“Azərbaycan Avropa ölkələrindən daha liberaldır" - Saakaşvili

“Azərbaycan Avropa ölkələrindən daha liberaldır" - Saakaşvili
  29 Aprel 2015    Oxunub:2437
“Avropa öz dəyərlərini həqiqətən müdafiə etmək istəyirsə, Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir”.
Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Bakı III Qlobal Forumunda “Avropa İttifaqı və qonşuluq siyasəti” mövzusunda paneldəki çıxışında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının tərəfdaşlıq proqramı daha çox bu qurumun 2008-ci ildə Gürcüstanda baş verənlərə reaksiyasıdır: “Çox adam bu müharibəni lokal müharibə hesab edirdi. Lakin daha çox strateji düşüncələrə sahib şəxslər anlayır ki, dünya nizamı dəyişib və onlar tərəfdaşlığın yaranmasının vacibliyini qeyd edib. Ölkələr bu tərəfdaşlıq sahəsində çox fərqlidir. Amma ümumi məqamlar da var. Azərbaycanda olan son dəyişikliklər mənə çox gözəl təsir bağışlayır. Bəzi tərəflər Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edir. Bunlar ikiüzlü yanaşmadır. Reallıq isə budur ki, alternativ enerji üçün real mənbə Azərbaycan qazıdır. Azərbaycan vasitəsi ilə Türkmənistan qazıdır”.

Eks-prezident ölkəsi ilə Ukrayna arasında oxşar məsələlər olduğunu qeyd edib. Onun sözlərinə görə, bunlardan biri Rusiya fenomenidir: “Digər məsələ korrupsiyadır. Bu məsələ ilə hər yerdə mübarizə aparmalıyıq. Korrupsiya əsas düşməndir. Ukraynada bəzi insanlar qəbul etmirlər ki, dövlət qurumları yarana və bütün vətəndaşları müdafiə edə bilər”.

M. Saakaşvili bildirib ki, Azərbaycan dəqiq yolunu seçib: “Azərbaycan Avropada bəzi ölkələrdən daha liberaldır. Bu ölkə sürətlə modernləşmə yolunu seçib. Avropa cəmiyyəti də bunu bilməlidir, anlamalıdır”. (Apa)


Teqlər:





Xəbər lenti