Pulsuz kişilər

Pulsuz  kişilər
  02 Aprel 2015    Oxunub:12320
Elşən Musayev

Uşaqlıqdan beləyəm: Pulsuz olanda, ya da pul azalanda həmişə kompleksə girmişəm, içimdə sanki dünyanın sonuymuş kimi bir təəsürat yaranıb. Kənardakıları bilmirəm, amma özüm üçün dəqiq adiləşmişəm, bəsitləşmişəm, hörmətsizləşmişəm…


Yox!!! Maddiyyatçı deyiləm. Gerçəkdən! Bəsirət gözümün də yaşadığım müddətcə tam qapanmadığı qənaətindəyəm. Fəqət… bir də həyatda gördüklərim var. Məsələn, uşaqkən “Əhmədli”dəki məhəlləmizdə kasıb uşaqları kimsə futbol “komanda”sına daxil eləməzdi. Məcbur idim varlı görünməyə. Bahalı “butsı”lar və xaricdən dayımın göndərdiyi futbol maykaları ilə bağlı yalanlar uydurmağa… Məhkum idim! Guya, mən onları sıradan bir məhəllə futbolunda xarab etməyim deyə geyinmirmişəm…

Ya da hamının evində videomaqnitafon olub, bizim evimizdə isə yerli-dibli yoxkən, dost-tanışdan kaset yığardım. Axşam baxıb, sabah qaytaracam deyə… Oysa, o kasetlərin təyinatı televizorun üzərində qalmaqdan o yana keçməzdi…

Bizim maşınımız da yox idi. Amma demə səbəb atamın maşın sürə bilməməsi imiş. İstəsə 5-ni birdən alarmış…

Hətta xatırlayıram, bir dəfə mənim kompleks və təkəbbür nümunələrimdən şübhələnən dostlarıma öz söylədiklərimi sübut etmək üçün, evin bütün büdcəsi olan pulu 1 günlük oğurlayıb həmin dostların yanında nümayiş elətdirmişdim. Guya, mənim həftəlik cib xərcliyimmiş kimi…

* * *

Mən pulsuz olanda bitkin və qeyri-adekvat oluram. Gerçəkdən! Elə bilirəm, hətta düzgün bildiyimi də diktə edə bilmərəm, pulsuzkən kimisə nəyəsə inandıra bilmərəm, inad edə bilmərəm, küsə bilmərəm, ərköyünlük edə bilmərəm, məğrur-məğrur gəzə bilmərəm… kişilikdən, ötkəmlikdən, perspektivdən, hətta… nə qərib ki, sevgidən belə dəm vura bilmərəm…

Mən pulsuz olanda elə bilirəm, bir addımlığımda olan doğmalarım da mənə yan gözlə baxır, övladım hər zamankı istiliklə bağrıma sarılmır, anamın gözündən düşürəm, bacımın mənimlə qürur duymayan sərt və etinasız baxışları ilə üz-üzə gəlirəm…

Mən pulsuz olanda elə bilirəm, dünyanın ən alçaq adamı da qarşımda söz haqqına sahib, öz haqqına sahib, görk haqqına sahib…

* * *

Yaşadığımız həyatda təmənnasız bir şey yox! Kim nə deyir-desin, bu, belədir. Hətta öz dogma, səni dünyalar qədər sevən anana belə ad günündə 100 yox, 200 manatlıq hədiyyə alsan, gözlərində tam başqa bir işıq görərsən…

Dostlarınla oturduğunda hesabı 1 yox, 5 dəfə versən, daha fərqli, daha “cazib” oğlan olarsan…

96-nin “çeşka”sında deyil, 2014-ün “S Klass”ında gəzsən, kəramətin də, sanbalın da birə-beş artar… Hətta elə bir məqama qədər artar ki, özün öz “böyüklüyünə” inanıb, təvazökarlığın anasını ağlar qoyarsan…

* * *

Dəmiryol vağzalının arxasında ard-arda “iş kontor”ları var. “Girdirmə” də təsisatlardır hamısı. “Birja” qəzetindən tapmışdim o ünvanı. 2004-də atamın vəfatından sonra özümə iş axtarmaq üçün. Getdim. Qapının ağzında oturan 18-19 yaşlı gədələr (amma sözün gerçək anlamında - gədələr!) öncə kimliyimlə, təhsilimlə maraqlandılar. Üstəgəl, elə də borc-borc baxışları vardı ki… Fəqət, tam da məntiqli baxışlar! Bəs necə?! Pulsuz adama başqa nə cür baxıla bilər ki? Əlbət, bu cür də baxılacaq. Və təbii, mən o məqamda 1 il öncə Prezident seçkilərində İlham Əliyevin müdafiəsi (təbliğatı) ilə məşğul olan əsas 5-10 simadan biri olduğumu, 2 ay öncə haqq dünyasına qovuşan atamın düz ölən günə qədər Universitet rektoru vəzifəsində çalışdığını, evdə, şkafın başında 2 ədəd qıp-qırmızı “Beynəlxalq hüquq” diplomumun yatdığını, hələ üstəgəl, bu da azmış kimi rəsmi qeydiyyatdan keçən bir Partiyanın rəhbəri olduğumu söyləyə bilməzdim… İnanmazdılar! Onları doladığımı düşünərdilər. Ya da axmaq yerinə qoyulduqlarını!

Amma soruşsaydılar, anladardım. Heç qürur-filan düşünmədən anladardım ki, pulsuz kişinin keçmişini müzakirə etmirlər. Pulsuz kişi təxminən toydan 1 həftə sonra ərindən boşanıb ata evinə qayıdan gəlin kimidir - onu utandırmaq, pərt eləmək olmaz. Və nəhayət, pulsuz kişinin qiymətini elə pulsuzluğuna da baxıb vermək lazımdır. Təbii, “kişi”kəlməsini deyilişdə incə bir eyhamla səsləndirmək, yazılışda isə mikroskopik baxışla göstərmək şərtilə…

* * *

Pulsuz insan intihar eləməyə də qorxur. İnanın, məhz qorxur. Düzdür, bunu günahdır-filan özünütəlqini ilə bir şəkildə sığortalamağa çalışır. Amma elə deyil, o, məhz qorxur! Özü də it kimi qorxur! O biri dünyada da pulsuz qalar deyə…

Pulsuz insanın öz xəyal ürünü, dünyası olur. O, ümidlərini ya avtobusun ən son oturacağında, ya da “Elmlər”dən “Həzi Aslanov”a gedən səsli-küylü metro vaqonlarında qurur. Üstəlik, hər gün qurur. Bəzənsə bir ömür boyunca qurur…

Pulsuz insan kirayə qaldığı evdə qapının ağzına səhər atmaq amacı ilə zibil də qoya bilmir. Birdən qonşu gecənin bir vaxtı qapını döyüb, ona ikinci, ya da üçüncü sort olduğunu xatırladar deyə…

Və nəhayət… pulsuz adamın ən ağır məziyyəti bilirsinizmi, nədir? Pullu görünmək! Tam səmimi deyirəm. Bu, betərdən də betər olan bir hissdir! Və ya hamı sənin vasitənlə mövqe, mənfəət, iş “boğma”ğa cəhd edir. Oysa, fərqində olmur ki, qarşısındakı insanın özü boğulmamaq üçün bir saman çöpü axtarışındadır, çox kiçik ümidlə yenidən həyata sığınma çabasındadır…

* * *

Hərdən harın məmur övladlarına baxıram. Ardınca onların bir də pulsuz qalacağı vaxtları göz önümə gətirirəm...
Allahın bədbəxtləri!
Bizə atalarımız heç nə də olmasa, fərli-başlı təhsil verə bildi. Bu minvalla da bataqlıqdan çıxdıq!
Sizinsə yüz minlik maşınlardan, bir də “avtoş”luq sevdanızdan savayı heç nəyiniz yoxdur.
Diri-diri gəbərəcəksiniz…
Sabun köpüyü kimi əriyəcəksiniz!
Məchullara gömüləcəksiz!
Pulsuz qalanda…


Teqlər:





Xəbər lenti