`Məhləmizdə bir quyu var, əmiqızı...` - Siyasilərin ifasında

`Məhləmizdə bir quyu var, əmiqızı...` - Siyasilərin ifasında
  01 Aprel 2015    Oxunub:17289
Bu mahnını Azərbaycanda hər kəs eşidib: `Məhləmizdə bir quyu var, əmiqızı...` Biz isə düşündük ki, bu mahnı siyasi prosesdə iştirak edən şəxslərin məntiqini açıb göstərmək üçün əla vasitə ola bilər.

Ona görə də, gəlin, həm də 1 aprel zarafatı olaraq, təsəvvür edək ki, Azərbaycanda siyasi proseslərin iştirakçıları həmin cümlənin davamını necə oxuyardılar.

Siyavuş Novruzov:


- Bilirsiniz, mən özüm şəxsən gedib baxmışam, o quyunu 5-6 radikal müxalifətçi qazıb. Amma elə quyuları da başları kimi boşdur (gülümsəyir...)

Əli Kərimli:

- O quyunun əslində əmiqızına dəxli yoxdur. Bu rejim 20 ildir ki, xalqa cürbəcür quyular qazmaqda davam edir... İndi də təzə quyu qazmağa başlayıblar. Amma daha quyu dövranı keçib...

Hafiz Hacıyev:

- Kərimov Əli, sən kimə deyirsən quyu qazır? Özün rəhmətlik Elçibəyə quyu qazmadınmı? Quyunun suyuna zəhər qatmadınmı? Sizə deyirəm, yığışdırın özünüzü! Canınız üçün, hamınızı quyuya salladıb, ipinizi kəsəcəyəm!

Zahid Oruc:

- Dünya miqyasında gedən qlobal-futuristik proseslərin, artıq başa çatmaqda olan böhranın, neftin ucuzlaşmasının və dolların qalxmasının fonunda götürəndə, bu il Azərbaycanda kənd təsərrüfatı ili olduğunu nəzərə alsaq, təhlillər göstərir ki, suvarmanı inkişaf etdirməyə ehtiyac var. Və bu səbəbdən də, məhəllələrdə quyuların çox olması həyətyanı təsərüfatlara böyük dəstək ola bilər. Mən iqtidarın bu yöndəki siyasətini alqışlayıram.

İsa Qəmbər (qəlyanını yandırıb, bir qullab vurub, müdrik görkəm alaraq):

- `Quyu` sözü quymaq sözündəndir. Ona görə də, əmiqızının məhləsində quyu varsa, yəqin, tezliklə əmiqizına quymaq bişirmək lazım gələcək.

Cəmil Həsənli:

- Sevgili xalq, uca millət! Mən sənədlər də gətirmişəm ki, bu iqtidardakılar həmin quyunun suyunu axırıncı damlasına qədər daşıyıb, aparıblar xaricə. Utanın! O sudan bu xalqa da saxloun!

Niyaməddin Orduxanlı:

- Həmin quyu Əli Kərimlinin işidir. O qədər ona-buna quyu qazıb ki, yanında heç kim qalmayıb. Bütün xalq bilir ki, Əli Kərimli quyu qazandır, ona görə də heç kim ona etibar eləmir.
(Ardınca telefonu götürüb, zəng edir: `Qardaş, gör necə partlatmışam, xahiş edirəm, bu statusumu ver getsin`)

Aydın Mirzəzadə:

- Bəli, iqtidar quyu qazır. Biz xalqı təmiz, keyfiyyətli içməli su ilə təmin etmək üçün artezian quyuları qazırıq. Bu, hökumətin sosial siyasətinin tərkib hissəsidir. Bu il büdcədən quyuların qazılması üçün xeyli pul ayrılıb.

Xədicə İsmayıl:

- I feel good here. No matter that I have no opportunuty to use the well in our məhəllə, burdakı quyu da pis deyil. Hərdənbir fransız şampunu ilə çimirəm də.

Razi Nurullayev:

- O quyunun qazılması qərarı veriləndə mən hələ sədrin müavini idim. Əli Kərimli saxta profil açıb, quyunun qazılmasını internetlə sifariş etmişdi.

Fazil Qəzənfəroğlu:

- Quyunun nə ziyanı var ki, su aydınlıqdır, namaz qılmaq istəyənlər dəstəmaz ala bilərlər, cünub olanda isə qüsl verərlər.

Vəfa Quluzadə:

- Mən bunu neçə dəfə demişəm ki, o quyunu Amerika qazır və buna görə də Rusiya dağılacaq.

Qamət Süleymanov:

- Bu quyu müsəlmanlara qarşı təxribatdır. Bununla Zəmzəm quyusunu gözdən salmaq istəyirlər. Amma yenə də hər şeyin doğrusunu Allah bilir.

Arif Hacılı:

- Biz İsa bəylə məsləhətləşəndən sonra Müsavat partiyasının həmin quyu haqqında mövqeyini bəyan edəcəyik. Kim razılaşmasa, partiyadan gedə bilər.

Leyla Yunus:

- Mən qocayam, mən xəstəyəm, mən tualetə getmək istəyirəm, amma bunlar qoymurlar ki, mən o quydan su götürüb, aftafamı doldurum... Bunları çəkin, bunlar banditdirlər...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti