Əhəd Abıyevdən oxucularımıza hörmətsizlik - Daşkəsəndən reportaj

Əhəd Abıyevdən oxucularımıza hörmətsizlik - Daşkəsəndən reportaj
  01 İyun 2015    Oxunub:86292
Əhəd Abıyev Azərbaycanda pis-yaxşı, kifayət qədər tanınan məmurlardandır. O, hazırda Bakıdan xeyli uzaqda yerləşən Daşkəsənin icra başçısıdır.Amma nədənsə hələ də icra başçısı kimi gördüyü işlərdən çox, deputat olduğu illərdə Milli Məclisdə yaratdığı qalmaqallarla xatırlanır.

Əhəd Abıyev o məmurlardandır ki, verdiyi fərqli açıqlamaları, fikirləri, duzlu-məzəli müsahibələri ilə hər zaman mətbuatın diqqətindədir. Onunla bağlı istənilən xəbər oxucunun diqqətini çəkir, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilir və gündəm yaradır.

Bunu nəzərə alaraq, AzVision.az Əhəd Abıyevə “Saytın qonağı” rubrikasında iştirak etməsini təklif etmişdi. Düşünmüşdük ki, cənab Abıyevə sualları biz yox, oxucularımız versə, daha maraqlı olar.

Qeyd edək ki, “Saytın qonağı” AzVision.az-ın ən reytinqli layihələrindəndir. Burada ölkənin tanınmış ictimai-siyasi xadimləri, dövlət məmurları videomüsahibə verib, oxucuların suallarını cavablandırır. Layihə çərçivəsində indiyədək bir çox önəmli şəxslərlə müsahibələrimiz olub.

Əhəd müəllimlə əlaqə saxlayıb, ondan müsahibə götürmək istədiyimizi bildirdik, layihə haqda geniş məlumat verdik. Əhəd müəllim də öz növbəsində əməkdaşımızla söhbətində ideyanı alqışlayaraq, müsahibə verməyə hazır olduğunu ərz etdi: “Nə zaman istəsəniz, müsahibə verməyə hazıram. Daşkəsəndə sizi gözləyəcəyəm, buyurun, gəlin...” (30 aprel, 2015-ci il-red)

Əhəd müəllimdən razılıq aldıqdan sonra mayın 1-də saytda müsahibənin anonsunu verdik. Qısa vaxtda çoxsaylı oxucu tərəfindən ona xeyli suallar ünvanlandı. Hərçənd, sualların yarıdan çoxu qeyri-etik olduğundan sayta buraxa bilmirdik...

Layihəyə uyğun olaraq, 15 gün ərzində yığılan suallara cavab verməsi üçün yenidən Əhəd Abıyevlə telefon əlaqəsi saxlamalı olduq (14 may, 2015-ci il). Bu dəfə də “hörmətli” icra başçısı sevincək halda mayın 16-sı, saat 09:00-da bizi Daşkəsəndə gözləyəcəyini dedi. Artıq suallar da, müsahibənin vaxtı da dəqiqləşmişdi.

3 nəfərdən ibarət komandamız mayın 15-i gecə qatarla Gəncəyə yollandı. Deyilən vaxtdan da tez Daşkəsən rayon İcra Hakimiyyətinin binası qarşısında Əhəd Abıyevlə görüşə hazır idik. Yenidən zəng vurub, Daşkəsəndə olduğumuzu dedik. “Xoş gəlmisiniz bizim rayona, mən Gəncədəyəm, yarım saata orada olacağam. Gözləyin, gəlirəm...”- deyən Abıyevi saatlarla binanın qarşısında gözlədik.



Tərslikdən nə bir inli-cinli uzaq yoldan gəldiyimizi nəzərə alıb, bizi içəri dəvət etdi, nə də niyə gəldiyimizi soruşan oldu...

Saat 12:45. Əhəd Abıyev lüks `cip` maşını ilə, gözündə eynək işə gəlir. Qapıda bizi salamlayan icra başçısı öz otağına dəvət etməsə də, jurnalistliyimizə salıb, onunla bərabər içəri girdik. Özümüzü təqdim edib, söhbətə başladıq.

Daşkəsənə gedənə qədər minimum 7-8 dəfə telefonla danışdığımız Əhəd müəllim, sanki bizi tanımırmış kimi davranıb, başından etməyə çalışırdı.

“Gəlmisiniz, yaxşı eləmisiniz. Şəkərim də qalxıb, bilmirəm necə edim. Bu gün də bizim tədbirimiz var, bəlkə tədbiri yola verim, sonra başlayaq müsahibəyə...” –deyən Əhəd müəllimlə razılaşmaqdan başqa çarəmiz yox idi.



Bu əsnada katibəsi içəri girib, bölgə müxbirlərinin tədbirə gəldiklərini dedi. Jurnalistlər içəri girəndə gördüyümüz mənzərə bizi dəhşətə gətirdi.

Kostyumunun cibindən 50 manat “paçkasını” çıxaran Ə.Abiyev itin qabağına sümük atan kimi bölgə müxbirlərinə pul verib, dedi: “Bilirsiz də, bu tədbiri adıma layiq işıqlandırmaq lazımdır, yoxsa canınızı alaram...”.



Saatlarla gəldiyimiz yolun yorğunluğu, əziyyətimizin qarşılığında Abıyevin sayğısız münasibəti bir yana, həmkarlarımızın pula qarışqa kimi daraşması, operatorundan tutmuş, sürücüsünə kimi Abıyevin tənəsi qarşısında 50 manata əyilməsi bizi şoka salmışdı...

