Satqın məmurların yaydığı şayiələr...

Satqın məmurların yaydığı şayiələr...
  28 May 2015    Oxunub:5981
Qorxmaz İbrahimli
Milli QHT Forumu İdarə Heyəti sədrinin müavini

2003-cü ilin prezident seçkilərindən bir şeyi xatırlayıram. Əmim, Xalq Şairi Məmməd Arazla bərabər prezidentliyə namizəd İlham Əliyevin Gənc Tamaşaçılar Teatrında ziyalılarla olan görüşünə mən də qatılmışdım. (O zaman heç bir partiyanın üzvü olmadığımdan, hansı tədbirə qatılacağıma özüm qərar verirdim). Prezidentliyə namizəd İlham Əliyev ziyalılar önündə maraqlı bir müraciət etdi.

O, dövrün müxalifətinə səslənərək, danışıqlara dəvət elədi. Ertəsi günü bu jestə çox kəskin və hədələyici bir cavab yayıldı: "Bugünkü hakimiyyətlə heç bir danışığımız ola bilməz. Prezident seçkisindən sonra xalq onları məhkəmə salonlarında ittiham kürsüsündə görəcək”.

Təbii ki, seçkini qazandıqlarını bəyanatları ilə elan edərək zavallı tərəfdarlarını meydanlara etiraza çağırıb özləri gizləndilər. Şübhəsiz, xoş olmayan belə bir anda tərəfdarlar döyüldülər, həbsə düşdülər. "Qalib gəlmiş” namizədsə uzun müddət görünmədi. Və bu gün artıq üçüncü dəfə prezidentlik dövrünü yaşayan İlham Əliyevə məğlub olduqlarını sivil, demokratik şəkildə elan belə etmədilər.

O zaman tək müxalifət cəbhəsində deyil, iqtidar cəbhəsində də öz komandasına və komandanın liderinə xəyanət etməyə hazır olan ünsürlər peyda olmuşdular. "Nə olar, nə olmaz” deyə düşünərək müxalifətə külli miqdarda pullar ötürdülər ki, İlham Əliyevin xoşməramlı müraciətinə verilmiş kəskin reaksiyanın hədəfinə tuş gəlməsinlər. Bu gün utanmadan iqtidarın tədbirlərində iştirak edərək Prezidentə sadiqlik göstərmək istəyən çoxlarının əməllərini şəxsən bilirəm. Qarşı tərəfdə özlərinə necə bir ehtiyat "aerodorom”u hazırladıqlarından yaxşı xəbərim var. Şəxsən məndən müxalifət hakimiyyətə gələrsə, onlara sahib çıxacağıma söz verməyimi xahiş edənlər, bu gün yenə yüksək vəzifələrdədirlər. Mənsə onlardan birinə gülərək, İlham Əliyevdən başqa heç kimin qalib gəlməyəcəyini anlatmağa çalışmışdım.

Əlbəttə, günümüz 2015-ci il olmaqla yanaşı, iqtidar da 2003 iqtidarı deyil. Kifayət qədər təcrübəsi olan dövlət başçısı neft bumundan maksimum yararlanaraq dev struktur layihələr gerçəkləşdirməkdədir. Etiraf etməliyik ki, 90-cı illərdən fərqli olaraq ölkəmiz yaxşı inkişaf edib. Tək ölkə içərisinə qapılaraq qalmayan bu günkü hakimiyyət dünyaya açılaraq dev layihələr gerçəkləşdirdi. Həm investor rolunda çıxış etməklə, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmdə yetərincə hörmət qazana bildilər.

