Qaynayan kişilər, erməni dığası və bir dollar... - Misirdən reportaj

Qaynayan kişilər, erməni dığası və bir dollar... - Misirdən reportaj
  09 İyun 2015    Oxunub:8866
Misirə artıq ikinci dəfə idi ki, ayaq basacaqdım. Və bilirdim ki, ikinci səfər daha maraqlı və əyləncəli olacaq. Ona görə ki, birincidən fərqli olaraq, tək jurnalist -turist kimi deyil, həmçinin, yenicə dayvinq kursunu bitirmiş dalğıc kimi gedirdim...

Gözlənilən vaxt-vədə çatdı. Müxtəlif peşə sahiblərindən ibarət dalğıc dostlarla görüşdük və gecənin bir yarısı təyyarəyə çatmaq üçün Tiflisə üz tutduq. Nəzərə alsaq ki, səyahət yoldaşlarım dalğıclardır, təbii ki, yol boyu hansısa darıxmaqdan söhbət gedə bilməzdi. Deyib-gülmək, zarafatlaşmaq bir yana, akulanı necə salamlayacaqlarını planlaşdıran komandanın üzvüləri sizcə qaşqabalı, qaradinməz olar? Əlbəttə, yox!

... “Qırmızı körpü”! Yolumuzun bir hissəsini qət edə bilmişdik. Bircə qalırdı gəldiyimiz avtobusla Tiflis hava limanına getmək. Di gəl ki, sabahın hələ xoruz banlamamış vaxtı, Gürcüstan sərhəddində nə avtobusumuzu, nə də ki, sürücümüzü tapa bilirdik. Bir qədər gözlədik, aydın oldu ki, bizimlə bərabər sərhəddi keçən sürücümüz avtobusu rentgendən keçirir... Xeyli zarafata, gülüşə səbəb olan “rentgen söhbəti”dən sonra yolumuza davam etdik...

Və nəhayət Şarm-Əl-Şeyxə uçan təyyarə, qarayanız, “full” makiyajlı stüardessalar, bir də bizə verilən səhər yeməyi....

Hər şey qaydasında idi, təyyarənin enməsinə təxminən yarım saat qalırdı. Qəfildən eşitdiyim səs məni diksindirdi.

Başa düşdüm ki, yanımda oturan azərbaycanlı yoldaşımı çıxmaq şərti ilə təyyarənin arxa sırasında oturanların hamısı gözdən iraq düşmənlərimizdir. Onların hər dəfə özlərindən razı “Hayastan.....” və başa düşmədiyim erməni dilində olan digər ifadələrini eşitdikcə içimdəki nifrəti həmin an heç kimə başa sala bilməzdim...

Bu da kölgəsində 40 dərəcə istiliyi olan Şarm-Əl-Şeyx!




Bakının mülayim havasından sonra bu şəhərə uyğunlaşmaq ilk gün elə də asan olmadı. Ancaq insan nəyə alışmır ki?!

Məsələn, bir gün sonra, qaldığımız 3 ulduzlu otelin girişində əyləşib, müxtəlif turlar təşkil edən misirli “vızbaş” Mahmuda “Bob Marli”, elə orada tanıdğımız “Ekatirina”ya “Katya” deyirdik. Sanki Bakıdan dünən heç gəlməmişdik, neçə müddətdir bu turist şəhərində birlikdə yaşayırdıq...



Dediyim kimi, səyahətdə məqsədimiz turistik gəzintidən çox, Qırmızı dənizdə dalmalar idi. Bu səbəbdən də ilk gündən sahildə dalmanın nübarını etdik... Sonrakı dalmalarımızı isə gəmilərdən müxtəlif adalarda və dalma nöqtələrində davam etdirdik. Və bu dalmalardan aldığımız zövqü hansısa sözlə ifadə etmək mümkün deyil. Elə ki, sən su altına baş vurursan, sanki üst dünyadan təcrid olunursan və yeni bir aləmə daxil olursan. Rəngbərəng, müxtəlif ölçülü, formalı balıqlar, delfinlər, akulalar, bir –birindən gözəl mərcan rifləri...

Bunların fonunda, səni gündəlik həyatında yaşadığın qayğıların heç biri narahat etmir. Əksinə daha yaxşı üzmək, bu səltənəti yaxşı görməyə iddialısan.

