QMİ-dən Ramazan fətvası: Diqqətli olun

QMİ-dən Ramazan fətvası: Diqqətli olun
  04 İyun 2015    Oxunub:2861
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.
AzVision.az xəbər verir ki, Qazılar Şurasının bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 19-na və ya 20-nə) təsadüf edəcək.

QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabça hazırlayıb. Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.

İclasda çıxış edən Qafqaz Müsaəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, müxtəlif mənbələrdən daxil olan və məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil.

Şeyx qeyd edib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib: ”Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olan və məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil”.

A.Paşazadə bildirib ki, bu təqvimə riayət etmək vacibdir: “Dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq”.


Teqlər:  





Xəbər lenti