Oliqarxların həbs olayı Milli Məclisdə

Oliqarxların həbs olayı Milli Məclisdə
  15 May 2015    Oxunub:3269
Milli Məclisin (MM) bu gün keçirilən iclasında son günlər kredit borcları olan iş adamlarının həbsi ilə bağlı məsələ ətrafında yaranan ajiotaj müzakirə edilib.

AzVision.az-ın məlumatına görə, çıxışında millət vəkili Zahid Oruc banka borcu olan iş adamlarının həbsi ilə bağlı ayrı-ayrı qüvvələr tərəfindən ajiotaj yaradıldığını deyib.

Millət vəkili prezident İlham Əliyev iş adamları ilə bağlı çıxışını yada salıb:

“Azərbaycanda sahibkarlara geniş şərait yaradılıb. Amma yetər ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər. Son vaxtlar bu qanunu pozanlara qarşı dövlət ciddi tədbir görür, amma bəziləri bunun ətrafında ajiotaj yaradırlar”.

Deputatın sözlərinə görə, iş adamları ilə bağlı həbsləri bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım kimi qiymətləndirmək olar: “Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələrdə sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər”.

Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə belə reaksiya verib: “ Ajiotaj yaradanlar məlumdur. Qarşıdan Avropa Oyunları gəlir və bundan istifadə etmək istəyirlər. Qaldı ki, o iş admaları ilə bağlı məsələ, heç bir narahatçılıq yoxdur, dövlət orqanları var və kredit borcları ilə bağlı lazımı tədbirləri görür. Hamı qanuna tabe olmalıdır”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti