İlham Əliyevin köməkçiləri - ARAYIŞ

İlham Əliyevin köməkçiləri -  ARAYIŞ
  04 Mart 2015    Oxunub:60638
Dövlətin idarə olunmasında ölkə başçısının müstəsna xidmətləri ilə yanaşı, prezidentin köməkçilərinin də gördüyü işlər əvəzolunmazdır.

Azərbaycanın ictimai, siyasi, hərbi və s. məsələlərinin həllində xidmətləri olan prezident köməkçiləri haqqında nə bilirik? Onlar kimlərdir, bu vəzifəyə təyin edilənədək hansı postlarda olublar?


AzVision.az prezidentin köməkçiləri haqda məlumatları oxuculara təqdim edir:

İlk olaraq prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Əli Əsədovu təqdim edək.



Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. O, Bakı şəhərində 134 saylı orta məktəbdə təhsil alıb, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə isə birinci çağırış Milli Məclisin deputatı olub. Ə.Əsədov prezidentin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci il tarixli sərəncamla isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Ə.Əsədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev də bu vəzifəyədək bir çox önəmli postlarda çalışıb.



1969-cu ilin 19 aprelində Bakıda doğulan Vahid Əliyev Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1990-1991-ci illərdə SSRİ SQ-nin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət edib, 1991-1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, Şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik nazirinin müavini, 1997-2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəziflərində çalışıb.

V.Əliyev dövlət başçısının 12 aprel 2002-ci il tarixli sərəncamı ilə Prezidentinin Köməkçisi, 30 noyabr 2012-ci il tarixli sərəncamla isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin katibliyinə rəhbərlik edən Dilarə Seyidzadə də Prezidentin köməkçisidir.



O, 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışıb.

1999-cu ildən Prezident Katibliyinin rəisi vəzifəsində çalışır.

O, dövlət qulluğunda xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktorudur.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımovdur.



O, 1966-cı ill iyunun 22-də Bakıda anadan olub. A.Qasımov üç ali məktəb bitirb. Prezidentin köməkçisinin “portfelində” Xarici Dillər İnstitutunun, Bakı Dövlət Universitetinin və Çinin Çenq Du Universitetinin diplomları var. 1-ci dərəcəli dövlət müşaviridir.

Mətbuat katibinin əmək fəaliyyəti 1994-cü ildən ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyindən başlayıb. Səfirlikdə tərcüməçi işləyən A.Qasımov 1994-cü ildə XİN Beynəlxalq təşkilatlar idarəsində, daha sonra konsulluq idarəsində attaşe vəzifəsinə təyin edilib.

1996-cı ildən ictimai-siyasi karyerasını Təbriz şəhərində davam etdirib. O, İrana, Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğuna attaşe təyin olunub. Bir müddət konsulluqda işləyən A.Qasımov daha sonra ölkəmizin İrandakı səfiiriliyinə üçüncü katib təyin edilib. 1999-cu ilə qədər İranda işləyən A.Qasımov həmin il vətənə qayıdaraq XİN-in Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində əvvəlcə üçüncü katib, daha sonra ikinci katib işləyib.

2000-ci ildən Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinə müdir təyin olunan A.Qasımov 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin mətbuat katibidir.

Prezident İlham Əliyevin digər köməkçisi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur.



PA rəsmisi bir neçə gün öncə ölkə başçısı tərəfindən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Ə.Həsənov 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. O, Moskva Dövlət Universitetini bitirib. 1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəziflərəində çalışıb.

Prezidentin 2005-ci il tarixli sərəncamı ilə Ə.Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Ölkə başçısının sərəncamı ilə Ə.Həsənov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə isə Elçin Bağırov rəhbərlik edir.



1959-cu il aprelin 8-də Gəncədə anadan olan E. Bağırov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Protokol xidmətinin rəisinin həmçinin diplomatik rütbəsi var. O, fövqaladə və səlahiyyətli səfir rütbəsini daşıyır.

E.Bağırov hələ SSRİ dönəmindən xarici işlər idarəsində çalışıb. 1984-cü ildə Azərbaycan SSRİ-nin Xarici İşlər Nazirliyinin 2-ci katibi kimi işləməyə başlayan E. Bağırov bu vəzifədə 1992-ci ilə qədər işləyib. 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə təyin olunan E.Bağırov qısa müddətdə dövlət katibinin köməkçisi işləyib. 3 ay işlədikdən sonra E.Bağırov yenidən Xarici İşlər Nazirliyinə qayıdıb.

Dövlət protokolu idarəsinə əvvəlcə müavin təyin edilən E. Bağırova daha sonra rəis vəzifəsi həvalə olunub. Peşəkar diplomat bu vəzifədə 12 il çalışdıqdan sonra 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsini icra edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti