Kanadada azərbaycanlı müəllimin kitabı çıxıb

Kanadada azərbaycanlı müəllimin kitabı çıxıb
  14 Aprel 2015    Oxunub:2244
Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatının “Sənaye, mədən fəaliyyəti və enerji” kolleksiyasında “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” adlı yeni kitabı nəşr olunub.

Azərbaycanın dünyada ilk neft istehsalçısı olduğunu diqqətə çatdıran müəllif Bakı neftinin tarixdə oynadığı roldan, ölkəmizin neft ixracatçısına çevrilməsi və onun beynəlxalq ticarətin inkişafına verdiyi töhfədən ətraflı söhbət açıb.

Altı fəsil, 248 səhifədən ibarət kitabda bildirilir ki, qədim “İpək yolu” üzərində yerləşən Azərbaycan malik olduğu resurslar sayəsində geostrateji əhəmiyyət kəsb edib. Müəllif XIX əsrdə Azərbaycan neft sənayesinin inkişaf xüsusiyyətlərini araşdırıb və ölkəmizin bu sahədə aparıcı rol oynadığını göstərib.

Əsərdə Azərbaycanın qısa müddətdə dünyada istehlak olunan neftin yarıdan çoxunu istehsal etdiyi, Bakının isə böyük sənaye şəhərinə çevrildiyi, XX əsrin əvvəllərində neft istehsalı sayəsində bir çox azərbaycanlının milyonçu kimi tanındığı qeyd olunub, onların xarici investorlardan fərqləndirici cəhətləri təhlil edilib, Azərbaycanın neft tarixində rolları dəyərləndirilib.

Sovet İttifaqı dağılandan sonra neft sənayesinin çətin duruma düşdüyünü, maliyyə çatışmazlığının, qeyri-sabitliyin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu sahənin yenidən dirçəldilməsinə mane olduğunu qeyd edən F.Zeynalov ölkəmizin çətin dövründə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtdığını və bununla da müasir Azərbaycan tarixində yeni bir səhifə açıldığını vurğulayıb. Ulu Öndərin hazırlayıb uğurla həyata keçirdiyi yeni neft strategiyasını hərtərəfli təhlil edib.

Kitabda Prezident İlham Əliyev tərəfindən neft strategiyasının uğurla həyata keçirilməsindən və qaz kəmərlərinin diversifikasiyasının davam etdirilməsindən geniş bəhs olunur. “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı zəruri sənədlərin imzalandığı və ardıcıl şəkildə həyata keçirildiyi, Cənubi Qafqaz qaz kəməri, TANAP, TAP layihələrinin Azərbaycanın təşəbbüsü və dəstəyi ilə reallaşdığı, bu layihələrin Azərbaycandan Avropaya yeni qaz dəhlizi açdığı, Avropanın enerji təhlükəsizliyində etibarlı və əvəzedilməz tərəfdaş olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Şahdəniz 2” və TANAP qaz kəməri ilə bağlı yeni “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft tarixinin növbəti mərhələsi başlayıb.

Xatırladaq ki, bu, F.Zeynalovun Fransada və Kanadada nəşr olunan beşinci kitabıdır. O, Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında tez-tez Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Azərbaycanın və Xəzərin enerji resursları, Cənubi Qafqazda siyasi məsələlərlə bağlı məqalələrlə çıxış edir.


Teqlər:  





Xəbər lenti