“Azərbaycanın imici mənim üçün çox vacibdir”

“Azərbaycanın imici mənim üçün çox vacibdir”
  23 May 2013    Oxunub:1443
Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovla eksklüziv müsahibə
- Sultan müəllim, ilk növbədə baş konsulluğun fəaliyyəti haqda məlumat vermənizi istərdik. İnkişaf baxımından, Azərbaycan mədəniyyətinin, incəsənətinin, eləcə də müxtəlif ideyaların irəliləməsi yönündə Yekaterinburqda və digər bölgələrdə hansı işlər görülür?
- Hər şeydən əvvəl sizi salamlayıb “Yekaterinburqa xoş gəlmisiniz!” demək istəyirəm. Sualınıza gəlincə, Yekaterinburq bizim üçün artıq doğma şəhərdir. Azərbaycanın Baş Konsulluğu 4 ildir ki, burda fəaliyyət göstərir. Hesab edirəm ki, Yekaterinburqda, Uralda Azərbaycanın baş konssulluğunu açmaq hörmətli prezident Ilham Əliyev tərəfindən atılmış çox müdrik addım idi. Və daha bir çox mühüm bir faktor odur ki, Zaqafqaziyada, Cənubi Qafqazda təmsil olunan yeganə ölkəyik. Bizim konsulluq idarəmiz Uraldan başlayaraq Sibir və Uzaq Şərqə qədər böyük bir ərazini əhatə edir. Əsas vəzifəmiz harada olduğumuzu, hansı vəzifədə çalışdığımızı anlamaq və Azərbaycan vətəndaşlarının maraqlarını qorumaqdır. Müvafiq olaraq planlarımız, öhdəliklərimiz və vəzifələrimiz çoxdur. Və xüsusilə qeyd etmək istərdim ki, bizim üçün ən əsas, prioritet məsələ Azərbaycan üçün bacardığımız qədər çoxlu dostlar qazanmaq, Uralda, Sibirdə və Uzaq Şərqdə mövcud olan informasiya blokadasını qıraraq ölkəmiz haqqında məlumatlandırmaqdır. Və bunun üçün inanın ki, səylə çalışırıq. Bu 4 il ərzində 250-yə yaxın insan rəsmi xətlə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Baş Konsulluğumuzun dəstəyilə ölkəmizdə olub. Yəni, nə qədər çox insan Azərbaycana gəlirsə, bizi bir o qədər çox tanıyırlar. Bu da münasibətlrimizin daha pozitiv səviyyədə qurulmasına şərait yaradır.
Bundan başqa, konsulluqda vətəndaşlarımıza xidmət göstərən şöbə də var. Vəzifəmiz – ilk növbədə onların Azərbaycana gedişinə, vətənə qayıdışına şəhadət verməkdir. Ümumiyyətlə, Yekaterinburqdakı Baş Konsulluq geniş ərazini əhatə edir. Məlum məsələdir ki, Movskvada səfirliyimiz və Sankt-Peterburqda Baş Konsulluğumuz var. Nələrə nail olmuşuq? Azərbaycanı daha çox anlamağa və hörmət etməyə başlayıblar. Bax, bu, bizim əsas məqsədlərimizdən biri idi. Çünki, Azərbaycanın imici mənim üçün çox vacibdir.

- Hörmət, anlayış necə ifadə olunur?

- Nəzərə almaq lazımdır ki, Ural Rusiyanın mərkəzi deyil. Baxmayaraq ki, Yekaterinburq böyüklük baxımımdan Rusiya Federasiyasının üçüncü mədəniyyət mərkəzi sayılır. Siyasi, iqtisadi, mədəni-humanitar sahədə əlaqələrimiz genişlənib. Əlbəttə, bu əlaqələr əvvəllər də vardı, amma belə yüksək səviyyədə deyildi. Bizim azərbaycanlıların, əməkdaşların köməyilə bu istiqamətdə işləyirik. Ona görə də aşağılardan tutmuş yuxarılara qədər Azərbaycan, xalqımızın yaşayışı barəsində məlumatlar verməyə çalışırıq. Ölkəmizin sürətlə tərəqqi və inkişaf etdiyini gözəl bilirlər. Və artıq Azərbaycanda, Bakıda olmuş qonaqlarda fikirlər, düşüncələr təbii ki, dərhal pozitiv yöndə dəyişir.

