Güllə altında oxuyanlar - Cəbhə bölgəsindən reportaj (VİDEO)

  25 Fevral 2015    Oxunub : 12277
Güllə altında oxuyanlar - Cəbhə bölgəsindən reportaj (VİDEO)
Təhsil Nazirliyi Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində media nümayəndələri ilə birlikdə cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə səfər təşkil edib.

AzVision.az-ın əməkdaşları da bu səfərdə iştirak edirdi. Bakıdan səhər saatlarında yola düşən media və nazirlik əməkdaşları 5 saata yaxın yolçuluqdan sonra Ağcabədi rayonuna çatdı.

37 şəhid verən qəsəbə...



İlk olaraq Ağcabədi rayonu Hindarx qəsəbəsində Milli Qəhrəman Etibar İsmayılov adına 1 saylı orta məktəbə yollandıq. Burada bizi qəsəbənin icra nümayəndəsi, məktəbin direktoru qarşıladı. İcra nümayəndəsi bildirdi ki, hazırda 9200-dən çox vətəndaşın məskunlaşdığı bu qəsəbə döyüşlər zamanı 37 şəhid verib.

Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov Hindarx qəsəbəsinin təmas xəttindən 15 km məsafədə yerləşdiyini qeyd edib. Daha sonra media nümayəndələrinə məktəbə adı verilən Milli Qəhrəman Etibar İsmayılovun burada yaradılan xüsusi otağı göstərildi. Həmin otaqda onun hərbi geyimi və müxtəlif rəsm əsərləri yer alırdı. Orada iştirak edən döyüş yoldaşları Milli Qəhrəmanın keçdiyi döyüş yolu haqqında məlumat verdilər.

Məktəbin direktoru Qaryağdı Qarayev məktəb haqqında bildirib ki, hazırda burada 129 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 96 müəllim məşğul olur.

“Düşmən atəş açsa da qorxmuruq”



Direktor atəşkəsin pozulmasının dərs davamiyyətinə elə də təsir etmədiyini qeyd etdi. Ali məktəblərə qəbul prosesinə gəlincə, təhsil müəssisəsinin rəhbəri ötən il məktəbin 56 məzunundan 14-nün tələbə adını qazandığı deyib.

Daha sonra nazirlik və media nümayəndələri məktəbdə keçirilən bir neçə dərs prosesində iştirak edərək şagirdlərin və müəllimlərin əhval-ruhiyyəsi ilə tanış oldular.



Daha sonra əsgər geyimində olan şagirdlərin müxtəlif döyüş taktikasına bənzər təlimləri nümayiş etdirildi. Bu həm də döyüş xəttinə yaxın ərazidə yaşayan insanın yüksək döyüş hazırlığına, onun yüksək ruhunu göstərən bir əlamət idi.

İştirak etdiyimiz hərbi dərsdə əyani vəsaitlər yox idi. Bununla bağlı orada iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Cəsarət Valehov bildirdi ki, gələcəkdə məktəb rəhbərliyi, rayon təhsil şöbəsi nazirliyə bununla bağlı müraciət edərsə, hərbi dərslərin keçirilməsi zamanı lazım olan qurğulardan istifadə oluna bilər.

Burada görüşləri başa çatdırıb Ağdam istiqamətində hərəkət etdik. Bir qədər yol getdikdən sonra Ağdamın Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbinə yetişdik. Bizi məktəbin direktoru Gülnurə Muradova qarşıladı və bildirdi ki, 323 şagirdi olan məktəbdə hazırda 49 müəllim çalışır. Ötən təhsil ilində 11 məzundan 3-ü ali, 8 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə daxil olub.



