Sən ölməyəcəksən, gözəlim...

Sən ölməyəcəksən, gözəlim...
  19 Fevral 2015    Oxunub:3785
Elşən Musayev

İlhamə ilə ilk tanışlığımız sevgililər gününə təsadüf etdi. “Park Bulvar”da. Yaxınlaşıb, ”Bu da bizim qızımız”,- deyə təqdim etdilər. Əlindən tutub özümə tərəf çəkdim. Üzündən öpdüm. Və ardınca (xəstə yanına gələn) tipik Azərbaycan kişisinə məxsus şablon dialoqa başladım. Daha doğrusu monoloqa.


- Ay, ay, ay bu gözəllikdə qızmı olar?
- ....
- Necəsən? - (səssizcə üzümə baxır. Bu durumda verilə biləcək ən son sualın xəbərdarlığını edir sanki...)
- Balam niyə xəstələnib? (Niyə xəstələnib?! - İstəyib xəstələnib Elşən, istəyib xəstələnib!! Gedib məktəbə, orda yoluxub gəlib, xəstələnib... Əstağfirullah. Nə axmaq sualdır bu?)
- ... (Çaşqınlığımı hiss edib xəfifcə gülümsəyir. Amma yenə də susqun...)
- (Əlimi aksiyaya yardım üçün gətirilən hədiyyələrə uzadıram)
– Əmi sənə bunlardan hansını alsın?
Bu dəfə qəribə bir tərzlə başını yelləyib yanımdan uzaqlaşır....

* * *


Fikrim öz övladıma gedibmiş. Gec “çatdı” mənə. Sonradan ayıldım. Axı mən qızımı böyük-böyük oyuncaqlarla hər an xoşbəxt edə bilirəm. Bir tək mən yox e, hamı. Çünki uşaqlığın elə mahiyyəti budur da: ən adı şeylərlə xoşbəxt olmaq...

Amma İlhamə...O, 7 yaşlı böyükdür. Gözünü açdığı gündən oyuncaqlarla deyil, canı ilə əlləşən biridir. Onun yaşda uşaqlar “həkim –həkim” oyununu kuklalarla oynarkən, İlhamə canlı-canlı oynayır. Diri həkimlərlə... Əlini-qolunu iynə, qan vurmaqdan deşik-deşik edən həkimlərlə...
“Həyat” adlı oyuncaq isə dünyanın heç bir yerində satılmır. Alınır, fəqət satılmır...

* * *

Diqqət elədim: İlhamə iki dövrə vuran kimi yorulur. Dərhal qayıdıb kənara qoyulmuş balaca stulunda oturur. Təngənəfəs olduğu açıqca sezilməkdədir. Amma bir də uşaq enerjisi var onun. Can ağrısı həmin enerjini üstələyəcək gücdə deyil. Və ya adam yorğun mərhələni belə birtəhər adlama çabasındadır. Məsələn, aksiyaya kömək məqsədi ilə satışa çıxarlan kitabları açır,(guya oxuyur) şəkillərinə baxır, əllərini havaya qaldırıb özü üçün hansısa oyunu oynayır, dilinin altında nəsə danışır. Durur və… yenidən qaçır. Ta növbəti dəfə yorulub əldən düşənə qədər…

İlhamə elə bilir hamı onun kimidir, hamı tezcə yorulur, hamının dalağı, qara ciyəri şişkindir, hamı həftənin yarısını xəstəxanada, sistem altında keçirir, hamı anidən qarnını tutub sancıdan qıvrılır…

İlhamə elə bilir normal uşaq elə beləcə də olmalıdır, Gecələri az yatmalı, sevdiklərini sabah saatlarına qədər yuxusuz qoymalı, ömrünün sonuna qədər başı üzərində ağ xalatlı insanları seyr etməlidir...

İlhamə elə bilir... bütün balalar üçün xeyriyyə qutuları qoyulur, bütün analar o qutuları “bir az daha çox olsun”- ümidi ilə, göz yaşları ilə açır, hər manata, hər qəpiyə övladının yaşam şansı kimi baxır...


* * *

Heç yadımdan çıxmaz....Universitetin 3- cü kursunda oxuyurdum. Dostum dərsdən sonra onunla bərabər bir yerə getməmi rica etdi. Amma demədi hara. Özüm də şübhəli qaldım. Əlqərəz, sonucda məlum oldu ki, gedəcəyimiz yer özəl xəstəxana imiş. Əvvəl elə bildim yaxınlarından kiməsə nəsə olub...

Amma demə mövzu başqa imiş. Bunun atası gizli bir şəkildə, özünü bəlli etmədən, Allah rizası üçün körpə uşaqların əməliyyatlarını elətdirirmiş. Xeyriyyəçiliklə məşğulmuş. Şəxsi büdcəsi ilə. Oğlunu da məcbur edirmiş ki, prosesi kənardan seyr etsin. Sadəcə seyr etsin. Eynən atası kimi özünü bəlli etmədən...

Çatdıq. 6 yaşlı uşağı ürək əməliyyatına salmışdılar. Artıq 3 saatı keçmişdi. 5 saatdan sonra isə cərrah üzündəki “maska”nı çıxarıb tərini silərək əməliyyat olunan uşağın qohumlarına tərəf irəlilədi. Və... `övladınız yaşayacaq` –dedi...

Mən divarları yerindən tərpədən dəhşətli sevinc hıçqırtısını, bütün mərtəbələrə səs salan qorxunc bağırtını, bir ananın yerlə bir sürünüb həkimin ayaqlarına sarılmağını ilk dəfə bax onda gördüm...

Dostum ağlayırdı. Tezcə atasını yığıb yalvardı: “Ata, noolar, qoy mən də onlara sarılım, bilsinlər ki, səbəbkar bizlərik...Həm, sevinclərini bölüşüm...Belə ürəyim partlayır”

- Yox, oğlum, gərək yox...Tanrı bizə bu hissləri yaşatdı ha, mənim oğlum kənardan da olsa bir ailənin xoşbəxtliyini, atası sayəsində yenidən həyata qayıdan insanları gördü ha.., pul qazanmaqdan, vəzifə sahibi olmaqdan çox - çox daha ali hsslərin var olduğuna inandı ha...gerisinə gərək yox...Bu duyğu bizə bütün ömrümüz boyunca yetər...!

* * *

Maşındayam. Geri qayıdıram. Ağlımda İlhamənin əməliyyatı var. Tərini silib, “maska”sını çıxarıb bizlərə xoş xəbəri verəcək həkimin siması var...Günay xanımın dizlərini yerə qoyaraq ucadan, amma çox ucadan hayqırması, bağırması var...Hamının bir-birinə sarılı şəkildə sevinc göz yaşlarına boğulması var...
Yan güzgü, üst güzgü, dairəvi şüşələr, yol, keçid, sağım-solum...
Aman Allahım! Hər yerdə İlhamə...
İttiham edir, qınayır, danlayır, tələsdirir bizi

* * *

Həyatda ilk kəs atama söz verdim: Ölməyəcəyi ilə bağlı... Fəqət tutmadım, tuta bilmədim sözümü…
Bir insanınsa iki dəfə söz verib, sözündən qaçma, dönmə “lüksu” olmur...
Ölməyəcəksən!
Bunun üçün dünyanı öz oxundan çıxarıb, durduğu yerindən tərpətməli də olsaq, ölməyəcəksən....
Sən ölməyəcəksən, gözəlim...
Söz ki, sən ölməyəcəksən!!!


Teqlər:





Xəbər lenti