400 manata görə 19 il

400 manata görə 19 il
  25 May 2015    Oxunub:2820
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və soyğunçuluqda təqsirli bilinən Xızı rayon sakini 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı məhkəmədən Yarəli Dadaşovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi iyunun 1-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il oktyabr 25-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.

Savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyatov dostu 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı, Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub. Belə ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edəndə tərəflər arasında mübahisə baş verib.

Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı Savalan yeni yaşayış massivinə dəvət edib. Tərəflər Savalanda göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavab onu qane etməyəndən sonra üzərində olan bıçaqla Röyala çoxsaylı zərbələr endirib. Bu zaman bıçaq Asimin də əlini kəsib.

Röyal Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər. Hadisədən 20 saat sonra Asim Bünyatovla Yarəli Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini orada aşkarlayıblar.

Onu da qeyd edək ki, Asim Bünyatov istintaq dövründə öldüyü üçün onunla bağlı işə xitam verilib.
(Lent.az)


Teqlər:  





Xəbər lenti