Nazirlik rəsmiləri və media nümayəndələri burada da açıq dərslərdə iştirak etdilər, müəllim və şagirdlərin əhvali-ruhiyyəsi və keçirilən dərslərin keyfiyyəti ilə maraqlandılar. Müəllimlər bildirdi ki, gün ərzində ermənilər tərəfindən Qaradağlı kəndi mütəmadi olaraq atəşə məruz qalsa da, dərsin keyfiyyətində və davamiyyətdə ciddi nöqsanlar qeydə alınmır.

Tarix müəllimi Sübhan Məhərrəmov bu il Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanda yüksək bal toplayaraq, təyinatla Qaradağlı orta məktəbinə göndərilib. S.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, könüllü olaraq Bakı şəhərindən cəbhə xəttində yerləşən Qaradağlı kənd orta məktəbinə gəlib və Tarix fənni üzrə dərs keçir.



Buradakı şagirdlərin də təhsilə ehtiyacı var. Cəbhə bölgəsində işləmək mənim üçün fəxrdir. İnanırıq ki, gələcək dərslərimizi Ağdamın işğal altında olan torpaqlarında keçirəcəyik. Gənc müəllimlərə demək istəyirəm ki, heç bir qorxu olmadan cəbhə bölgəsinə gəlib, burada müəllimlik fəaliyyəti ilə məşğul ola bilərlər”.

5-ci sinif şagirdi İbrahimov Kənan bizimlə söhbətində gələcəkdə təhsilinin işğal olan torpaqlarımızda davam etdirəcəyini deyib:

“Atəşkəs burada tez-tez pozulur. Buna baxmayaraq qorxumuz yoxdur və daim dərslərdə iştirak edirik”.
Məktəbin 10-cu sinif şagirdi Ayxan Abbasov sınaq imtahanlarından 630-650 bal topladığını deyir. O, Bakı Ali Neft Məktəbinə qəbul olmaq istəyir.

“Ona görə ki, ölkəmiz neft sahəsində daha çox inkişaf edib. Proqramların avtomatlaşdırılması mühəndisi olmaq istəyirəm. Baxmayaraq ki, atışmaları və hərbi təlimləri tez-tez müşahidə edirik, amma çəkinmirik. Mənfur düşmənin qarşısında güclü ordumuzun olduğunu bilirik”.

Bu məktəbdə digər fənnlər kimi hərbi çağırışa hazırlıq fənni də yüksək keyfiyyətdə tədris olunur. Məktəbin 17 nəfərdən ibarət "Şahin" Hərbi İdman komandası zona və Respublika yarışlarında yüksək nəticələr əldə edərək, 2 və 3-cü yerlərə layiq görülüb.
Komanda bacarıqlarını bizim üçün də nümayiş etdirdi.



Növbəti dəfə Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbində olduq. Bizə məlumat verildi ki, bu məktəb düşmənlə təmas xəttinin 1 kilometrliyində yerləşir.

Direktor Eyvaz Məmmədov jurnalistlərə bildirdi ki, məktəbdə 632 şagird təhsil alır, onların təlim və tərbiyəsi ilə 68 nəfər müəllim məşğul olur.

“Ötən il 26 nəfər məzunumuz olub və onlardan 6 nəfər müxtəlif ali məktəblərə qəbul olublar. Onlardan biri Məmmədzadə İlkin 700 bal toplayarq Tibb Universitetinə daxil olub”.

Direktor bildirib ki, hər gün mərmi, güllə atəşi altında yatıb-qalxırıq. Amma buna baxmayaraq məktəbimizin şagirdlərinin davamiyyəti demək olar ki, yüz faizdir:

“Bu da camaatımızın mətinliyinin, qorxmazlığının, dövlətə və əsgərlərimizə inamının təzahürüdür. Ona görə bizdə böyük ruh yüksəkliyi var. Bizim belə ruh yüksəkliyimizi düşmən poza bilməz”.

Güllə altında 700 bal toplayan tələbə



700 bal toplayaraq ali məktəbə qəbul olan İlkin Məmmədzadənin sinif rəhbəri Elmira Mehdiyeva inanır ki, onların yerində bu şagirdlər də İlkinin yolun davam etdirəcəklər.

