Şadlıq evləri `olimpiya fasiləsi` verəcəkmi?

Şadlıq evləri `olimpiya fasiləsi` verəcəkmi?
  23 Fevral 2015    Oxunub:9472
Avropa Yay Olimpiya Oyunları günlərində Bakıda toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Artıq bəzi restoranlar həmin tarixlərə təyin etdikləri toy mərasimlərinin günlərində dəyişiklik ediblər.

Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, paytaxtda yerləşən şadlıq evlərinə iyunun 12-dən 28-dək toyların keçirilməməsi ilə əlaqədar xəbərdarlıq edilib. Onun sözlərinə görə, həmin tarixlərdə toy mərasimləri keçirilməyəcək.

AzVision.az paytaxtın tanınmış şadlıq evlərindən toylara qoyulan qadağaya münasibət öyrənib.

“Neolit” restoranından saytımıza bildirilib ki, hələlik həmin tarixlərdə toyların keçirilməsinə qadağa qoyulması ilə bağlı onlara heç bir qurum tərəfindən rəsmi müraciət daxil olmayıb:

“Əgər bizə hökumət tərəfindən hər hansı bir xəbərdarlıq daxil olsa, əlbəttə ki, həmin günlədə toy mərasimləri keçirməyəcəyik. İyunun 12-dən 28-dək heç bir toy sifarişimiz yoxdur. Bu müddət ərzində bizə toy sifarişi götürməməklə bağlı heç bir məlumat verilməyib”.

“Movida Plaza” şadlıq sarayından isə bildirilib ki, “Koroğlu” metrosuna yaxın, Heydər Əliyev prospekti ətrafında yerləşən şadlıq evlərində keçiriləcək toy mərasimlərinə müəyyən məhdudiyyətlər qoyulub:

“Bizim şadlıq evi Əhmədli də dağın təpəsində yerləşir. Bizə yaxın heç bir idman kompleksi yoxdur. Biz də hələlik həmin tarixlərə heç bir toy mərasimi yazmamışıq. Həmin tarixlərdə toyların keçirilməsi ilə bağlı bizə müraciət edən də yoxdur. Əgər bizə müraciət olunsa, onu nəzərə alacağıq. Biz bütün olimpiya komplekslərindən uzaqda yerləşirik. Hökumətlə hökumətlik edəsi deyilik ki... Əgər deyilibsə, 12 iyun tarixindən toy mərasimləri keçirməyin, biz də keçirməyəcəyik”.

“Mona Liza” şadlıq sarayı da toy qadağasından xəbərsizdir. Şadlıq sarayının administratoru bildirib ki, həmin tarixdə toy keçirilməsi ilə bağlı onlara heç bir sifariş daxil olmayıb:

“Bizə həmin tarixlərdə toyların keçirilməməsi ilə bağlı heç bir xəbərdarlıq daxil olmayıb. Xəbərdarlıq olsa əlbəttə ki, toy keçirilməyəcək. Biz olimpiya kompleksləri yerləşən əraziya yaxın deyilik. Montində olimpiya kompleksi yoxdur. Dövlət desə ki, toy keçirməyin, biz də keçirməyəcəyik”.

“Romance palace”dən isə bildirilib ki, dövlət göstərişlərinə əməl olunmalıdır: “Əgər dövlət tədbiridirsə biz də buna əməl edəcəyik. Həmin tarixdə bizdə toy yoxdur. Bizdə çalışacağıq ki, həmin tarxlərdə sıxlıq olmasın, sakitlik olsun. Əgər toy sifarişi olsa təxirə salacağıq”.

“Sarı gəlin” şadlıq sarayı olimpiya günlərində toy mərasimi keçirməyəcək: “Hamı necə edəcəksə, biz də elə edəcəyik. Biz dövlətlə dövlətçilik edəsi deyilik ki? Qanun hamıya şamil olunacaq. Bizə toyların keçirilməməsi ilə bağlı rəsmi müraciət olunmayıb. Həmin tarixlərə toy sifarişlərimizi vaxtını dəyişdik. Sifarişçilərlə danışdıq, anlaşdıq, toyun gününü dəyişdik”.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək.

DYP rəsmisi bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb. Bildirilib ki, iyunun 12-dən 28-dək Bakıda toy mərasimlərinin keçirilməməsi haqda şadlıq evlərinə xəbərdarıq edilib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti