Dərmanların qiymətləri ilə bağlı qanun təsdiqləndi

Dərmanların qiymətləri ilə bağlı qanun təsdiqləndi
  04 İyun 2015    Oxunub:2450
Azərbaycan Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nı təsdiq edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalara əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir. Bazis qiymət dərman vasitəsinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı nəzərə alınmaqla müxtəlif ölkələrdə topdansatış əczaçılıq müəssisələrinə rəsmi satış qiymətlərinin müqayisəsi əsasında müəyyən edilən qiymətdir.

Dərman vasitələrinin bazis qiymətlərinin hesablanması üsulu Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"nin 2.1.2-ci yarımbəndinə uyğun olaraq Şura tərəfindən müəyyən edilir.

Bazis qiymətlərin müəyyən edilməsi məqsədilə tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Şura tərəfindən hər il üçün ən azı 5 istinad ölkəsi müəyyən edilir. İstinad ölkələrinin siyahısında dəyişiklik 2 ay əvvəlcədən elan edilməklə həyata keçirilir.

Növbəti ilin istinad ölkələri cari ilin 31 oktyabr tarixinə qədər Şura tərəfindən elan edilir. Həmin tarixə qədər yeni ölkələr elan olunmadıqda, cari ilin istinad ölkələri sonrakı il üçün də eyni olaraq qalır.

Dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər (istehsalçılar) tərəfindən təqdim edilmiş məlumatlar, habelə Şuranın Katibliyi tərəfindən istifadə olunan informasiya mənbələri dərman vasitələrinin qiymətləri barədə müfəssəl məlumatların əldə olunmasına imkan vermədikdə, dərman vasitələrinin qiymətlərinin monitorinqi üzrə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə olunur.

Dərman vasitələrinin qiymətlərinin müəyyən edilməsində istifadə olunan informasiya mənbələri Şuranın rəsmi internet saytında yerləşdirilir.

Dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir.

Topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri və tətbiqi tarixi barədə məlumat 2 iş günü müddətində Şuranın rəsmi internet saytında yerləşdirilir.

Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda və bu hal 2 aydan artıq müddətdə davam etdikdə, bu Qaydanın 5.2-ci bəndinin tələbinə uyğun olaraq Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır.

Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı cədvəldə göstərilmiş əlavələr tətbiq edilir:



Dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir.


Teqlər:





Xəbər lenti