“Baxmayaraq ki, cəbhə zonasındayıq, hər gün düşmən atəşkəsi pozur, biz onunla belə o səviyyəyə qalxmışıq. Atışma hər gün baş verir. Əsasən axşamlar intensiv hal alır. Avqust ayında vəziyyət daha da gərgin idi. Buna baxmayaraq müəllim və şagird kollektivi hamısı öz yerində idi”.



Məktəbin bir neçə müəllimi bizimlə söhbətində bildirdi ki, atəşkəsin pozulması zamanı evlərə ziyan dəyir:

“Birdən elə olur ki, atışma intensiv olur və biz hazır vəziyyətdə oluruq. O demək deyil ki, erməni gələr biz qaçarıq. Sadəcə elə olar ki, ara qarışar, arvad-uşaq əsir düşməsin. Biz ordumuza inanırıq və güclü texnikamızın olduğunu da bilirik. Düşmən çox zaman bildirir ki, onlar yaşayış məntəqələri istiqamətində təlim keçirlər. İnsanların yaşayış yeri istiqamətində təlim olmaz”.
Məktəbin 11-ci sinif şagirdi Aslanova Nərmin bizimlə söhbətində bildirdi ki, qarabağlı olduğu üçün ailəsi ona Qarabağdan daha çox danışıb. “Uşaqlıqdan Qarabağ haqqında məlumatlıyam və bu vətənpərvərlik hissimə də təsir göstərib. Bu gün dərs vəsaitlərimiz Qarabağla bağlı geniş məlumat verir. Müəllimlərimizə də təşəkkür edirik ki, bizə yetərincə məlumat çatdırırlar. Düşmənin hər gün atəşkəsi pozmasına baxmayaraq, biz təhsilimizi davam etdiririk”.

Həmkarlarımızla daha sonra Tərtərin Qapanlı kənd orta məktəbinə yollandıq. Burada jurnalistləri kəndin icra nümayəndəsi, rayon təhsil şöbəsinin müdiri və məktəbin direktoru qarşılayıb. Məktəbin direktoru Fitat Əliyeva jurnalistlərə bildirib ki, məktəbdə 159 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.

“Ötən il məktəbin 13 məzunu olub. Onlardan 3 nəfər Türkiyə ali məktəblərinə, 4 nəfəri isə Respublikanın müxtəlif ali məktəblərinə daxil olublar. Bu məktəb ümumilikdə 19 şəhid verib ki, onun 3-ü orta məktəbdə oxuduğu zaman düşmən gülləsinə tuş gəlib”.

Direktor həmçinin qeyd etdi ki, məktəb düşmənlə təmas xəttindən 700 metr məsafədə yerləşir: “Məktəb düşmənin təmas xəttindən görsənir. Demək olar ki, hər gün burada atışma baş verir. Amma buna baxmayaraq, dərs prosesi pozulmur və uşaqlar atışma olsa da məktəbə gəlir”.

Müşahidələrimiz zamanı məktəbin fasadlarında düşmən gülləsinin izlərinə rast gəldik. Bütün bunlara baxmayaq, güllə sədaları altında dərslər keçirilir.

“Zakir Həsənov bizimlə söhbət etdi..”



“Avqust ayında bərk atışma oldu. İnsanlar kənddən çıxmadılar. Sonra müdafiə naziri özü burada oldu və insanlarla söhbət etdi. Atışma burada adi hal alıb”-deyə müəllimlər bildiriblər.

Sonda Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə şagirdlərin əsgərlərlə görüşü keçirildi. Burada xidmət edən kəşfiyyatçılarımız öz nümunəvi çıxışlarını göstərdilər. Daha sonra yeni silahlarla tanış olduq, əsgər yataqxanasına baş çəkdik.
Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.









Anar Kəlbiyev
Nuron Məmmədov

Teqlər: