Cavid Qurbanovdan Avropa Oyunlarına hazırlıq

Cavid Qurbanovdan Avropa Oyunlarına hazırlıq
  09 Aprel 2015    Oxunub:2102
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
AzVision.az həmin müsahibəni təqdim edir:

- Bakı dəmir yolu vağzalının yenidən qurulması ilə bağlı işlər nə yerdədir, yenidənqurmanın nə vaxt bitəcəyi gözlənilir?

- Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalının müasir dövrün tələblərinə cavab verməsi üçün yenidənqurma işlərinin görülməsinə ehtiyacı var. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hələ ki, konkret vaxt demək mümkün deyil. Ümumiyyətlə, hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi ilə dəmir yolunun həyatında yeni bir mərhələ başlayıb. Quruculuq işləri geniş vüsət alıb.

-“Azərbaycan Dəmir Yolları” QSC Rusiya və Ukraynanın vaqon təmiri zavodlarına vaxtaşırı sərnişin vaqonlarının əsaslı təmir edilməsi üçün vaqon göndərir. Hazırda təmir üçün sözügedən ölkələrlə əməkdaşlıq edilirmi?

- Sərnişin vaqonu parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. İstifadədə olan vaqonlar təmir olunur. Ukraynanın və Rusiya Federasiyasının vaqon təmiri zavodlarinda 85 sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilib. Həmin sərnişin vaqonları Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində xəttə buraxılıb. Son vaxtlar Ukraynanın Dnepropetrovsk şəhərindəki "Dneprovaqontəmirquraşdırma" ASC-yə daha 10 vaqon təmirə göndərilib. Bu günlərdə 5 vaqon əsaslı təmir olunaraq ölkəmizə gətirilib.

- Bəs Rusiyadan alının yeni vaqonlar nə zaman Azərbaycana gətiriləcək?

- Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüşdə də əsas məqsəd bu ölkədən yük vaqonlarının alınması vəziyyətini araşdırmaq idi. Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolu rəhbərləri arasında keçirilən ikitərəfli görüşdə də bu məsələ müzakirə olundu. Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alındı. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.

-Türkiyəyə yüksəksürətli qatarla gedib-gəlmək nə vaxt mümkün olacaq?

- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişindaşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. İlkin mərhələdə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük dövriyyəsinin 5 milyon ton olaraq, sonradan 15 milyon tona çatdırılması planlaşdırılır. Layihə çərçivəsində Türkiyənin Qars stansiyasından Gürcüstanın Axalkalaki stansiyası daxil olmaqla uzunluğu 96 kilometr olan yeni xəttin tikintisi, Gürcüstan ərazisində uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki (stansiya istisna olmaqla) dəmir yolu sahəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri aparılır. Layihənin əsas obyektlərindən biri Gürcüstanı Türkiyə ilə birləşdirəcək uzunluğu 4450 metr olan tunelin tikintisidir. Tunelin Gürcüstan ərazisində uzunluğu 2070 metr olan sahənin 1827 metrində, Türkiyə ərazisində uzunluğu 2380 metr olan ərazidə üst keçid qazma işləri tam başa çatdırılıb. Marabda-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolu sahəsində (Gürcüstanı Türkiyə ilə birləşdirən, tikintisi davam etdirilən tunelin girişinədək-Kartsaxi sərhəd stansiyasınadək) işçi qatarların hərəkəti təmin edilib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin nəzərdə tutulan vaxtda istismara verlməsi üçün işlər davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının 2015-ci ildən isə istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam istifadəyə veriləndən sonra yük və sərnişin daşınması həyata keçiriləcək. Bunun üçün yeni vaqonların alınması da gündəmdədir. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması haqqında müqavilə imzalanıb.

- Bir müddət öncə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılacağı barədə qərar qəbul olunmuşdu. Bununla bağlı hansı addımlar atılır?

- Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yolları rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə dəmir yolu sahəsinin inkişaf etdirilməsi, həmin dövlətlərin ərazisindən daşınan tranzit yüklərin həcminin artırılması, TRACECA, Bakı-Tbilisi-Qars, eləcə də digər əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdi. Eyni zamanda daşıma prosesində yaranan məsələlərin operativ surətdə həll edilməsi məqsədilə Azərbaycan, Özbəkistan və Gürcüstan dəmir yollarında bu dövlətlərin nümayəndəliklərinin açılması məsələlərinə də baxəımışdı. Hazırda bu məsələ araşdırılır, proses yerlərdə müzakirə mərhələsindədir.

-Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində dəmir yolunda hansı işlər görülür?

- Bakıda keçiriləcək I Avropa Oyunlarına Nəqliyyat Nazirliyi tərəfindən konkret kompleks tədbirlər proqramı hazırlanıb və dəmiryolçular da öz fəaliyyətini həmin proqrama uyğun təşkil edirlər. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı dəmir yolu vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq. Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. I Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaq. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri üçün ingilis dilini öyrənmək məqsədilə təlim kursları açılıb və qeyd edilən işçilər hazırda həmin kurslarda təlim keçirlər. I Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılıb və lazımı avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi geyim formaları ilə tam şaklidə təmin olunacaqlar. Bununla yanaşı sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti