Bakıda 2 saata 100 sürücü cərimələndi

Bakıda 2 saata 100 sürücü cərimələndi
  30 May 2015    Oxunub:3098
Mayın 29-dan etibarən Bakıda Avropa Oyunları ilə bağlı sarı xətlə işarələnmiş «Oyunlar zolağı»na nəqliyyat vasitələrinin daxil olaraq hərəkət etməsi rəsmən qadağan edilib. Bunun üçün həmin zolaqların girişinə müvafiq yol nişanı qoyulub. Zolaqlar isə «Baku-2015» loqosu ilə işarələnib.

Bir ay əvvəldən bu barədə sürücülərə kütləvi informasiya vasitələri ilə məlumatlar verilsə də, bu gün həmin zolaqlara daxil olan sürücülərin sayı mindən çox olub

Bu gün Avtosfer.az-ın əməkdaşı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hərəkətə nəzarət kameralarının işi ilə tanış olarkən maraqlı mənzərə ortaya çıxıb. Məlum olub ki, Dövlət Yol Polisi əməkdaşları bu gün səhər saat 8-dən 10-dək 100-dən artıq sürücüyə «Oyunlar zolağı»na daxil olduqları üçün elektron protokol tərtib edib. Həmin zolaqlarda hərəkət edən nəqliyyat vasitələrini müşahidə edərkən məlum oldu ki, bəzi sürücülər zolağa daxil olur, müşahidə kamerasına yaxınlaşdıqda isə dərhal zolaqdan çıxaraq digər zolağa keçir. Lakin bu zaman artıq iş-işdən keçir. Çünki müasir kameralar 300 metrdən artıq məsafədə hər bir nəqliyyat vasitəsinin hərəkətini görür və qayda pozuntusunu qeydə alır.

Bəzi sürücülər isə yol nişanlarına ümumiyyətlə, əhəmiyyət vermirlər. Hansı ki, həmin zolaqların üstündə yol nişanı və istiqamət göstərilir. «Oyunlar zolağı»na daxil olaraq ötmə əməliyyatı edənlər də var ki, onlara da kameralar vasitəsilə elektron protokolllar tərtib olunur.

Müşahidə kameralarına nəzarət edən inspektorların bildirdiyinə görə, həmin zolağa daxil olan sürücülərə daha çox Ziya Bünyadov prospektində rast gəlinir. Bu da ondan irali gəlir ki, bəzi sürücülər həmin prospektin yeni istifadə verildiyini və orada hələ kameraların quraşdırılmadığını zənn edirlər. Lakin başlarını yuxarı qaldırsılar, həm kameranı, həm də yol nişanlarını görə bilərlər.

Ümumi müşahidələrdən belə məlum olur ki, bu gedişlə həmin zolaqlara daxil olduğu üçün cərimələnən sürücülərin sayı hər gün 1000-dən çox olacaq. Burada bəzi məqamlar var ki, sürücüləri də qınamaq olmur. Məsələn, Ziya Bünyadov prospektində çəkilmiş fotolara diqqət edək. Ağır yük maşını ümumi istifadə üçün nəzərdə tutulmuş zolaqla saatda 30-40 km sürətlə hərəkət edir. Digər zolaq isə «Oyunlar zolağı»dır. Bu şəraitdə digər sürücülər nə etməlidir? Bu cür qadağa tətbiq olunarkən digər məqamlara da fikir vermək yaxşı olardı. Heç olmasa, Ziya Bünyadov prospektində yük maşınlarının hərəkəti dayandırılarsa, sürücülərə də rahat olardı.

Digər tərəfdən, Azneft meydanında üzü Bayıl qəsəbəsinə tərəf hərəkət edərkən (əks istiqamətdə də) mümkün deyil ki, «Oyunlar zolağı»na girməyəsən. Çünki sağ tərəfdə taksilər yolu zəbt edir, avtobus dayanacağı var və yerdə qalan tək bir zolağı da «Oyunlar zolağı» adlandırıb sürücülərə ora girməyi qadağan etmək şəhərdə əməlli-başlı tıxac yaradacaq. Bütün hallarda, hər bir sürücü istəyər ki, «Oyunlar zolağı»na daxil olub və cərimə edilməsin. Amma alternativ variant yoxdursa, taksilər, avtobuslar, yük maşınları yolu zəbt edirsə, insanlar nə etməlidir?

Bu suallara cavabında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, mayın 29-dan qərar verilib və artıq Avropa Oyunları ilə əlaqədar olaraq «Oyunlar zolağı»na giriş qadağandır. Həmin zolaqlardan yalnız operativ nəqliyyat vasitələri, habelə, Avropa Oyunları ilə bağlı olan avtomobillər hərəkət edə bilər. Zolaqdan istifadə edən digər sürücüləri isə 40 manat cərimə gözləyir. Bundan başqa, əgər «Oyunlar zolağı» başqa yollarla kəsişirsə, bu zaman ystünlük həmin zolaqdakı nəqliyyat vasitəsinindir və ona yol verməyən sürücüləri 4 bal və 80 manat cərimə gözləyir: "Bu gün saat 17-dək 600-dən çox sürücü cərimələnib".


Teqlər:  





Xəbər lenti