Hamınız yaxşı xatırlayırsınız, qısa zaman içərisində Bakı bulvarı yenidən inşa olundu. Bayraq meydanı və "Kristal hall” kimi dev layihələr bitdi və ilk dəfə olaraq Azərbaycan "Evrovision” mahnı müsabiqəsinə ev sahibliyi etdi. Dünyada dostları olduğu kimi, istəməyənləri də kifayət qədər olan Azərbaycan dövlətinin bu layihəsinə qarşı dəhşətli bir hücum, qara piar kampaniyası başlandı. Təxminən bir il vaxt içərisində olmazın dərəcədə əks təbliğatdan tutmuş, müsabiqənin başlandığı və keçirildiyi vaxt ərzində ağılalmaz təxribat planları quruldu. Polisin, təhlükəsizlik qüvvələrinin və əlbəttə ləyaqətli vətəndaşların sayəsində mənfur düşmənlər istədiklərinə nail ola bilmədilər. Eyni zamanda, müxalif siyasi partiya və qəzetlərdən də prosesi dəstəkləyən, həmçinin etiraz edənlər oldu. Etiraz edən bəziləri isə gözdənsalma kampaniyasında xüsusilə "fərqləndilər”. Necə deyərlər, dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdır.

Təxminən, iyirmi gündən sonra Azərbaycan dövləti yenə böyük və tarixi bir layihəyə ev sahibliyi edəcək. Və kimlərin nə deməsindən, nə kimi planlar qurmasından asılı olmayaraq, ilk Avropa Oyunlarının Azərbaycanda uğurla baş tutacağından şübhəmiz yoxdur və bunun tarixə həkk olunacaq hadisəyə çevriləcəyinə əminik.

İki il yarım əvvəl bizim partiya da belə bir layihənin gerçəkləşməsinin çətin olacağı qənaətində idi. Mütəxəssislərimizin bizə vermiş olduğu bilgilərdən yola çıxaraq layihəni tənqid etdik. Ancaq geri dönüşün mümkün olmadığını görüncə etirazlardan çəkilərək, dəstək olmağa çalışdıq. Çünki müxalif partiya üzvü və rəhbəri olmaqla yanaşı, həm də bu ölkənin vətəndaşıyıq. Vətəndaş borcumuzu hər zaman doğru-dürüst yerinə yetirməyə çalışmalıyıq.

Bu layihəni daxildən xə xaricdən istəməyən güclər artıq hər kəsə bəllidir. ABŞ dövlət katibinin ofisi daxil, xeyli sayda əleyhdarların adını çəkmək olar. Ancaq tərəfdarlarının çoxluğunu da isbatlamağa ehtiyac duymuram. Artıq Avropanın və dünyanın bir çox ölkələrin təmsilçiləri iştirakçı siyahılarını qeydiyyatdan keçirirlər. Təxminən bir aya yaxın bir müddət içərisində nəhəng bir layihənin tamaşaçısı olacağıq.

Avropa oyunları idman yarışmasına Azərbaycan hazır idman infrastrukturu və otellər zənciri ilə getmirdi. Bunların hamısı paralel aparılırdı. İri infrastruktur layihələr gerçəkləşdi ki, bunları da yarışmanın səhərisi gün söküb atmayacaqlar. Bütün bunlar gələcəkdə daha böyük layihələrə ev sahibliyi etməyimiz üçün çətinlik yaşamayacağımız idman oyunları mərkəzləridir.

Vaxtilə İlham Əliyevin prezident seçilməyəcəyini düşünən o satqın məmurlar bu gün bəzən provokativ şayiələr buraxmağa davam edirlər. Belə şayiələrdən biri Avropa oyunları layihəsinə xərclənən ağılalmaz pullardır. Elə yalan şayiələr buraxırlar ki, bəzən hökumətin nüfuzlu iqtisadçıları və nüfuzlu ekspertlər saatlarla bu şayiələrin yalan olduğunu başa salmaq məcburiyyətində qalırlar.

Bəli, işə sürətinə şüurlu və şüursuz şəkildə mane olan onlarla məmur və təşkilatın da adını çəkmək olar. İşə start verilən andan belə sürətlə başlasaydılar, artıq iki ay qalmış hər şeyi bitirmiş olardılar. Ancaq bu, o demək deyil ki, belə bir dev layihə gözdən salınmalıdır. Yalandan kiminsə intiharı haqda yaramaz şayiələr yaymaq və s. kimi şayiələr məhz bu planın tərkib hissəsidir.

Dediyim kimi, bu layihənin gerçəkləşməsinə əngəl ola bilməyənlər son aşamada daha da aqressivləşiblər. Daxildən və xaricdən hər cür xəyanət olmaması üçün hökumət də lazımi tədbirlər almaqdadır. Bildiyimiz və bilmədiyimiz bu önləmlərin hər birinin uğurlu olmasını arzu edirəm.

Məncə bunlardan birincisi, təxminən bir ilə yaxın müddət ərzində Prezident köməkçisi Əli Həsənovun rəhbərliyi altında müxalifət partiyaları ilə aparılan danışıqlardır. Bu danışıqların istər Avropa Oyunları zamanı, istərsə də qarşıdan gələn Parlament seçkilərində əhəmiyyəti olacağına inanırıq.

Kimin nə düşünməsindən asılı olmadan, hər bir partiyanın üzvü bu ölkə üçün dəyərli insandır. Siyasi müxalifətin təmsilçiləri ilə Avropa Oyunlarını müzakirə etmək, dəstək istəmək acizliyin deyil, düzgün düşüncənin ifadəsidir və addım - addım demokratiyanın inkişafı deməkdir. Avropa ölkələrində, qardaş Türkiyədə müxalifətlə danışıq aparan hakimiyyətlərə az köks ötürməmişik. İndi belə addımlar zəhmətimizin nəticəsinin olduğunu, müxalifətin hesaba alınmağa başlandığını deməyə asas verir. Bu dövlətin azadlığı uğrunda hər şeyimizdən keçmişik. Bu gün də möhkəmlənməsində iştirak etmək haqqımız və borcumuzdur.

Yuxarıda xatırlatdığım məlum müraciət zamanı o zamankı müxalifət liderləri müraciəti düzgün dəyərləndirmiş olsaydılar, görün indi haralarda idi dövlətimiz. Çünki qanla deyil, yalnız danışıqlarla, qarşılıqlı anlaşma ilə inkişaf etmək mümkündür.

Bu günlərdə baş verən ikinci mühüm hadisə qeyri-hökumət təşkilatları və medianın birgə təşəbbüsü, iştirakı ilə böyük bir koalisiyanın yaradılması oldu. Avropa oyunları ərəfəsində ən nüfuzlu vətəndaş cəmiyyəti və media təmsilçilərinin belə bir koalisiyada birləşərək dövlətimizə dəstək verməsi təqdir olunmalıdır.

Mən də, eyni zamanda bir vətəndaş cəmiyyəti təmsilçisi və təşkilat rəhbəri olaraq (Milli QHT Forumu kimi nəhəng bir vətəndaş cəmiyyəti koalisiyasının rəhbərliyində təmsil olunuram) bu koalisiyanın tərkibindəyəm. Yeri gələndə tənqidi fikirlərimi də səsləndirirəm. Ancaq tənqid etmək o demək deyil ki, hər şeyə qara yaxasan. Hesab edirəm ki, bizim bu koalisiya Avropa Oyunları ərəfəsində olduğu kimi, oyunlar zamanı və sonrakı mərhələdə də çox böyük işlər görəcək. Və şəxsən mən bir vətəndaş və siyasi partiya təmsilçisi olaraq İlk Avropa Oyunlarına qarşı aparılan kampaniyaların qarşısında olduğumu və bu nəhəng idman yarışından dövlətimizin üzüağ çıxması, millətimizin fayda görməsi üçün əlimdən gələni əsirgəməyəcəyimi bəyan edirəm. Əgər dövlətimizin güclənməsini, dünyada mövqelərinin daha da möhkəmlənməsini, ölkəmizdə demokratiyanın inkişafını istəyiriksə, heç bir fədakarlıqdan geri durmamalıyıq.




Teqlər:  





Xəbər lenti