ANS-in xəbər PRESSləyənləri - Reportaj

ANS-in xəbər PRESSləyənləri - Reportaj
  11 Mart 2015    Oxunub:20464
`Redaksiyada bir gün` adlı layihəmizin növbəti mənzili Anspress saytı oldu. Bəzəndik-düzəndik, saçımıza sığal çəkib yollandıq işimizi görməyə. Xeyli yolu ayaq döyə-döyə nəhayət ki, gəlib çatdıq saytın yerləşdiyi məkana. İçəri buraxılmaq üçün isə daha ayağımızı deyil, gözümüzü döyüb xeyli gözlədik... Və nəhayət ki, içəri keçmə iznimiz verildi.

Çox da geniş olmayan dəhlizlə irəliləyib redaksiyanın əsas heyətinin əyləşdiyi otağa keçdik.



Vaxt itirmədən hamının başı aşağı, sakitcə işini gördüyü otaqda həmkarlarımızla salamlaşıb, ayağımızın ucu ilə baş redaktor Azad Əliyevə yaxınlaşdıq... “Necəsiniz?”, “Nə var-nə yox” “Günə necə başlamısınız?” bunlar öz yerində...

İndi isə görək baş redaktor aldı diktafonumuzu əlinə nə dedi:



“Bizim tam heyətimiz otaqda gördüklərinizdən ibarət deyil. Heyətin bəzi üzvüləri var ki, hazırda tədbirdə və ya çəkilişdədirlər. Anspress-də növbəli iş sistemidir, 24 saat portal yenilənir. Səhər növbəmiz saat 9-dan 6-ya qədər davam edir. İkinci növbə isə saat 5-dən 2-yə, 3-cü növbə isə bundan səhər saat 9-a qədər davam edir. Yəni 24 saat ərzində heyətimiz dəyişir.

Redaksiyamız bizim oturduğumuz xəbər otağından, videomoderator və rus versiyasının tərcüməçilərinin otağından ibarətdir. Heyətimiz ola bilsin agentliklərə nisbətən azdır. Çünki biz portalıq. Bundan əlavə bölgə müxbirlərimiz və Türkiyə, İran, Moskva, London büromuz var. Yəni bu gördüyünüz tək heyətdən ibarət deyil.

Əgər yaradıcı heyəti nəzərdə tutruqsa, ümumi götürəndə 20-dan çox işçimiz var.
Gündüz növbəsinin redaktor heyətinə- Zülfiyyə, Kəmalə xanım və Əsgər müəllim daxildir. Xüsusi müxbirlərimizdən isə Ziya, Çingiz, Şahin və Bənarə hazırda redaksiyadadır.



Gördüyünüz komputerlərin hamısının öz yiyəsi var.(gülür). Uşaqlar tədbirdə olanda redaksiyada sadəcə redaktor heyəti qalır.

Rəhbərimiz, jurnalistikanın korifeylərindən biri Mais Məmmədov hər gün saat 9-da planlaşdırma edir. Ondan sonra mövzuları paylaşdırırq. Təkcə xəbərlərin istehsalı ilə məşğul olmuruq, özəl materiallarımız, araşdırmalarımız olur.

Bu gün həftənin əvvəlidir. Bazar ertəsi jurnalistikada bir az çətin gün sayılır. Ancaq iclasdan çıxana qədər adaptasiya mərhələsini keçirik, yəni, xəbərsizlikdən şikayət etmək olmaz.

Həmçinin qaynar xəttimiz də var. Artıq bir ildən çoxdur ki, qaynar xəttimizə mövzu verəcək zənglər gəlir. Bir də görürsən ki, adam girir mağazaya dünən 1 manat 50 qəpiyə aldığı siqareti, bu gün 2 manat 50 qəpiyə alır. Həmin an bizə zəng edirlər. Biz onlara başa salmağa çalışırıq ki, biz yazacayıq, münasibət öyrənəcəyik, ilk olaraq aidiyyatı orqana da müraciət edin”.

Əziz oxucu onu da nəzərinizə çatdırım ki, “qaynar xətt” ans-çilərə tək işləmək üçün deyil, həm də sonradan deyib-gülmək üçün də mövzu verir.

