentar çox bahadır, belə olan halda Azərbaycanı tənqid etmək çətin olacaq. Təkcə İtaliyada korrupsiyanın dövriyyəsi 60 milyard dollardır. Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı qüvvələr daha da fəallaşırlar. Avropa Oyunlarının açılışı ilə bədxahlara göstərəcəyik ki, Azərbaycan nəfə qadirdir. Xalqımız dövlətin yanındadır”.

“ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiya, rəngli inqilablar və onların fəsadları” mövzusunda çıxış edən “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov qeyd edib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, ancaq ABŞ adekvat addımlar atmır: “ABŞ başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərə qarışmağa çalışır. ABŞ ilk növbədə alqı-satqını dollarla aparmaq istəməyən dövlətlərə qarşı çıxır. Səddam Hüseyn OPEK-dən tələb etdi ki, neft alqı-satqısı dollarla aparılmasın, taleyi məlumdur. Liviya prezidenti Qəddafi neft satışını avro ilə aparacağını bəyan etmişdi, az sonra ona qarşı inqilab təşkil etdilər. 2011-ci ilin yanvarında Bəşər Əsəd neft alqı-satqısını rus rublu və Çin yuanı ilə aparacağını açıqladı, həmin ilin martında Suriyada qarşıdurma başladı. Yəni ABŞ ilk növbədə dünyada dolların mövqeyini gücləndirməyi və buna qarşı çıxanlara qarşı mübarizə aparmağı əsas məqsəd kimi qarşıya qoyub. ABŞ özünə müstəsnalıq hüququ verib, yalanı o qədər deməyə çalışırlar ki, həqiqət kimi qəbul edilsin. Martin Lüter Kinq arzu edirdi ki, ABŞ başqa ölkələrin daxili işlərinə qarışmağa, narıncı inqilablar törətməyə son qoysun”.

Koalisiyanın koordinatoru, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, ABŞ-da irqi ayrı-seçkiliklə bağlı baş verən qətllər, korrupsiya halları başqa dövlətləri tənqid edən ABŞ-da baş verir: “Əgər dünya bərabərhüquqlu prinsiplər əsasında qurulubsa, hər kəs başqasının seçdiyi yola hörmətlə yanaşmalıdır. Əks halda biz də məcbur oluruq ki, başqalarının daxili durumunu müzakirə edək. Əgər bu gün ABŞ-da insanın təhlükəsiz yaşamaq hüququna təminat yoxdursa, yaşamaq təhlükəlidirsə, o halda Konstitusiya və İnsan Hüquqları Bəyannaməsi ilə yaşananlar arasında çox böyük fərq var”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəimzadə deyib ki, ABŞ-da insanlığa qarşı atılan addımlar narahatlıq doğurur: “ABŞ-da yetkinlik yaşına çatmayan gəncin edam olunması bu ölkədə vəziyyətin nə yerdə olduğunu göstərir. ABŞ-ın başqa ölkələrin daxili işlərinə qarışması tamamilə yolverilməzdir. ABŞ-da qaradərili insanlara kifayət qədər təqib və təzyiqlər varsa, hansı demokratiyadan danışa bilərlər? Sadəcə, insan hüquqlarını bəhanə edərək başqa ölkələrin daxili işlərinə qarışmağa çalışırlar. İnsan hüquqlarına hörmət etməyən ölkənin başqa ölkələrdə bunu bəhanə edərək həmin ölkənin daxili işlərinə qarıması ikili standartdır. Azərbaycana qarşı “qara piar” kampaniyasının ABŞ-dan başlaması da təsadüfi deyil. Yeni müstəqillik qazanmış ölkələri öz təsir dairələrinə salmağa çalışırlar”.
(APA)


Teqlər:





Xəbər lenti