TEATR | Sərhəddəki YUĞ - FOTOLAR

  22 May 2013    Oxunub : 1394
TEATR | Sərhəddəki YUĞ - FOTOLAR
Sərhədlər nəyinsə uğrunda savaşaq deyə var... Bu tayda qalıb o tayda qalanlar üçün darıxaq, yarımçıq insanlar olaq, saysız və mənasız rüsumlar ödəyək deyə var...
Ər (Qasım Nağı), arvad ( Sonaxanım Mikayılova), qayınana (Təranə Atacan), qayınata (Vidadi Həsənov) və “uşaqların” səssiz və sıradan şam yeməyi diplomatların qəfil gəlişi ilə pozulur. Parlaq qrimləri ilə fərqlənən və xüsusi ox işarəsi ilə göstərilən beş məmur (Yaqut Paşazadə, Ərtoğrul Kamal, Oqtay Mehtiyev, Emil Məlikov) O-nun yəni orqanın tapşırığı ilə sərhəddin məhz burdan, mənzilin düz ortasından keçəcəyini elan edir.

Dolma süfrəsi bitən kimi sərhədlər salınır, qara dolmalar ağ maskalı məmurlar tərəfindən dövlət mülkiyyətinə keçir, nənə və baba sərhəddin bu tayında, ər və arvad isə sərhəddin o tayında qalır.

Çox keçmir tabular öz işini görür, sərhəddi keçməyə cəhd göstərən nənə güllələnir. “Qanun” tərəfindən güllələnən, “Ah bu qızın barmaqları...”nın sədaları altında rəqs edən nənə onun üçün yas tutan qızına üsyan edir, nənə sərhədlərdən xilas olduğu, öldüyü üçün xoşbəxt görünür...Öldür məni bəlkə bir də dirildim...

Sərhədlər savaşaq deyə var... Ekrandakı müharibə kadrlarının fonunda peyda olan, gitaranı silah, ləyəni dəbilqəyə çevirən qayınatanın sualları qarşısında aciz qalan kürəkən “Bilmirəm vanna otağına keçəndə, yoxsa divana uzananda özümü vətənpərvər hiss edim ?” deyir... Kim bilir ?!

Ər-arvadın qaçaqmalçılar üçün keçid məntəqəsinə çevrilən yatağı, bəyaz işıqlarla bəzədilən sərhəd “məftilləri”, ad günü sürprizi, və bir qoşun qonağın əlindən, tamaşa boyu ona yüklənən mənəvi və fiziki təzyiqlərdən qaçan ər... Kimlər gəldi kimlər keçmədi ki bu dünyadan...

YUĞ Dövlət Teatrında Polşa Respublikasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUĞ Dövlət Teatrı, AR Production, A.Mitskeviç İnstitutu və prodüser Səbuhi Məmmədovun təşəbbüsü ilə reallaşan, Azərbaycan - Polşa mədəni sərhədlərinin çəkildiyi “Sərhəddə” tamaşası xaotikliyi, bütün anlaşılan və anlaşılmayan məqamları və kifayət qədər bol olan yaradıcı təxəyyülü ilə son illərin ən uğurlu layihələrindən biri hesab etmək olar.

Leyla Əliyeva

Elnur Muxtar

Foto


Teqlər: