Gömrükdə narkotik ələ keçirildi

Gömrükdə narkotik ələ keçirildi
  29 Aprel 2015    Oxunub:1493
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsinə istinadən AzVision.az xəbər verir ki, bu istiqamətdə görülən qətiyyətli tədbirlər nəticəsində gömrükçülər narkotacirlərin respublika ərazisinə 2 kiloqram 480 qram narkotik maddə keçirmək cəhdinin qarşısını alıb.

Narkotik vasitə Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Ukrayna vətəndaşı Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi “Volksvagen Transporter” markalı, AK 1046 AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı aşkar edilib.

Belə ki, gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsindəki 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

İstintaqla müəyyən edilmişdir ki, Qarayev Dəyanət adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, yağın içərisində yerləşdirib saxlamış, Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi “Volksvagen Transporter” markalı sərnişin mikroavtobusunun salonunda daşıyaraq Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışmışdır. Aparılmış əməliyyat tədbirləri zamanı Qarayev Dəyanət Babaxan oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılmışdır.

eləliklə, Qarayev Dəyanət Babaxan oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti