Xidməti maşınlar qaydanı poza bilərmi?

Xidməti maşınlar qaydanı poza bilərmi?
  05 Fevral 2015    Oxunub:17211
Millət vəkili Eldar İbrahimovun parlamentin sonuncu iclasında yol polislərini tənqid etməsi diqqəti bu mövzuya yönəldib.

Deputat yol partul xidməti əməkdaşlarından şikayətlənərək onların millət vəkillərini tanımadığını deyib.

Millət vəkili bildirib ki, DYP əməkdaşları qanuna müvafiq olaraq vətəndaşlar, həmçinin dövlət məmurları və millət vəkilləri ilə davranışlarında diqqətli olmalı, qanunun tələblərinə əməl etməlidirlər:

“Onlar bəzi hallarda vətəndaşla kobud danışırlar. Polis serjantlarını işə götürəndə təbliğat işi aparılmalı, davranış qaydaları öyrədilməlidir. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, “bu kitabçadan hamıda var da”. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana” hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır”.

Ümumiyyətlə, dövlət maşınları yol hərəkəti qaydalarını poza bilərmi? Qaydanı pozan dövlət maşınlarına qarşı hansı təqbirlər görülür?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, kiminsə avtomobilinin seriya nömrəsi “AA”-dır və qaydanı pozan zaman niyə məni saxlayırlar deyirsə, həmin şəxsin Azərbaycan qanunvericiliyindən məlumatı yoxdur. Onun sözlərinə görə, ölkədə heç kəsin başqa birisindən fərqlənməsi üçün qanuni əsası yoxdur:

“ “AA” seriyalı avtomobillərin əksəriyyətini həmin şəxsin özü yox, sürücüsü idarə edə edir. Həmin sürücü də digərlərindən heç nə ilə fərqlənmir. Əgər həmin şəxs qanunu pozub, polisə tabesizlik göstərirsə, həmin sürücünün əlini qandallayıb polis bölməsinə aparmaq olar. Bəziləri avtomobilini idarə etdiyi rəhbərinin adını deməklə məsuliyyətdən boyun qaçırmaq istəyir. Polis həmin hadisə zamanı qanunu düzgün tətbiq etsə, həmin rəhbər şəxsin yanında onun əllərini qandallayıb aparmalıdır. Hər hansı bir dövlət qurumunda çalışan şəxs müdaxilə edib polisi hədələyərsə, həmin şəxsin də məsuliyyətə cəlb olunması üçün mexanizmləri var. Ölkədə heç kəs qanundan üstün ola bilməz”.

Ekspertin sözlərinə görə, müasir dövrdə belə yanaşma düzgün deyil:

“Orta əsrlər deyil ki, bəy at sürsün və qarşısına çıxan hər kəsə də qamçı vursun. Bu çox geridə qalmış bir yanaşmadır. Əksinə ictimailəşəndə ki, belə bir adam qayda pozub, polisə müqavimət göstərib, onun siyasi kariyerasına təsir edən nəticələr çıxır. Əgər Fransada hər hansı bir deputat bu hərəkəti edərsə, o bir də parlamentdə ola bilməz. Məsələyə belə yanaşmaq lazımdır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə AzVision.az-a bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanunlara əməl etməlidir.

Onun sözlərinə görə, qanun qarşısında hamı bərabərdir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti