İlham Əliyev ağac əkdi - FOTOLAR (Yenilənib)

İlham Əliyev ağac əkdi - FOTOLAR (Yenilənib)
  13 Mart 2015    Oxunub:3972
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə şəhərdə yeni salınmış və Ulu Öndərin adını daşıyan park-bulvarda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirdi ki, bərdəlilərin Ulu Öndərin xatirəsinə ehtiram əlamətinin rəmzi olan bu möhtəşəm abidə yeni ucaldılıb. Abidənin postamenti və ətrafı orijinal layihə əsasında qurulub.

Bundan əlavə Bərdədə Heydər Əliyev adına park-bulvarın açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Bərdəyə xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderin adına layiq mədəniyyət və istirahət parkının yaradılması təşəbbüsü bərdəlilərin Ulu Öndərin əziz xatirəsinə ehtiramının nəticəsidir. Elə bu ərazidə 1979-cu ilin sentyabrında Ulu Öndərin öz əli ilə əkdiyi sərv ağacının indiyədək qorunub mühafizə olunması da Ümummilli Liderin xatirəsinə ehtiramın bir nümunəsidir. Ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyev parkda ağac əkdi. Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu.

Prezident İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri də təqdim olundu.

Parka avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə edə biləcəklər.

Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzdi.

Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.

Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə təbii göllərin yaradılması, Tərtər çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev yeni park-bulvarın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Prezident İlham Əliyev mənzillərə baxdı.

Dövlətimizin başçısı kompleksdəki məktəbdə yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təhsilə qayğısını və məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlərə baxdı. Burada, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də yaradılıb. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı yaşayış kompleksindəki uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Uşaq bağçasında balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

Prezident İlham Əliyev yeni yaşayış kompleksində görülən işlərdən razılığını bildirdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti