Gültəkin Hacıyevanın əri:“Övladımı görə bilmirəm”

Gültəkin Hacıyevanın əri:“Övladımı görə bilmirəm”
  17 May 2013    Oxunub:1921
“Qoy hamı mələk simasi geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğunu bilsin”.

Bu gün sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirib.

Mahmud Mehdiyev mətbuat konfransı keçirməkdə məqsədinin Gültəkin Hacıyevanın son vaxtlar dövlətə qarşı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında qərəzli çıxışları olduğunu bildirib.

Mehdiyev qeyd edib ki, bu günə qədər Gültəkin Hacıyeva millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələlərin ictimailəşməsini istəməyib:

"Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi, Gültəkin Hacıyeva öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq. Qoy hamı mələk simasi geymiş Hacıyevanın hansı qanunsuz hərəkətlərlə məşğul olduğu, qanunsuz sərvət topladığı, mənim kimi yüzlərlə vətəndaşın hüquqlarının necə pozduğunu bilsin".

Mehdiyev bildirib ki, Gültəkin Hacıyeva ilə toyuna iki həftə qalmış 2003-cü ilin mayında ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən, order əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən G.Hacıyevaya şəhərin mərkəzində, "Bakı Dövlət Sirki"nin yaxınlığında, S.Vurğun küçəsi 92 a ünvanda yerləşən, 12 saylı evdə üçotaqlı mənzil verilib:

"Həmin mənzilin təmirinə və mebelə mənim tərəfimdən valideynlərimin köməyi ilə 50.000 (əlli min) dollar xərc çəkildi. Gültəkin Hacıyeva bildirmişdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxararıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı ikiotaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə, yəni 2004-cü ilin avqustunda biz faktiki boşandıqdan sonra o, nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, bizim başımıza "oyun aşacaq". G.Hacıyeva ilə ayrıldıqdan sonra üçotaqlı mənzilin təmiri ilə əlaqədar yaranmış borcların qaytarılmasından ötrü anam qanunla ona verilmiş mülkiyyət hüququnu həyata keçirərək ikiotaqlı mənzilini satmış və borcları qaytarmışdır. Lakin, maddi sərvət toplamaqdan ötrü heç nəyə məhəl qoymayan, heç bir dəyərlərə qiymət verməyən və millət vəkili statusundan sui-istifadə edən G.Hacıyeva Prezidentin ona verdiyi mənzildən gözü doymayaraq məni hədələdi ki, mən Sizin evə gəlin gəlmişəm və mənə mənzil verməlisiniz".

Mehdiyev deyib ki, birgə yaşadığımız müddətdə pasport qeydiyyatında olmadığı halda o, anamın mülkiyyətində olmuş və sonradan Gültəkin Hacıyevanın təqsirindən borcların ödənilməsi üçün satılmış ikiotaqlı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış hüququnun tanınmasına dair məhkəmədə iddia qaldırmış, statusundan sui-istifadə etməklə Nəsimi Rayon Məhkəməsində qanunsuz qətnamə qəbul etdirilməsinə nail olub:

"Gültəkin Hacıyeva deputat olduğu üçün onun valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciətlərim nəticəsiz qalmışdır. Kirayəyə verilmiş mənzildən əldə edilən gəlir Gültəkin Hacıyeva üçün övladından önəmli olub. Mənə məlum olub ki, o, ulu öndərin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyəti tərəfindən ona verilən üçotaqlı mənzilə köçməyib, yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş və tərəfimdən tam təmir edilmiş mənzili qazanc məqsədi ilə istifadə edərək "Ajkrane LTD" (Salyan şossesi, 84) firmasında işləyən Paul adlı xarici vətəndaşa kirayəyə verib. Xüsusi qeyd etmək istəyirəm ki, Gültəkin Hacıyeva hələ 2005-ci ildə hər ayı 2000 ABŞ dollarına kirayəyə verdiyi mənzildən əldə etdiyi gəlirdən vergi verməyib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan vergini ödəməkdən yayınma cinayət əməlini törədib".(trend)


Teqlər:  





Xəbər lenti