Məmur oğlunu öldürən şəxslərdən yeni XƏBƏR

Məmur oğlunu öldürən şəxslərdən yeni XƏBƏR
  25 Fevral 2015    Oxunub:3197
Bu gün Bakı Apelyasiya Məhkəməsində qətldə və xuliqanlıqda ittiham olunan Tural Əliyev, Elçin Baxşıyev, Seymur Fərzəliyev, Səbuhi Məmmədov və Ramin Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar açıqlanıb. Qərara görə, Ramin Rzayev 4 il 6 ay və Elçin Baxşıyev 4 il 6 ay, Seymur Fərzəliyev ilə Səbuhi Məmmədov isə hər biri 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Tural Əliyev ötən il oktyabrın 15-də saat 19.00-da Biləcəri qəsəbəsində Elçin Baxşıyevin “Toyoto Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. Tural onlara yoldan uşaq-qadın keçdiyi üçün başqa yerə getməyi təklif edib. Bundan narazı qalan Elçin Baxşıyev Turala “məsələni həll etmək” üçün başqa yerdə görüş təklif edib, mobil nömrəsini ona verib. Elçin Baxşıyev avtomaşınla oradan uzaqlaşdıqdan sonra dostları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural da öz dostları Ramin Rzayev və Səbuhi Məmmədovla təyin olunmuş yerə gəliblər. Əvvəlcə mübahisə edib, sonra dalaşıblar. Dava zamanı Tural Əliyev bıçaqla Əli Məlikovu vurub və yaralı hadisə yerində ölüb. Elçin Baxşıyevlə Seymur Fərzəliyev isə qaçıb canlarını qurtarıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Əliyevin 14 il, Elçin Baxşıyev 5 il, Seymur Fərzəliyev 5 il Səbuhi Məmmədov 5 il və Ramin Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayev məhkəmə zalından həbs ediliblər. Təqsirləndirilən Tural Əliyev apelyasiya şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyib.

Onu da qeyd edək ki, qətlə yetirilən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur. Əli Məlikov ailənin tək oğlu imiş. Hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.


Teqlər:





Xəbər lenti