Qələbədən 70 il keçir

Qələbədən 70 il keçir
  09 May 2015    Oxunub:1907
Döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 70 il keçir. Bəşər tarixində ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə 660 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük Qələbəyə Bakının neft töhfəsi də əvəzsiz olub.

Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verib. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.


Teqlər:  





Xəbər lenti