“Axtarış sistemində “qaynar xətt” yazanda nədənsə birinci bizim qaynar xətt çıxır. Vətəndaşlar da haranın qaynar xətti olduğuna heç fikir vermədən zəng edirlər. Bir də görürsən ki, şəhər sakini zəng edir, yarım saatdan çox danışır. Biz də qulaq asırıq. Sonra məlum olur ki, bu əslində bizə zəng etməyib. Başqa bir quruma zəng edib.

Bir dəfə yadıma gəlir ki, Ağstafadan zəng gəldi ki, bəs qoyunumu ildirım vurub, gözləyirik gəlin. Deyirik ki, bizim bölgə müxbiri ora gələnədək istənilən halda gec olacaq, siz FHN -ə və ya polisə xəbər verin. Deyir ki, biz sizə xəbər veririk, siz zəng edin deyin.

Ancaq oxucu zəng edib nədənsə şikayət edirsə, deməli onu narahat edən bir məsələdir, axıracan qulaq asmaq lazımdır. Elə olur ki, bizim müxbirin işi qalır, adamlarla psixoloji söhbət etməyə başlayır. Adam deyir ki, kreditimi ödəyə bilmirəm, məzənnə dəyişib, intihar etmək istəyirəm. Bizə ümid yeri kimi baxırlar, biz də çalışmalıyıq ki, onların ümid yerini qırmayaq”.

-Redaktorun məsuliyyəti də böyükdür. Hamı ilə münasibəti qaydasına salmaq, hamının torbasını büzüb əldə saxlamaq asan deyil. Bax bu məsələləri necə tənzimləyirsiniz? Çünki jurnalistləri heç nə ilə qane etmək mümkün deyil, narazı tərəfdilər.

“Düz deyirsiniz bu bir az çətin məsələdir (gülür). Yaradıcı insanların kaprizləri olur. Mənə elə gəlir ki, bu problemləri aradan qaldırmaq üçün ən azından kollektiv bir ailə kimi olmalıdır. Biz ailə münasibətini ilk mərhələdə rəhbərlikdən görürük.

Söz yox hamının kaprizi var. Ancaq kaprizlər də bir yerə qədərdir də. Çünki biz hər halda burada öz kaprizimizi deyil, işimizi göstərməyə gəlmişik”.

-Burada xüsusi qanunlar varmı nəyi etmək olar, nəyi etmək olmaz deyə?

“Bizdə nizam-intizam möhkəmdir. İş vaxtı növbəli sistem olduğuna görə burada bir adama görə bütün nizam pozula bilər. Hər hansısa müxbir öz vaxtında, növbəsində gəlməyəndə o birsinin növbəsinin dayanması deməkdir. Bu da ümumi işə təsir göstərir. Yəni bununla biz məşğul olmuruq. Həm də elə də çox gecikmələr olmur. Müəyyən limiti ötəndən sonra əvvəlcə şifahi, sonra isə yazılı xəbərdarlıq olur. Nizam intizam qaydaları hər şeydən vacibdir”.

Elə mən də çox sual verdiyimə görə yazılı və ya şifahi xəbərdarlıq almadan sakitcə uzaqlaşıb, səhər növbəsinin digər redaktoru Kəmalə Məmmədovaya yaxınlaşıram. Xeyli vaxtdır burada işləyən redaktordan otaqdakıların niyə belə sakit, səssiz-səmirsiz işləməsinin səbəbini soruşuram:



“Ən çox növbə dəyişən vaxtlarda səs küy olur. Hərə bir söz deyir, ağız deyəni qulaq eşitmir, əsl redaksiya havası olur. Normal vaxtlarda səs-küylü oluruq. Ən səs-küylümüz də Çingiz müəllimdir. O bizim araşdırmaçımızıdır, hər şeyi araşdırır, dərinliyə gedir. Biz də ondan öyrənirik. Redaksiyada hər kəs Çingizə “türkoğlu” deyir. İnsan başının quruluşuna baxıb, insanların türk soylu olub-olmadığını araşdırır.