Digər universal dayverlərdən fərqli olaraq mən yeni idim. Qırmızı dənizdə ilk dəfə idi ki, sərbəst dalma edirdim. Seyr etməklə bərabər, suyun üstünə çıxmamaq, eləcə də aşağı düşməmək üçün daha diqqətli üzməliydim. Ancaq bu balansı yeni olduğumudan hər an saxlaya bilmirdim. İndi təlimatçım Raufa, onun assisentləri Sergeyə, Eminə, bələdçimiz Stefana verdiyim “işgəncələri” təsəvvür edin də.



Sən tək özünə görə məsuliyyət daşıyırsan, onların hamısının isə gözü üstündədir ki, indicə bu qız ya hansısa rifi sındıracaq, ya da yenə balansı pozacaq. Ancaq şükürlər olsun ki, müəllimlərimin üzünü qara etmədim. Məndən fərqli olaraq artıq xeyli təcrübəsi olan, Rauf isə sualtında zarafatlar etməyə belə vaxt tapırdı. Zarafatlarından birini isə elə bu fotodan da görmək olar:



Nəzərə alsaq ki, sən həm də jurnalistsən, başqa peşənin sahibi olan dayverdən fərqli olaraq, kompasın tək sualtını deyil, quruda da səmti görüb müəyyən etməlidir. Bu səbəbdən də ətrafımda gördüklərimi, müşahidə etdiklərimi “yaddaş kitabçamda” saxlayırdım...

İlk olaraq ondan başlayım ki, şəhərə istirahətə gələnlər arasında rusiyalıların çoxluq təşkil etdiyi açıq-aydın görünürdü. Bəlkə də bundan Şarmdakı misirlilərin demək olar ki, 90%-i rus dilində “çullarını sudan” çıxaracaq qədər və bəzən daha yaxşı bilirdilər. Xüsusən, şəhər dükanlarında, bazarlarda rus dilini bilməyən satıcı tapa bilməzsən. Ən azından sən ondan 20 dollarlıq bazarlıq etdinsə, “tı ne jadnaya, boqataya, şedraya” komplimentini eşidəcəksən... Bizim də misirlilərlə ortaq ünsiyyətimiz bu dildə baş tuturdu.



PS: Ruslardan danışmışkən, reportajımın bu hissəsində xatirəmdə qalan bir məqamı qeyd etmək istəyirəm. Oteldə tanış olduğumuz Yekatirina iki uşaq anası idi. Həm gözəlliyi, həm də ağlı, tərbiyəsi yerində olan 33 yaşlı rusiyalı xanım səyahətə uşaqları, həyat yoldaşı ilə deyil, tək gəlmişdi. Bildirdi ki, həyat yoldaşı işi ilə bağlı gələ bilmədi, uşaqları isə nənələrinin yanındadır. Sözüm canı onun tək və ya ailə üzvülərindən kiminləsə gəlməyində deyil. Məsələ rus qadınların özlərinə əmin olmalarında, istirahət hüquqlarını bilib, dəyər vermələrindədir. Və bu əminlikdən dolayı özlərini harda, necə aparmaq lazım olduqlarını da bilirlər.



Ancaq həmişə belə komplimentlər olmurdu. Gecə yarısı olmasına baxmayaraq, nə yerli sakinləri, nə də turistləri yatmayan, işıqlı, səs- küylü şəhəri gəzərkən istəmədiklərini də eşidə bilərdin.



Məsələn, misirli satıcı sənin arxanca “ ermənisən” deyə soruşub çağıra bilər. Sən isə `Azərbaycandanam` deyib cavab verərsən. O isə qarşılığında istehza ilə “Hara? Azərbaycan... bəs siz erməni deyilsiniz?”.

Bu məqamda adamın ürəyindən onu ölənə kimi döymək keçər. Ancaq dərindən düşünəndə ki , ilk olaraq o səni “арменин” deyə çağırdı, deməli, üzdəniraqlar fürsətdən istifadə edib orada da özlərini tanıtdırmağı,bizə qarşı əks təbliğat aparmağı bacarıblar.

Səyahətdən mənə qalan pis xatirə yeganə bu oldu...

Ancaq ürəkaçan məqamlar da çox idi...

Dənizkənarında yerləşən parkın küçəsi ilə gəzərkən balaca, arıq, qara, üst- başı çirkli satıcı bir qız uşağı ilə qarşılaşdıq. Səyahət yoldaşım Leylanın qabağına qaçıb, qoluna muncuqdan qolbaq bağlayan dostlumuzla tanışlığımız belə başladı. Nə qədər “yox” deyib, etiraz etsək də, bizdən əl çəkmədi. Məcbur idik ki, qolbağın pulunu verək.



Onu da deyim ki, siz bu şəhərdə istər balaca satıcılardan, istərsə də böyüklərindən asanlıqla canınızı qurtara bilməzsiniz. Ya sizi şirin dilə tutmağa çalışacaqlar, ya da balaca Fatma kimi qolunuza, ayağınıza zinət əşyaları bağlamaqla satacaqlar. Bir sözlə onlara ilişdinsə ən azı bir dollara nəsə almalısan, yoxsa əl çəkən deyillər. Sən qiyməti aşağı salmağa, onlar isə özlərinə uyğun qiymətə sırımağa çalışırlar.



Balaca dostumuzdan 20 dollarlıq hədiyə aldıq. Uşaq sevincindən nə edəcəyini bilmirdi. Bir neçə muncuğu da bazarlığa görə, hədiyyə kimi əlimizə, ayağımıza bağladı. Yaşından tez böyüyən və yaşamaq üçün mübarizə aparan Fatma fürsətdən istifadə edib bizdən dondurma da istədi. Yaxınlıqdakı restorandan ona və qardaşına dondurma aldıq.



Satıcılar isə dondurmanı misirli uşağa verdiymizi görəndə pulunu almadılar. Haradan olduğumuzla maraqlandılar. Azərbaycanlı olduğumuzu biləndə “Azerbaijan good, musliman good” dedilər. Və təbii ki, bizim də könlümüz açıldı.



Şəhərin yerli sakinlərinin kasıb yaşamasını başqa vəziyyətlərdə də gördük. Məsələn, gəzinti zamanı orta ölçülü, açıq havada yerləşən əyləncə mərkəzinin işçiləri qapı ağzında dayanıb hər kəs kimi, bizi də qonaq olmağa çağırdılar. Canını qurtarmaq asan məsələ deyildi...

Verdikləri qəlyan, çay dəsti bir yana qalsın, həmçinin, orada çalışan misirli oğlanlar qonaqları mahnı oxumaqla, oyanmaqla əyləndirirdilər. Üstəgəl də dostlaşıb, turistlərlə birgə şəkil də çəkdirirdilər. Sonda isə ödədiyimiz hesab bir dollar olurdu.



Artıq adət etmişdik. Bilirdik ki, istənilən restoranın, çay evinin qarşısından keçsək, qapısının ağzında dayanıb turist “yaxalayan” misirli gənclər qonaqları cəlb etmək üçün əllərindən gələni edəcəklər. Səhnədə oynayan misirli oğlanlardan tutmuş, ilan oynadanlara, onu turistlərin boğazına bağlayıb şou göstərənlərə qədər görə bilərdik.



Şarm-Əl Şeyxdə gəzməli, görməli məkanlar çoxdur. Məşhurlarından biri də “Hollivud” parkıdır. Bura turistlərin gəzərkən ilk baş vurduğu məkanlardandır. Parka daxil olarkən sən mütləq ödəniş etməlisən və hər hansısa içki butulkası ilə içəri girə bilməzsən.

Turistlərlə bərabər, yerli sakinlərin də dincəldiyi bu məkanda hər axşam müxtəlif əyləncəli proqramlar olur.



Ancaq parkı məşhur edən nə onun ərazisinə qoyulan dəmirdən müxtəlif heyvan fiqurlarıdır, nə də ərazisində sıra ilə düzülən “bahalı” hesab etdikləri maşınlardır. İnsanları ora ən çox cəlb edən su fantanlarının musiqi sədası altında qeyri-adi rəqsdir. Fantan ritmə uyğun hərəkət edir, onun fonunda sanki qadın siluleti rəqs edir və əsrarəngiz bir səhnə yaradır.



Səfərdən xatirəmdə qalan misirlilərdən biri də Əmirdir. Müxtəlif otların və çayların satıldığı dükanın sahibi olan Əmiri şəhər gəzintisi zamanı tanıdıq.



Tanışlığımız “hansı ölkədənsiniz?” sualı ilə başladı. Bizə çay içməyi və qəlyan çəkməyi təklif edəndə isə üstümüzdə pul olmadığını bildirdik. O isə cavabında “нет, я щедрый. Я угашаю вас. Денги не надо”...

Misirli ükan sahibinin çayından qurtum -qurtum içib, yerli sakinlərlə bağlı söhbətə başladıq. Bildirdi ki, ölkənin əhalisi əsasən iki təbəqədən ibarətdir: varlılar və kasıblar. Orta təbəqədən olan insanlar var, ancaq çox azdır. Söhbət əsnasında Misirdə qadınların vəziyyəti ilə də maraqlandıq.

Qapalı geyinən, ətli-qanlı misirli qadınların ailə həyatı xüsusi olaraq diqqətimi çəkdi. Bəzi müsəlman ölkələrində olduğu kimi burada da kişi 4 qadınla evlənə bilər. Əmir bunu öz təbirincə belə izah etdi: ”Misirin kişiləri onun havası kimi isitidirlər. Ona görə də onlar bir neçə xanımla evlənmək istəyirlər”.



Öyrəndik ki, bir neçə dəfə evlənməyə meyilli elə kasıb təbəqənin insanlarıdır.
Ancaq gənc nəslin nümayəndələri arasında bir dəfə evlənməklə kifayətlənən insanlar da var.

Əgər qadın həyat yoldaşının digər qadınla evlənməsinə etiraz edirsə, boşana bilər. Bir şərtlə ki, əri ona mütləq ata evində dolanması üçün 150 qram qızıl verməlidir. Təbii ki, o da ikinci dəfə ərə gedə bilər.

Ölkədə qadınların ən çox bəyənilən, icazə verilən peşəsi isə həkimlikdir.

Onu da deyim ki, axşam saat 6-dan sonra, xüsusən, paytaxt Qahirədə qadınlara tək çölə çıxmağa icazə verilmir.



Onlar mütləq ya həyat yoldaşları ilə, ya da ailənin digər üzvüləri ilə birlikdə çıxıb gəzə bilərlər. Bu qadınların çalışmaları isə əksər misirli üçün o qədər də qəbul edilən deyil. Bir sözlə, burada qadın olmaq elə də asan məsələ deyil...

Səfərimizin sonuncu günü isə səhrada “kvadraskil” sürməyin və ərəblərər kimi baş bağlayıb, özünü bədəvilərdən biri hiss etməyin ayrı ləzzəti var idi.



Turistlər burada bir yerə yığılıb adını bilmədiyim dağın ətrafında “Allah” deyə qışqırdılar. Dağın digər tərfindən səslərimiz əks-səda verdi.

Səhradakı balaca ərəb uşaqlarından isə kimisi bizə yaxınlaşıb “çipsi”, “one dollar” deyib pul istədi, kimisi də turistlərlə zarafatlaşıb oynadı.



Orada olduğumuz zaman dəvəyə minə bilməsəm də, otellərin qarşısından keçib insaları dəvədə gəzdirməklə pul qazananların sayəsində bunu da etdim.

Misirə gedən turistlərə onu da xəbərdarlıq edim ki, dəvə ilə pul qazanan misirlilərin bəzilərinin xüsusi bicliyi var. Məsələn, sənə “dost, dəvəyə pulsuz minib gəzə bilərsən” deyə bilər. Ancaq elə ki, dəvədən düşdün, səninlə əməlli-başlı pul söhbəti edəcəklər. Bizimlə də belə hal baş verdi.

Digər turistlərdən eşitdiyimə görə, dəvəyə minməzdən əvvəl bir dollar deyirlərsə, dəvə belində bu iki dollar olur. Aşağıya enmək üçün məcbursan ki, bu məbləği ödəyəsən.



Bu ölkədə insanlar başlarına çarə tapmağa, yaşamaq üçün hər yol ilə pul qazanmağa məcburdurlar. Hər bir turistə ən azından bir dollar gözü ilə baxırlar...

Gecə yarısı vətənə dönərkən, otelin qarşısında turistlərə hazır yemək paketləri satan misirli oğlan isə paketi almadığımı görüb, başqa yolla məndən pul qopardı. Kömək məqəsdi ilə icazəsiz çamadınımı götürüb avtobusa doğru bir metr apardı.

Nəticədə avtobusa çatmamış 1 metrlik yol üçün 1 dollarımdan oldum. “Why one dollar? ” deyə soruşanda isə mimikası ilə “neyləyim, qazanmalıyam..”,-deyə cavab verdi.

Eybi yoxdur, pul gəldi gedərdir, əsas odur ki, səyahət yaddaşımda hər günü fərqli xatirələrlə, orada tanıdığım yeni misirli dostlarla qaldı...

Şahanə Rəhimli

Qalereya




Teqlər:  





Xəbər lenti