Nə edək, Bakıdan o boyda yol gəlmişik, müsahibəsiz qayıtmaq olmazdı axı. Məcbur qalıb, Əbiyevin tədbirinin bitməsini gözlədik.



Artıq saat 16:00-ı göstərir, yenidən yorğun-arğın Abıyevin otağının qarşısını kəsdirmişik... Bir əli ilə saçını darayan Abıyev bizi görcək, üzünü turşutdu. Üz tutduq otağına. İzah etməyə çalışırıq ki, axı, bizə söz vermişdiniz, danışmışdıq, razılaşmışdıq ki, müsahibə edəcəyik, vaxtını özünüz demişdiniz, axı niyə belə edirsiniz... Heç olmasa əziyyətimizə heyfiniz gəlsin...

Bir az keçmiş Abıyevin otağına daxil olan katibəsi ona qonaqlarının gəldiyini dedi. Abıyevin bəzəkli otağında qalmağımızın artıq olduğunu görüb, yerimizdən tərpənəndə “Görürsünüz də, işim o qədər çoxdur ki, başımı qaşımağa vaxtım da yoxdur. Siz çöldə gözləyin, ya da gedin, çayxanada çay için, xəbər edəndə gələrsiniz”,- deyə ağzını büzüb səsləndi.

Artıq saat 5-dir, işimiz sanki daşdan çıxır. Fikirləşirik ki, axı biz redaksiyada nə cavab verəcəyik? O boyda yol gələsən, müsahibə ala bilməyib qayıdasan... Əsəblərimiz tarama çəkilsə də, yenə gözlədik... Yenə içəridən (Əhəd Abıyevin otağından - red) səs çıxmadı ki, çıxmadı.

Qəbul otağında hərə öz hayında idi. Katibə qız dırnaqlarını manikür edir, əlində kağız-kuğuz olan bir-iki nəfər də bizimlə birlikdə Abıyevin qəbuluna düşməyi gözləyirdi.

Dayanacaq gücümüz, taqətimiz qalmamışdı. Ac-susuz, saatlarla çöldə icra başçısını gözləyəsən, o da gəlib belə edə, sadəcə, deyiləsi deyildi...

Qəbul otağından çıxanda üzbəüz qapısı açıq otaqda gördüyümüz bir mənzərə diqqətimizdən yayınmadı. İcra başçısının müavinin otağı idi. Açıq qapıdan içəri boylananda gördük ki, müavini iş masasının üstünə Əhəd Abıyevin stolüstü portertini qoyub. İlk dəfə idi, belə mənzərə ilə rastlaşırdıq.



Qərarsız idik, bilmirdik nə edək. Əliboş - yəni müsahibəsiz Bakıya qayıtmaq gözümüzə durmuşdu. İndiyə kimi ilk dəfə idi belə halla rastlaşırdıq. Bir də gördük, Əhəd müəllim arxa qapıdan çıxıb maşınına tərəf gedir. Son şansımızı əldən verməmək üçün iti addımlara ona yaxınlaşdıq. Bizi görəndə qutuda ilan görmüş kimi üzünü turşudan Əhəd müəllim kənara çəkilib, nə desə yaxşıdır: “Siz hələ buradasınız? Day, mənim işim var, toya gedirəm, yeyib-içməyə. Çıxın, gedin siz də dincəlin...”

Artıq iş-işdən keçmişdi, itirəcək heç nəyimiz qalmamışdı: “Əhəd müəllim, biz axı sizinlə Bakıda olanda dəfələrlə danışdıq. Müsahibəyə özünüz razılıq verdiniz. Uzaq yol gəlmişik, heç olmasa yarım saat vaxt ayırın bizə...”,- deyəndə narazı şəkildə çiyinlərini çəkən icra başçısı deyəsən bizi otağında pul payladığı jurnalistlərlə səhv salmışdı.

Etdiyi hörmətsizlik bir yana, çibindən pul çıxarıb, “Alın bu 200 manatı, gedin, yeyib-için...”,- deyə Abıyevin bizi aşağılamağa çalışması artıq kulminasiya idi...

Daşkəsənə ilk səfərimiz və üzləşdiyimiz bu hadisələrin şoku sözlə deyiləsi, reportajla ifadə ediləsi deyil. Sadəcə utancvericidir. İnsanlara xidmət etməsi üçün vəzifə alan icra başçısının jurnalislərə qarşı hörmətsizliyi, əməyimizə sayğısızca davranması təəssüf və ikrah doğurur.

Kimliyindən, məsafəsindən aslı olmayaraq xəbər dalınca qaçan jurnalist öz alnının təri ilə çabalayıb oxucular üçün işləyirsə, Əhəd Abıyevin də icra başçısı kimi vəzifəsi xalqa xidmət etməkdir. Görünür, Əhəd müəllim illərin təcrübəsinə baxmayaraq, hələ də vəzifəsini doğru-düzgün anlaya, bu xidmətin nə olduğunu dərk edə bilməyib.

Oxucularımızdan üzləşdiyimiz bu xoşagəlməz olaya görə üzr istəyir, bildiririk ki, məlum səbəblərdən “Saytın qonağı”na Əhəd Abıyevlə anonsunu etdiyimiz müsahibə baş tutmadı.

AzVision.az-ın Daşkəsənə ezam olunan redaktoru
Anar Rüstəmov



Teqlər:  





Xəbər lenti