Ulduzumuz Zülfiyyə xanım isə həmişə ən maraqlı, məşhur söhbətləri edir. Çünki xatirələri daha çoxdur. Bir ailə kimiyik, evdən çox vaxtımızı işdə keçirdirik. Mən məsələn, dərdim, sərim var ki, evdə bilmirlər. Ancaq uşaqların hamısı xəbərdardırlar. Əsl ailə. Hətta həftə sonlarını da bir yerdə keçirdirik.

Bizim belə olmağımızda ən böyük Mais Məmmədovun roludur. Bəzən olur ki, hirslənir, əsəbləşir, tənqid edir bizi. Küsürük, inciyirik. Ancaq nəticə etibarı ilə gəlib bizimlə barışır. Bayramlarımızı, ad günlərimizi yaddan çıxartmır. Bir nəfər xəstə olsun mütləq zəng edir. Kiməsə zəng çatmadısa, narahat olur, evinə adam göndərir. Mais müəllim bizim babamız, müəllimiz, böyüyümüzdür. Allah onu bizim başımızın üstündən əskik etməsin. Bizi bir yerdə sıxıb saxlayıb”.

Nə deyirik ki, istəməyənin gözü çıxmasa da eynəyi sınsın. Təki siz mehriban olun.

İndi isə keçək tək redaksiyadakıların deyil, tanıdıqlarının başına baxıb diaqnoz qoyan xüsusi müxbir Çingiz Rüstəmova. Düzünü deyim özümə də maraqlı gəldi orada olduğumuz müdətdə `türkoğlu` başını sındırıb bizim başımızla bağlı hansı araşdırmanı apardı...



`Anspress-də xüsusi müxbirəm. Jurnalistikaya qəzetdən başlamışam, sonradan televiziyada da işləmişəm. Ən sonda isə yolum saytdan keçdi. Təzə saytda işləməyə başlayanda Vahid müəllim ANS press-i tərk etməyə icazə vermirdi. Çünki biz komputerə alışmalıydıq. Ancaq jurnalda işləyəndə bütün günü küçələrdə olurduq. Sayt jurnalistikası daha operativdir. Sosial və iqtisadi, gündəlik xəbər və analitik, hərdən bir də siyasi yazılarım olur.

Səs-küy salmağıma gəlincə isə Qərb standartında belədir ki, jurnalist öyrəndiyi şeyi müzakirə etməlidir. İctimai rəyi öyrənməlidir, bilmədiyi şeyi soruşmalıdır yoldaşlarından. Ona görə də müzakirə etmək məcburiyyətindəyik də. Bunlar da yetərincə peşəkar auditoriyadır. Bu auditoriyada müzakirə etmək, rəy öyrənmək, adamlardan götürmək , ideya yaranmasına səbəb ola bilər. Vaxtı ilə ANS-də Nadir Bədəlov verlişdən öncə otaqları gəzib xeyli söhbət edib fikirləri öyrənirdi, müzakirələr aparırdı. Məhz ideya söhbətlərdə və müzakirələrdə doğur. Adamlar bir-birlərindən yararlanırlar. Jurnalist bunu etməsə iş getmir də”.

Dili boğaza qoymayan Çingizdən fərqli olaraq saytda yenicə işə başlayan Bənarə Hüseynquliyevanın işi sakitcə gedir. Özü də deyir ki, soruşmaq ayıb deyil, öyrənməmək ayıbdır.



“ANS-in təşkil etdiyi jurnalist akademiyasının məzunuyam. Yanvar ayından saytda işə başlamışam. Hələ başlanğıcdır deyə ictimai, sosial problemlər, qaynar xəttə gələn zənglərdir, ümumi mövzulardı ki, bunlara baxıram. Çox mehribandırlar, öyrədirlər. Adicə bir səhv olanda deyinilmir, başa salırlar ki səhv nədə idi”.

Siyasət və iqtisadiyyatdan başqa digər sahələrə redaktorluq edən Zülfiyyə Qurbanova isə nəinki təzə gələnlərin, hətta yazısı yoxa çıxanda bütün otağın qəniminə çevrilir.



“Sözün düzü təzə uşaqlar gələndə canımızı boğazımıza yığırdılar. Həm də məni əsəbləşdirən o idi ki, Bakı Dövlət Universitetinin jurnalistikasından gəlirdilər, adi cümləni düzgün qura bilmirdilər. Mən bir az o barədə səbirsizəm, əsəbiləşirəm. Çox sərt reaksiya verirəm. Hətta mənim qızım da burada işləyirdi. Elə olurdu ki, qızımın xəbərlərini mən açmaq istəmirdim. Çünki rusdilli adam Azərbaycan dilində yazanda hiss olunur. Ancaq tez bir zamanda da öyrənirlər. Səhv deyib deyə dayanmırlar, öyrədilənə qulaq asırlar. Bizdə Azad və Çingiz öyrətməyə çox səbirlidirlər, məndən fərqli olaraq öyrətməyi bacarırlar”.

Zülfiyyə xanımın yaxşı deyib gülməyi, maraqlı əhvalatları da var .

“Çox danışıb gülənəm. Hərdən deyirəm ki, bəlkə özümü ağır aparım, yaşıma, başıma baxım. Hərdən özümü yığışdırıram.(gülür). 5 dəqiqədən sonra yenə yadımdan çıxır. Burada bir Çingizdir bir də mənəm”.



Bir dəfə turizmlə bağlı araşdırma yazısı işləmişdim. Çingizdən xahiş etdim ki, həmin yazıya baxsın, dedi ki, vaxtım yoxdur, sonra baxaram. Mən də əlim dəydi, necə oldusa, yazı yoxa çıxdı. İndi mən Çingizi öldürürəm ki, sən “hə” desəydin, mən yazını sənə göndərsəydim belə olmayacaqdı. Çingiz həyatımın ən böyük pisliyini sən etdin mənə. Çingiz yazıqda baxa-baxa qalmışdı ki, görəsən neyniyim mən”.

Saytda işləyəndən sonra bəxti açılan, molla kimi çörəyi ölümdən, itimdən çıxan müxbirlərdən biri də kriminal yazarı Ziya Babayevdir.



“Həyatımda böyük dəyişikliklər bu sayta gələndən sonra olub. Məsələn, mən subay idim, ailə qurdum. Yaxşı dostlar, tanışlar qazandım, ətrafım böyüdü. Görmədiyim problemlərlə rastlaşdıq və yaxud gülməli hadisələr gördük.

Bir qurum var, hər səhər ora zəng vurub baş verən hadislərlə bağlı soruşuram. Deməli soruşuram ki, filan hadisə olub? Deyir, yox, axırda əsəbləşdim, dedim ki, heç zorlama da olmayıb. Bir müddət ofisdə hamı deyib güldü ki, heç zorlama da olmayıb?...”.

Zülfiyyə Qurbanova:

“Allah etməsin, Ziyanın qabağında yıxılıb öləsən, kömək etməz, deyər ki, öl, təki şəklini çəkim xəbərini yazım. O dərəcədə manyak adamdır. Zəlzələ olar, bu adam otaqdan çıxmaz, tez oturub ondan xəbər düzəldər”. (gülür).

Eşitdiyimə görə ekstrassens Zirəddin Rzayev ancaq sənə müsahibə verir Azərbaycanda. Kriminal müxbiri hara ekstrasens hara ?

“Zirəddin Rzayeva inananlar çoxdur. Onunla bağlı yazılar çox oxunur. O Azərbaycandakı müxbirlərə ona görə müsahibə vermir ki, çox vaxt onun yazılarını və dediklərini təhrif edirlər, müəyyən mənada dəyişirlər. Bizim yazıda səhv görmədiyi üçün həmişə bizə müsahibə verir”.

Ancaq işimizin məzəli, gülməli məqamları da olur. Məsələn, qaynar xəttimizə
zəng vururlar ki, kanalizasiyamız daşır. Deyirik ki, bələdiyyəyə müraciət etmisiniz, deyirlər yox. Bizdə zarafatla müxbirlər öz aramızda deyirik ki, “lapatka”nı götürüb gəlirik, açmağa”.

Redaksiyada verdiyim bir sual aşıq deyişməsinə çevrildi. Əməkdaşlardan biri sözü birindən alıb, o birinə verdi.

Ziya, Hafiz Heydərovu tanıyırsan? O tez-tez paylaşdığı statuslarda ANS–i onun xəbərlərini oğurlamaqda ittiham edir.

`Hafiz dostumuzdur, yaxşı oğlandır, yaxşı jurnalistdir. Belə hal tək Hafiz ilə deyil, bir çox qurumlarla yaşanır.

