`Yəqin, təqsirim var...` – Töhmət alan icra başçısı

`Yəqin, təqsirim var...` – Töhmət alan icra başçısı
  18 Aprel 2015    Oxunub:1786
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov tərəfindən ona töhmət verilməsinə münasibət bildirib.

İcra başçısı Publika.az-a deyib ki, onun bu töhmətdən xəbəri yoxdur: “Bilmirəm, mənə töhmət verilməsindən xəbərim yoxdur. Veribsə, düz edib. Mən hazırda həmin gölə tökülən torpağın yığışdırılması işi görülən ərazidəyəm. Həmin şirkət rəhbərliyi də buradadır. Ancaq mənə töhmət verilməsindən xəbərim yoxdur. Verilibsə də, bunu normal qəbul etmək lazımdır. Hacıbala müəllim mənim müdirimdir, onun mənə töhmət verməyə ixtiyarı var. Yəqin təqsirim var ki, mənə töhmət verir. Başqa nə deyim, indi də göl ərazisində aparılan işin başındayam”.

İcra başçısı “Lake Residence” MMC-nin qanunsuz tikinti işləri apardığına və gölü tikinti materialları qırıntıları ilə doldurduğuna görə cəzalandırılması məsələsinə də toxunub: “Tikinti işlərini saxlatmışıq, qanun çərçivəsində də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək. O şirkətə görə də mənə söz gəldi. Mənim o şirkət rəhbərliyi ilə heç bir tanışlığım yoxdur”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.


Teqlər:





Xəbər lenti