- Baş konsulluq qanunsuz köçkünlərlə problemi necə həll edir?

- Demək olar ki, burda qanunsuz köçkünlər yoxdur. Amma olanda belə, bu məsələlər diaspor təşkilatları səviyyəsində həll edilir. Onlar daha sıx əlaqədə olurlar. Biz isə Azərbaycan vətəndaşlarını qeydiyyatı aparıb onları konsulluq uçotuna salırıq. Belələri də çox deyil. Çünki, böyük əksəriyyəti Rusiya Federasiyasının vətəndaşlarıdır. Yəni, Yekaterinburq, Moskva və Piter deyil ki, gəlib-gedəsən. İnsanlar burda məskunlaşıblar, 30-40 ildir ki, burda yaşayırlar, rus dilində təhsil alırlar. Yekaterinburq ali məktəblərində təhsil alan çox sayda azərbaycanlı gənclər var. Hətta faiz nisbətində götürsək, ali təhsilə can atan azərbaycanlı gənclər daha çoxdur.
Digər məqamlar da var, amma mən neqativ şeylərdən danışmaq istəmirəm. Əlbəttə qanun pozuntuları olur. Azərbaycanlılar çoxdur burda və aralarında müxtəlif iqtiqamətdə insanlar var təbii ki. Qanunu pozan, hansısa cinayət törətmiş şəxslər şübhəsiz ki, Azərbaycana deportasiya edilirlər. Lakin ümumilikdə azərbaycanlılar haqqında rəylər müsbətdir. Təsəvvür edin ki, Yekaterinburqda 25-ə yaxın diplomatik missiya fəaliyyət göstərir və Birləşmiş Ştatlar, Çin Xalq Respubkilası , Almaniya, fransa, Böyük Britaniya kimi böyük ölkələr təmsl olunur. Yəni, Yekaterinburq balaca şəhər deyil.



- Yekaterinburqda ümumilikdə nə qədər azərbaycanlı yaşayır?
- Tümen və daha uzaq şəhərləri nəzərə almasaq, bütün Sverdlovsk vilayət üzrə 50 minə yaxın azərbaycanlı yaşayır. Daha geniş miqyasda götürsək, sayımız 200 minə çatır. Amma bu, qeyri-rəsmi məlumatdır. Rəsmi məlumata əsasən isə say göstəricisi əlbəttə bir qədər azdır. Amma biz bilirik ki, bütün Rusiya ərazisində iki milliona yaxın azərbaycanlı yaşayır. Azərbaycanlıların sayını kimsə dəqiq deyə bilməz.

- Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği, o cümlədən Qarabağ problemi və digər vacib məsələlərin ictimaiyyətə çatdırılması yönündə hansı tədbirlər keçirilir?

- Böyük işlər görülür. Elə bir gün, həftə, ay yoxdur ki, öz tərəfimizdən təbliğat mahiyyətli tədbirlər keçirilməsin. Məqsəd Azərbaycanın imicini daha da yüksəklərə qaldırmaq, bizi obyektiv tanımalarıdır. Və təkrar edirəm, Azərbaycan üçün çoxlu dostlar qazanmalıyıq. Ondan başlayaq ki, ilk dəfə xarici ölkədə, Azərbaycan sərhəddinin hüdudlarında “Azərbaycana yol” adlı televiziya verilişi hazırladıq. Xüsusilə qeyd etmək lazımdır ki, bu, Azərbaycan hüdudlarında kənarda, dünyada ilk yayınlanan veriliş idi ki, Yekaterinburqun dövlət kanalinda daimi əsaslarla, iki il yarım müddətində yayımlandı. Sverdlovsk vilayətində nümayiş olunurdu. Yayım saatı da çox uğurlu idi – praym-taym vaxtı. Təəssüf ki, texniki problemlər səsəbindən verilişin yayımını müvəqqəti dayandırmalı olduq. Belə deyək ki, texniki təchizatın yenilənməsi və materiallar tələb olunur. Amma düşünürəm ki, yaxın zamanlarda verilişin yayımı bərpa olunacaq.

- Veriliş haqda hansı rəylər vardı?
- Rəylər kifayət qədər müsbət idi. Dünya azərbaycanlıları bu verilişə peyk kanalı vasitəsilə baxa bilirdilər. Ruslar, bizim yekaterinburqlu dostlarımızda isə verilişə ürək ağrısı isə baxırdılar. Çünki, yaşlı insanlar Sovet İttifaqını, keçmiş günləri, Müslüm Maqomayevi, Rəşid Behbudovu, Kərim Kərimovu, Əliağa Şıxlinskini yada salırdılar. Azərbaycanın tanınmış insanları, incəsənəti haqda silsilə verilişlər nümayiş olunurdu. Və biz burdakı diplomatik korpuslar, həmkarlarımız arasında böyük nüfuza malikik. Sizi əmin edirəm ki, baxmayaraq ki dipmissiyalar arasında fəaliyyət etibarilə ən cavanıyıq – 4 ilə yaxın, burda böyük hörmət sahibiyik. Bizdən başqa burda amerikalılar, çinkilər və digər konsulluqlar var ki, 20 ildir fəaliyyət göstərirlər. Azərbaycan, bizim simamızda güclü təmsil olunur. Əlbəttə ki, dostlarımızın sayəsində. Mən tək bacarmazdım.

- Maarifləndirici yöndə hansı layihələriniz olur?
- Belə layihələr çoxdur. İlk növbədə qeyd etmək istəyirəm ki, Yekaterinbuqrda Azərbaycana və konkret Heydər Əliyev şəxsiyyətinə böyük hörmət var. Sverdlovsk vilayətinin rəhbərliyi, içtimaiyyət xahişimizi nəzərə alıb ölkəşünaslıq muzeyində, daimi əsaslarla Heydər Əliyevə həsr olunmuş ekspozisiya yaradılıb. Təntənəli açılış mərasimini bir il öncə keçirdik. 108 saylı Yekaterinburq gimnaziyasının nəzdində Azərbaycan Təhsil-Yaradıcılıq Mərkəzi var. Bura Azərbaycanı, Azərbaycan dilini öyrənmək üçün uşaqlar yazılır. Və hər bir şey rəsmi səviyyədədir. Bir sözlə, mərkəz, münasibətlərin bütün spektrini əhatə edir. O cümlədən mədəniyyət və incəsənət sahəsini.



- Azərbaycanın hansı tanınmış şəxslərinin yaradıcılıq gecələri təşkil olunub?
- Bu suala cavabım sadədir. İki il yarım yayımlanan “Azərbaycana yol” televiziya verilişi Azərbaycan haqqında nə göstərmək mümkün idisə, göstərdi. Konkret yaradıclıq gecəsinə gəlincə, Müslüm Maqomayevin masştablı anım gününü keçirdik. Və çox sevindirici haldır ki, bu tədbirdə Uralın mərkəzi-hərbi dairəsinin komandanı, general Vladimir Çirkin iştirak edirdi. Onun həm bizə, həm də Azərbaycana münasibəti çox yaxşıdır. Ümimiyyətlə, burdakı insanlar çox nəcib, tərbiyəli, yüksək mədəniyyət sahibidirlər.

- Gəlin, Baş Konsulluğu və rəsmiyyəti kənara qoyaq. Sadəcə bir insan olaraq Rusiyada olmaq Sizin üçün nə deməkdir?
- Çox şey deməkdir. Mən hər zaman demişəm ki, əgər burda işləyirəmsə, demək bunda nəsə bir qanunauyğunluq var. Çünki Sovet İttifaqı dönəmindən azərbaycanlılar Rusiya və rus xalqı ilə yaxşı münasibətdə olublar. Heydər Əliyev əbəs yerə demirdi ki, “Rusiya ürəyimin bir parçasıdır”. Uzun müddət Moskvada, Uralda, Sibir, Novosibirskdə, Uzaq Şərqdə işləyib. Kurqan vilayətindən deputat seçilib. Bizi Rusiya ilə dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələri bağlayır.

- Bildiyim qədərilə yaxın günlərdə 28 may - Republika Günü keçiriləcək...
- Bəli, qarşıdakı məqsədimiz, hətta deyərdim borcumuz bu əhəmiyyətli tarixi günü qeyd etməkdir. Azərbaycan diasporu və Beynəlxalq bankın dəstəyilə keçiriləcək bu tədbirə Rusiyanın siyasi, ictimai və mədəni xadimləri qatılacaqlar. Bu istiqamətdə gərgin hazırlıq işləri gedir.

Sevda Babayeva
Bakı-Moskva-Yekaterinburq-Moskva- Bakı


Teqlər:  





Xəbər lenti