Ölkəmizə gələn əcnəbilərin sayı artıb

Ölkəmizə gələn əcnəbilərin sayı artıb
  09 İyun 2015    Oxunub:1328
Bu ilin əvvəli ilə müqayisədə iyunun 1-i tarixinə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3 faiz artıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, may ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 24 393 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75 faizini (21 649 nəfər) kişilər, 11,25 faizini (2 744 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 702 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 699 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 403 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (924), Çin Xalq Respublikası (808), Hindistan (758), Pakistan İslam Respublikası (491), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (410), Banqladeş Xalq Respublikası (308), Ukrayna (307), Özbəkistan (253), Almaniya Federativ Respublikası (214), ABŞ (208), Filippin Respublikası (205), Türkmənistan Respublikası (195), Qazaxıstan Respublikası (176), İtaliya Respublikası (172), Koreya (155) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.


Teqlər:





Xəbər lenti