Götürmə anlayışı nədir? Hər hansısa hadisə baş verib. Məsələn, Şəkidə kimsə həyat yoldaşını öldürüb. Bu hadisə oldu. Bunu birinci ya ANSpress verdi ya Apa verdi. Artıq bu xəbər çıxıb da. Bu o demək deyil ki, birinci ANSpress verib deyə elə onun xəbəridir. Bu anlamda biz o xəbəri öyrənirik, dəqiqləşdiririk, müəyyən mənada inkişaf etdiririk. Bu o demək deyil ki, Apa xəbəri birinci verirsə, biz xəbəri oradan oğurlamışıq`.



Ümumiyyətlə, jurnalistlər arasında bu problem yaşanır ki, həmişə də çalışırlar ki, birinci mən xəbəri verim. Ola bilər ki, xəbərdə müəyyən mənada oxşarlıq olsun, anlaşılmazlıq olsun. O demək deyil ki, kimsə kimdənsə oğurlayıb. Bu düzgün deyil. Ona qalsa bizim o qədər xəbərlərimiz olur ki, APA –da bizdən sonra gedir. Bu o demək deyil ki, APA ANSpressin xəbərini oğurlayır və yaxud da ANSpress oğurlayıb`.

Zülfiyyə Qurbanova :

“Kimin nə problemi olursa, birinci ANS yada düşür. Ola bilər ki, biz digər saytlardan fərqli olaraq o xəbəri daha sanballı şəkildə təqdim etmək üçün gözləyirik. Bir dəqiqə və ya beş dəqiqə gecikə bilər. Onda da deyirlər ki, ANS bizdən oğurlayıb. Halbuki, biz onlardan saatlarla qabaq qoymuşuq sayta. ANS pressin adı ilə özlərini reklam edirlər. Praktikada olub ki, təsadüfü adamlar bura düşüblər və xəbərləri oğurlayıblar. Biz hiss edən kimi onları işdən çıxarmışıq. ANSpressin adına ziyandır axı. Ona qalsa, radiolarda istinadsız bizim xəbərləri oxuyurlar.



Məndə belə təəssürat yaranır ki, Ans xəbər ilə bütün Azərbayacanı təmin edir. Danışanda heç adam bəyənmirlər də, amma ki, bizim xəbərlər ilə, televiziyasından tutmuş radiosuna qədər xəbərlərimizdən istifadə edirlər. Vahid Mustafayev bizə pul verir, bizi işlədir, amma hamı üçün işləyirik”.

Azad Əliyev:

“Hər halda bizim xəbər öyrənmək imkanlarımız digərlərindən çox da məhdud deyil.
Mətbuat camiyyəsində biz daim həmkarlarımızla ünsiyyətdəyik. Hansısa saytın və ya agentliyin rəhbəri irad bildirəndə biz də öz fikrimizi deyirik. Ola bilər ki, bizdə də səhv olsun. Heç kim səhvdən sığortalanmayıb. Bir də görürsünüz ki, elə bir məqam olur ki, bir qədər araşdırırsan, elə hesab edirsən ki, burada heç bir problem yoxdur, xəbər sənindir. Amma bir qədər araşdırandan sonra bəzi məqamlar çıxır, bu ola bilər. Sadəcə olaraq ilkin və istibaşlı reaksiya məncə bir az aldadıcı olur. Bir az araşdırmaq lazımdır. Baxmaq lazımdır ki, necə olub.

Məsələn, dünən bizim bununla bağlı bir problemimiz oldu. Deməli, keçən həftədən bizim bir müxbirimiz müəllimlərin maaş artımı ilə bağlı material işləyirdi. Maliyyə Nazirliyinə, Təhsil Nazirliyinin özünə sorğu göndərib. Son nəticədə Bakı Şəhər Təhsil İdarəsi ilə danışdıq. Dedilər ki, nə sorğunuz varsa göndərin cavablandıraq. Bu an da digər saytın da müxbiri əlaqə saxlayıb onlarla. Sorğunun cavablarını həmin qurum həm onlara, həm də bizə göndərib. Onlar bir az geniş material hazırlamışdılar. Biz onu bir az münasibət kimi qısa vermişdik. Biz xəbəri qoyandan 17 dəqiqə sonra həmin mətbu orqan qoydu. Həmin saytın redaktoru bununla bağlı bizə etiraz emailini göndərdi. Biz də izah etdik. O da qəbul etdi.

Amma dəfələrlə olub ki, sosial şəbəkədə paylaşıblar ki, mənim xəbərimi oğurlanıb və s. Məsələn, bir dəfə sizin saytla da belə bir problem yaşamışıq. Onun tərəfdarıyam ki, jurnalistlər arasında ünsiyyət genişlənməlidir. Bəzən sosial şəbəkədə göstərməyə çalışırlar ki, ancaq mən işləyirəm, hamı da məndən götürür”.

Əşşi, ara qarışdı, məzhəb itdi, sosial və iqtisadiyyat yazarı Şahin Həbibovu unutduq. Hərədən bir avaz gəlir. Qoyun görək axı o nə deyir.



`İki ildir ki, burada çalışıram. Əvvəllər televiziyada işləmişəm. Jurnalistikada müəyyən qədər təcrübə yığmışam. Ən əsası isə bu qaydanı unutmuram, kiminləsə sakit danışsan sənə məlumat verməz`.



Qan-qan deyən Şahindən fərqli olaraq redaktor Əsgər İbrahimov otaqda sona qalmasına belə reaksiya verdi:

“Elə bir yetim mən qalmışam. Zülfiyyə ilə Ziya imkan vermir ha... (gülür)



`ANSpress-də altı ay olar ki, işləyirəm. Siyasət sahəsinin redaktoruyam. Bundan əvvəl `AzərTAc`da, `Salamnyus`da baş redaktor kimi işləmişəm. Mən özüm başqa yerlərdə işləyəndə Anspressi bəyənməmişdim. Təbii ki, içərini bilmədən. Amma insan gəlir, bir yerə düşür, orada müəyyən şeyləri biləndə fikirləşir ki, həqiqətən bu belə deyilmiş, eləymiş. Bu gün Anspressə inam böyükdür. Bu telefon zənglərindən bizə şikayətlə müraciət edənlərdən də bəlli olur. İnsanlar Anspressə güvənc yeri kimi baxırlar. Gündəmi tapıb gündəm yarada bilirik. Üstünlüyümüz bundadır.

Özüm də nizam intizamı sevən adamam, altı ay ərzində işə gecikməmişəm. Yalnız fevralın 23-də 20 dəqiqə yubanmışam`.(gülür).

Beləcənə çox da böyük olmayan xəbər otağını tərk edib digər otaqlarla tanışlığımızı davam etdiririk. Əl üstü polad kimi möhkəm olan baş fotoqraf Polad Qasımovun otağına baş çəkib, keçirik saytın rus versiyasının oturduğu otağa.



4 nəfərdən ibarət balaca otağın yeganə kişi nümayəndəsi olan tərcüməçi Nazim Mustafayevlə tanış oluruq. Otaqdakı həmkar xanımların hər birinə dibçək gülü bağışlayıb xoş ab-hava yaradan tərcüməçi deyir ki, bu kollektivlə işləməyə başlayandan sonra elə bil cavanlaşıb.



“Cavan uşaqlardır, cavan olmaqlarına baxmayaraq həm də peşəkardılar. Öz üzərlərinə düşən məsuliyyəti yetərincə yerinə yetirirlər.



Oksana Yusifova tərcüməçi-redaktor

Özü də çox mehribandılar. Böyüyə böyük, kiçik kimi hörmət edirlər.



Gülnar Salmanova videoyığıcı

Cavanlar kimi o qədər çatdırmasam da çalışıram da. Çalışıram ki, nəsə ayrı bacarığımla əvəz edim.

Mən onlara paxıllıq etmirəm, əksinə onlarla fəxr edirəm. Onlara baxıb Azərbaycanın gələcəyini görürəm”.

Bununla da redaksiyadan reportajımı bitirib, yorğunluğumu ANSPress-çilərin təşkil etdiyi tort süfrəsində çıxardıram.



Şahanə RƏHİMLİ
Nuron MƏMMƏDOV



Teqlər:  





Xəbər lenti