Prezidentin Mingəçevir səfəri - FOTOLAR

Prezidentin Mingəçevir səfəri - FOTOLAR
  25 Fevral 2015    Oxunub:7818
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verib. Dövlətimizin başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub.

Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış oldu.

Ölkə başçısı Mingəçevirə səfəri zamanı Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.

Daha sonra prezident Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikasının Prezidenti fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi.

Qeyd edildi ki, bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.

Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Dövlət başçısı Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Prezident İlham Əliyevə Heydər Əliyev prospektində görüləcək işlər, o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə də məlumat verilib.
“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Kür çayının Mingəçevirdən keçən hissəsinin üzərində körpü inşa olunacaq. Bildirildi ki, şəhərdəki yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri aparılıb.

Dövlət başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.

Daha sonra ölkə başçısı Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və göstərişlərini verdi.
Prezident həçminin Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində də olub.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti